Din Psixologiyasi - Wikipedia
Din psixologiyası — insanlara xas olan dini həyatın müxtəlif aspektlərini araşdıran bir elm sahəsidir. Başqa sözlə, din psixologiyası dinin insan ruhundakı təməl xüsusiyyətləri və davranışında əks olunan təsir halları ilə əlaqədardır. Psixologiya duyğuların, düşüncələrin və davranışların elmi şəkildə araşdırılmasına yönəlmişdir. Din psixologiyası isə dini hisslərin, düşüncələrin və davranışların öyrənilməsinə yönəlmişdir.
Din psixologiyası insanın dini həyatını bütün dərinliyi və genişliyi ilə dərk edib araşdırmaq, mənəvi hadisələrlə əlaqələrini göstərmək istəyir. Din psixologiyası dinin əmr və qadağalarını müzakirə etmir. Din psixologiyası yalnız dinin fərd üzərindəki təsirlərini araşdırır. Bu baxımdan dini hökmləri təsdiq və ya təkzib etmək məqsədi daşımır. Hadisələri elmi metodlarla mühakimədən uzaq bir şəkildə tədqiq edərək tənsif edir. Din psixologiyası normativ bir elm olmayıb, dini etiqad və həqiqətlərdə dəyər vəya mənəviyyat mülahizələrinə yol vermir. Din psixologiyası psixoloji inkişaf və proseslər kontekstində dini ifadə formaları ilə məşğul olur. Din psixologiyasının tədqiqat sahəsi dinin özü deyil, dini həyat tərzi ilə yaşayan fərdlərdir.
Bu elm sahəsi din və tanrı təsəvvürü, tanrıya bağlanma tərzi, dini düşüncə, duyğu, davranış və onlara təsir edən amillər, din və tanrı inancının meydana çıxması, dinin dəyişdirilməsi, dini atributlar, dindarlığın növləri, dini inkişaf, inanc-sağlamlıq əlaqəsi, ədalətli dünya inancı, din-dəyər əlaqəsi kimi mövzuları tədqiq edir.
Tarixi
redaktəİslam alimlərinin tədqiqatları
redaktəİslam alimləri istər dini mənbələrdən istərsə də qədim fəlsəfə və mədəniyyətlərdən faydalanaraq insanın ruhi quruluşu və davranışları mövzusunda bir çox məfhum və anlayışlar inkişaf etdirmişlər. VIII əsrdən etibarən "İlmun-nəfs", "İlmun-nəfs vər-Ruh", "Kitabur-Ruh", 2İlmi-əhvali Ruh" kimi mövzuları əhatə edən tədqiqatlar aparılmışdır.
Haris əl-Muhasibinin ən məşhur əsərlərindən biri olan "ər-Riya" psixoloji təhlilləri özündə cəmləşdirən ən əhatəli əsər hesab edilir. Bu əsərdə ixlas, rəyaset (başçı olmaq eşqi), mübahat (aldanma), tafahur, təhasud (həsəd aparmaq), həya, məsiyət ve riya kimi anlayışlardan bəhs olunmuşdur. Bundan əlavə, əxlaqla əlaqəli "marifəti-nəfs" mövzusunda geniş məlumat verilmişdir. Tədqiq etdiyi mövzuları dərindən və ən incə təfərrüatı ilə araşdıran Muhasibi davranışları xətaratlar ilə əlaqələndirmişdir. Xətaratın mənbəyini nəfs, şeytan və ağıl olaraq ifadə edir. Muhasibi xətaratdan "qəlbləri hər cür xeyir və şərə çağıran dəvətçilər" olaraq bəhs edir.
Kindi, İslam düşüncə tarixində nəfsin mahiyyəti və funksiyalarını, təmizlənmə üsul və metodlarını, ölümündən sonrakı vəziyyəti fəlsəfi şəkildə araşdıran və əsaslandıran ilk filosofdur. "Risaleyi fi'l-hile li-defil-əhzan" adlı kitabında psixoloji sağlamlığın qorunması ilə əlaqədar vacib qiymətləndirmə və tövsiyələrə yer vermişdir. Kindi insanlara xoşbəxtlik diləməyi və özünü bədbəxtlikdən qorumağı tövsiyə edir. Kindiyə görə, arzu olunan və sevilən şeylər insanın təbiətinə uyğun olmalıdır, əldən çıxanlara görə üzülməməli və insanın təbiətinə uyğun olmayan hissi məfhumlar arzu edilməməlidir.
