Ferhad Evi - Wikipedia
Fərhad evi — Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir; birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30 m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fəfhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır.