Fehime Sultan - Wikipedia
Fəhimə Sultan (2 avqust 1875, İstanbul – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır.
Fəhimə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 avqust 1875 |
Doğum yeri | Kadıköy köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 15 sentyabr 1929 (54 yaşında) |
Vəfat yeri | Nitsa, Fransa |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | pianoçu |
Atası | V Murad |
Anası | Meylisərvət Qadınəfəndi |
Həyat yoldaşları |
Əli Qalib Paşa Mahmud Behcət bəy |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Fəhimə Sultanın hələ 1 yaşında ikən başlayan məhbus həyatı 25 il davam etdi. Bu müddət ərzində Çırağan sarayı daxilində mükəmməl təhsil aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Eyni zamanda piano dərsləri də alan Fəhimə Sultan kiçik əsərlər bəstələyirdi. Bahalı geyim tərzi və sənətə marağı səbəbilə Kəpənək Sultan olaraq anılırdı. Evlilik yaşına çatan Fəhimə Sultan saray kalfalarının da məsləhətiylə bacısı Xədicə Sultanla birlikdə əmisi Sultan Əbdülhəmidə evlənmək istədiklərini bildirən bir məktub yolladılar. Sultan Əbdülhəmid isə bir daha Çırağan sarayına qayıtmamaq şərtilə onları evləndirəcəyini bildirdi. Bu isə onların ailələrini bir daha görməməsi demək idi.
Bir müddət sonra ataları Sultan Muradın da icazəsiylə Fəhimə Sultan və bacısı Xədicə Sultan 1901-ci ildə Çırağan sarayından çıxarıldı və Sultan Əbdülhəmidin Yıldız sarayındakı hərəminə gətirildi. Bir müddət burada yaşadıqdan sonra münasib bir ər namizədi axtarıldı. Nəhayət, əmisi Sultan Əbdülhəmid tərəfindən atasının katiblərindən Əli Qalib Paşayla (d. 1871 — ö. 1950) evləndirildi. Toy mərasimi 12 sentyabr 1901-ci ildə Yıldız sarayında baş tutdu və eyni mərasimlə, bacısı Xədicə Sultan Əli Vasif Paşayla, əmisi qızı Əminə Sultan isə Mehmed Şərif Paşayla evləndirildi. Mərasimin ardından Ortaköydəki saraylardan biri təsis edilən cütlük xoşbəxt deyildi. Belə ki, dövrün şeyxülislamı Musa Kazım Əfəndi cütlüyü barışdırmaq istəsə də, Fəhimə Sultanın təkidləriylə 1911-ci ilin əvvəllərində cütlük ayrıldı. Bu evliliyindən övladı olmayan Fəhimə Sultan elə həmin il bir saray məclisində görüb tanış olduğu Mahmud Behcət bəylə nigahlandı.
Ancaq onun bu ikinci evliliyi də xoşbəxt deyildi. Üstəlik Behcət bəy onun ilk əri qədər yaraşığa və yüksək vəzifəyə malik deyildi. Bu nigahında da övladı dünyaya gəlmədi. Əmisi Sultan Vahidəddinin taxta çıxmasının ardından digər Osmanlı sultanları kimi Fəhimə Sultanın da gəlirləri azaldıldı. Bu səbəblə əmisinə qarşı kin bəsləyən Fəhimə Sultan Anadoluda başlayan İstiqlaliyyət hərəkatına gizlicə dəstək verməyə başladı. İstanbulun ingilislər tərəfindən işğal edildiyi dönəmdə, yaşadığı Ortaköy sahilsarayında bir çox ingilis komandirinin şərəfinə ziyafətlər verdi bu sayədə əldə etdiyi gizli məlumatları Anadoluya ötürdü.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Fəhimə Sultan da sürgünə göndərildi. İlk öncə Vyanaya gedən Fəhimə Sultan və ailəsi daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdı. Nitsada əri Behcət bəy əlindəki bütün pulu alaraq bir dükan açdı. Ancaq bütün pulunu alverdə itirdi və bir fransız xanımla tanış olub Fəhimə Sultanı tərk etdi. Sürgündə olduqca çətin vəziyyətə düşən Fəhimə Sultanın çox keçmədən səhhəti pisləşdi. Yatağa düşən Fəhimə Sultan sadiq cariyəsi zənci Müyəssər kalfanın gecələr Nitsa küçələrində dilənərək topladığı qəpik-quruş sayəsində qarnını doydura bilirdi. Ancaq tutulduğu vərəm xəstəliyi səbəbilə 15 sentyabr 1929-cu ildə vəfat etdi və cənazəsi Nitsada kimsəsizlər məzarlığına dəfn olundu. Daha sonralar məzarı qardaşı oğlu Fuad Əfəndi tərəfindən Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığına daşındı.
Mənbə
redaktə- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
- Mourad, Kenizé (1991). Saraydan sürgüne. İsis. p. 6. ISBN 978-9-754-28021-0
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
- Roudometof, Victor (2001). Nationalism, Globalization, and Orthodoxy: The Social Origins of Ethnic Conflict in the Balkans. Greenwood Publishing Group. pp. 86–87. ISBN 978-0-313-31949-5
- Suna Kili'ye armağan: cumhuriyete adanan bir yaşam. Boğaziçi Üniversitesi Yayınları. 1998. p. 333. ISBN 978-9-755-18124-0
- Stanford Jay Shaw (2000). From Empire to Republic: The Turkish War of National Liberation, 1918–1923 : a Documentary Study. Turkish Historical Society. p. 1046. ISBN 978-975-16-1228-1
- Criss, N B (January 1, 1999). Istanbul Under Allied Occupation, 1918–1923. BRILL. p. 120. ISBN 978-9-004-11259-9
- Scarce, Jennifer M. (2003). Women's Costume of the Near and Middle East. Psychology Press. pp. 83–86. ISBN 978-0-700-71560-2