Məhəmməd ibn Zəkəriyə əl-Razi elm öyrənmək üçün bir çox yerləri gəzib, müxtəlif elmi və mədəni mərkəzlərdə ədəbiyyat, tibb, fəlsəfə və astronomiya sahələrinə yiyələnmişdir. İlk dəfə Razi tərəfindən irəli sürülən "ət-Tibbur-ruhani" anlayışı, qəlb narahatlıqlarını və digər xəstəlikləri aşkar edərək müalicə etməyə çalışan eyni zamanda əxlaqi və psixoloji vəziyyətlərdə çıxış yollarını tapmağa çalışan bir nizamdır. Eyni adı daşıyan əsərində olan "Kavram et-Tıbbu'r-Ruhâni la" narahatlıqlardan ölüm qorxusuna qədər bir çox psixoloji anlayış üzərində araşdırmaları qeyd etmişdir. Razi bu əsərində həmçinin ölüm haqqında düşünməməyi və əzab çəkməməyi tövsiyə edir.
İbn Sina, insan psixologiyasına dair müxtəlif tədqiqatlar apararaq və xüsusilə nəfs mövzusuna toxunmuşdur. O, insanı nəfs və vücuddan ibarət bir varlıq olaraq qəbul etmişdir. Bu baxımdan o nəfsi "insanı", "heyvani" və "nəbati" olmaqla üç qrupda təsnif etmişdir. Nəfsin bu növləri arasında xüsusi bir nizam-intizam vardır. İnsanın yetkişkinlik və xoşbəxtlik əldə etməsi üçün aşağı mərtəbəli nəfs özündən üstün olan nəfsə xidmət etməlidir.
Qazzalinin fikirləri və araşdırmaları da din psixologiyası baxımından çox vacibdir. Qəzali qəlb, ruh, nəfs və ağıl məfhumları üzərində durmuş və onlara müxtəlif mənalar istinad etmişdir. O, qəlbi həm bir cisim həm də dərk etmə qabiliyyətinə malik olan ruhani bir varlıq kimi ifadə etnişdir. Ruhu isə çırağın evin bir küncündə yanaraq ətrafı işıqlandırması kimi damarlar vasitəsilə bədənə yayılaraq qoxulamaq, eşitmək, görmək və hiss etmək kimi qabiliyyətlərin təmin edilməsinə bənzətmişdir. Qəzali nəfsi insandakı şəhvət və qəzəb hissləri olaraq ifadə edir. Ağıl hadiəslərin həqiqətini və hikmətini dərk edən bir məfhumdur. Qəzalinin fikrinə görə, iradə və qüdrət görmək və qoxulamaq, qəlb isə eşitmək və toxunmaq qabiliyyətlərini təmin edir.
Qərb elm adamlarının tədqiqatları
redaktəDin psixologiyasının tarixi inkişafını nəzərdən keçirdikdə müstəqil bir elm sahəsi olaraq formalaşması XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf edir. Din psixologiyasının formalaşmasının qabaqcıl tədqiqatçıları arasında Qranvil Stanley Hol (Granville Stanley Hall), Ceyms Henri Luba (James Henry Leuba), Edvin Diller Starbak (Edwin Diller Starbuck), Corc Albert Ko (George Albert Coe), Uilyam Ceyms (William James), Ceyms Biset Prat (James Bissett Pratt) və Vilhelm Vundt (Wilhelm Wundt) kimi şəxslər vardır.
ABŞ-da Uilyam Ceyms (William James), Almaniyada isə Vilhelm Vundt hazırkı din psixologiyasının qurulmasında əhəmiyyətli addımlar atmışlar. Dünyada ilk psixoloji laboratoriyanı quraraq eksperimental (təcrübi) psixoloji tədqiqatları həyata keçirən Vilhelm Vundtun on cildlik "Völkerpsychologie" (Sosial Psixologiya) adlı əsəri din psixologiyasına əhəmiyyətli dərəcədə töhfə verən bölmələrlə zəngindir. V.Vundt bu əsərdə xalq psixologiyasını araşdıraraq dil, mifologiya və adət-ənənələrə diqqət yetirmişdir. Vilhelm Vundtun fikrinə görə, necə dil dini adət-ənənələri olduğu kimi qoruyub saxlayır və hər bir fərd öz şəxsiyyətinə uyğun dindarlığı əldə edirsə eləcə də adət-ənənələr hər bir fərdin dini fəaliyyətinin əsasını təşkil edən dəyər və hörmət edilən xüsusi bir çərçivədə yerləşir. Bu dini adət və ənənələrin çərçivəsidir.
Edvin Diller Starbak (Edwin Diller Starbuck) 1889-cu ildə nəşr olunan "Din psixologiyası" kitabı ilə, müstəqil bir elm olaraq din psixologiyasında ilk kitabın müəllifi kimi tanınır. Ancaq Uilyam Ceyms (William James), erkən elmi araşdırmaların müəllifi olduğu üçün din psixologiyasının banisi olaraq qəbul edilir. Ceymsin (William James) Edinburq Universitetində təşkil olunmuş konfransdakı on çıxışı əsasında tərtib edilmiş "Dini Təcrübənin növləri" adlı əsəri bu sahədə mənbə kimi istifadə olunan ən vacib əsərlərdən birincisidir. Uilyam Ceyms Vilhelm Vundtdan sonra ABŞ-da ən böyük psixoloq hesab olunur.
Uilyam Ceyms (William James) fəlsəfədə də din psixologiyasında olduğu kimi praqmatik yanaşmanı nümayiş etdirmişdir. Dini davranışları fayda baxımdan nəzərdən keçirən Uilyam Ceyms dinin eksiztensial xüsusiyyətindən ziyadə fərdin həyatındakı fadyası üzərində durmuşdur. Məhz bu yanaşma sayəsində o din psixologiyası sahəsində diqqəti cəlb etməyə başlayır. Ceyms dini ibadətləri "fərdi" və "institusional" və ya "ictimai" olmaqla iki yerə ayırmışdır. Dua, zikr, təfəkkür, özünü həsr etmək və s. kimi ibadətlər dinin fərdi sahəsinə daxildir. İbadət yerlərinə aid mərasimlər və təşkilatlar isə dinin institusional növünə daxildir. U.Ceyms din psixologiyası üçün daha vacib olan fərdi din sahəsinə diqqət çəkmişdir. Dini təcrübənin dini fəaliyyətlərin sözlə ifadəsinin mümkünsüzlüyü, ağıl ilə əlaqəsinin olmaması, mistik vəziyyətin uzun müddət davam etməməsi və passivlik kimi dörd əsas xüsusiyyətdən ibarət olduğunu qeyd etmişdir.
Dini psixologiya tarixində başqa bir əhəmiyyətli şəxs Qranvil Stanley Holdur (Granville Stanley Hall). 1892-ci ildə Amerika Psixoloji Dərnəyinin təşkilatçısı və ilk prezidenti oldu. 1917-ci ildə "İsa Məsihi Psixologiya işığında" adlı əsərini nəşr etdi. Q.S.Hol, XIX əsrin ikinci yarısında eksperimental din psixologiyasının yaranmasına və inkişafına rəhbərlik edənlərdən biridir. O, həmçinin sorğu metodundan istifadə edərək din psixologiyasında uğurlu işlərə imza atmışdır.
Qordon Alport, Ceyms ilə eyni fikri qəbul edən önəmli psixoloqlardan birirdir. 1915-ci ildə Q.Alport Harvard Universitetinə daxil olub, burada bakalavr təhsilini bitirdikdən sonra Vyanada Ziqmund Freyd ilə məyusluqla başa çatan bir görüş həyata keçirir. Bu müsahibənin sonunda Z.Freydİn şüuraltı üzərindəki qətiyyətli mövqeyi ilə özünün şüur və şüura aid məfhumlara yanaşması arasındakı fərqi daha yaxşı anladı. Harvardda doktorluq təhsilini "Şəxsiyyətin əlamətlərinə dair təcrübi tədqiqat" adlı dissertasiyası ilə başa vurdu. Şəxsiyyət mövzusu ilə yanaşı Alportun diqqəti yönəltdiyi digər bir mövzu isə dini duyğu və ya hisslərdir. O, burada dinin insan həyatına olan müsbət təsirinə diqqət çəkməyə çalışmışdır. Alport dini duyğuların yetkin bir modelini tövsiyə edir. Onun sözlərinə görə, dini duyğu fərdi mənalı bir şəkildə bütün varlığı ilə əlaqələndirən bir vasitədir. Q.Alport dindarlıq tipologiyası və dini mühakimə kimi mövzularda da əhəmiyyətli tədqiqatlar aparmışdır. Dindarlığın tipologiyalarını fərdin dindən şəxsi maraqları üçün fayda məqsədilə istifadə etməsindən asılı olaraq ekstrovert və introvert olmaqla iki istiqamətə bölmüşdür.
Psixoloqların dinə olan marağı 1920–1960-cı illər arasında azalmağa başladı. Bu dövrdə psixoloqlar həmin dövrdə elmi olan qəbul edilən sahələri tədqiq etmək üçün dinə aid olan mövzulardan uzaqlaşdılar. Funksionalizmin sadələşdirici metodları inanc və ya bilavasitə təcrübə edilib, ölçülə bilməyən məfhumların tədqiqinə eyni zamanda dini-mənəvi məsələləri əhatə edən sahələrə laqeyd yanaşılmasına səbəb oldu.
Bu dövrdə ən çox diqqət çəkən psixoloqlardan biri də Ziqmund Freyd idi. Z.Freyd nevroz olaraq qəbul etdiyi dinin mənbəyini uşaqlıq təcrübələrində yaşanan təcrübələrlə əlaqələndirirdi. O, din bir nevroz olması fikrini "Obsesif davranışlar və Dini təcrübələr" adlı ilk məqaləsində və uşaqlıq təcrübələrinə dair yazmış olduğu psixoanalitik yazılarında qeyd etmişdir. Din və nevroz arasındakı əlaqəyə dair ilk iri həcmli əsəri olan "Totem və Tabo" eləcə də "Bir İllüziyanın Gələcəyi", "Mədəniyyətdəki narahatlıqlar", "Musa və Təktanrıçılıq" kimi əsərlərində bu fikirləri qeyd etmişdir. Bu əsərlərin hər birində Z.Freyd dinə müxtəlif baxımdan tədqiq etsə də, din və nevroz arasındakı əlaqə baxımından eyni mövqedə dayanmışdır. Ziqmund Freydin fikrinə görə, uşaqlar özlərini qorumaq məqsədilə valideynlərinə ehtiyac duyurlar. Uşaq böyüdükdə artıq valideynlərin yerini tanrılar və ya dini ünsürlər tutur.
Z.Freydin müasiri olan Karl Qustav Yunq, digər tədqiqatçılar arasında dinə ən çox diqqət yetirən psixoloq idi. O, öz nəzəriyyə və konsepsiyalarını dəstəkləmək üçün həm Şərq, həm də Qərbin dini ənənələrindən dəlil olaraq istifadə etmişdir. O, dini həyata qeyri-ənənəvi rəğbət şəkildə yanaşmışdır. K.Q.Yunqun 1933-cü ildə çap olunmuş "İnsan Ruhuna yönəliş", 1938-ci ildə "Psixologiya və Din", 1954-cü ildə isə "Əyyuba cavab" adlı çap olunmuş əsərləri və dinin fərdiləşdirilməsi prosesinə dair apardığı tədqiqatlar din psixologiyası sahəsində öz yerini tutmuşdur. "Kollektiv təhtəlşüur"un arxetiplərini araşdıran Yunqun fikrinə görə, əldə etdiyi ən vacib nəticələrdən biri insandakı "təbii dini funksiyadır". Onun sözlərinə görə, insanın zehni sağlamlığı və qətiyyəti bu təbii dini funksiyanın, eləcə də instinktlərin düzgün ifadə edilməsindən asılıdır. Yunq xüsusilə "anima", "animus", "persona", "kölgə" və "mən" arxetiplərindən bəhs etmişdir. Onun sözlərinə görə, təslis inancı batil və təhrif olunmuş məfhumlara əsaslanır. təslis kişiliyə əsaslandırılmış bir xarakterdir və buna görə də anima arxetipi təzyiq altında tutulmuşdur. Lakin həqiqət üçlük deyil dörtlükdür və su, hava, od və torpaqdan ibarətdir. Buna görə də təslisdə qadın və dişiliyi təmsil edən torpaq ünsürü yoxdur. Hindistana və Mərkəzi Afrikaya səyahət edən Yunq xüsusilə Hind zehniyyətinin nümayəndələri ilə ünsiyyət qurmuş və buradan əldə etdiyi məlumatları Avropadakı vəziyyət ilə müqayisə etmişdir.
Abraham Maslau dini təcrübənin fərdi sahəsinə töhfə verən psixoloqlardan biridir. "Dinlər, dəyərlər, kulminasiya təcrübələr" adlı kitabında dinin şəxsiyyət inkişafının ən yüksək səviyyələrində rasionallıq, elm və sosial məqsədlərlə əlaqələndirilir. Abraham Maslau Ziqmund Freyd nevrotik və psixopatik fərdlərə istinad edərək əldə etdiyi bütün yüksək dəyər, duyğu və davranışların insanın təbii deyil, sonradan qazandığı davranışlar olması fikrini tənqid etmişdir. A.Maslaunun fikrinə görə əqli sağlamlıq anlaşılmadığı təqdirdə ruhi xəstəliklərin müalicə edilməsi də mümkün olmayacaqdır. O, psixoloqların həddindən artıq fiziklərin, kimyaçıların və riyaziyyatçıların təsiri altında qaldığını və insanın riyazi yaxud fiziki bir düstura istinad edilə bilməyəcəyini qeyd edirdi. Abraham Maslau həmçinin hər bir insanın özünü dərk etmək kimi bir istəyi və ehtiyyacı olduğu fikrini müdafiə etmişdir. Buna fikrə əsasən insan ehtiyaclarının ən yüksək səviyyəsini təşkil edən bu vəziyyət insanın qabiliyyət və bacarıqlarının aktiv şəkildə istifadəsini və bütün potensialını öz inkişaf üçün ortaya qoymasını tələb edir. Bu baxımdan Maslaunun araşdırmalarının əksəriyyəti özünü gerçəkləşdirmə ehtiyacına həsr olunduğundan tədqiqatların istiqaməti psixoloji cəhətdən sağlam hesab olunan insanlara yönəldilmişdir.
Erix Fromm, dini hadisə və faktlara sosial-psixoloji baxımdan yanaşmışdır. Frommun nevroz və din əlaqəsi haqqındakı görüşü Freyddən tamamilə fərqli idi. E.Fromma görə, dini ibadət ilə nevroz arasındakı əhəmiyyətli bir fərq, insanların ibadət yolu ilə azadlıq və məmnunluq əldə etdiyi halda nevrozun belə bir təminatının olmamasıdır. Fromm dinləri tədqiq edərək "avtoritar" və "humanist din" anlayışlarını ortaya qoymuşdur. Onun sözlərinə görə, avtoritar din və bənzəri kimi dini təcrübələrin əsas xüsusiyyəti insanların görülə bilməyən, əllə tutulmayan və eşidilməyən bir gücə təslim olmasıdır. Bu cür dinlərdə ən böyük fəzilət itaət, ən böyük günah isə itaətsizlik hesab olunur. Bunun əksinə olaraq, humanitar dinlərdə isə əsas olaraq insan və onun qabiliyyətləri nəzərə alınır. İnsanın özü və digər insanlarla olan münasibətlərini anlaya bilməyəsi eyni zamanda kainatdakı yerini dərk etməsi üçün əvvəlcə ağlını inkişaf etdirməlidir. Bu fikrə görə fəzilət itaətdə deyil, özünüinkişafda gizlidir.
İstifadə olunan metodlar
redaktəHər hansı bir elm sahəsinin müstəqil bir elm kimi inkişaf etməsi üçün lazım olan şərtlərdən biri də özünəməxsus metodunun olmasıdır. Metod termini elmi tədqiqatların məntiq çərçivəsi daxilində təsnif edilərək müəyyən bir nəticəyə əsaslanmasını təmin edən üsul və ya yol kimi ifadə olunur. Metod anlayışı "Nəzəriyyə" və "Tədqiqat üsulları" olmaqla iki əsas hissəyə ayrılır.
Nəzəriyyə
redaktəFaktlar arasındakı əlaqələri izah edən konseptual bir sistemdir. Müşahidə olunan fakt və hadisələrə istinadən əldə edilən məlumatlardan faydalanaraq məlum olmayan və ya hələ bilinməyən məfhumları anlamağa və izah etməyə kömək edən zehni və konseptual bir ümumiləşdirmədir. Hər hansı bir tədqiqatda "məlumatların toplanması vasitələrinə verilən cavabların düzgün və səmimi olduğu" ümumiləşdirilməsi də bir hipotezdir. Tədqiqatda müəyyən edilməsi vacib olan iki anlayış fərziyyələr və hipotezlərdir.
- Fərziyyə: Bu, tədqiqat prosesində sübutu vacib olmayan bir təklifdir. Ümumiyyətlə, fərziyyə ilə hipotez anlayışları hər zaman bir-birinə bənzədilir. Hipotezin doğruluğu tədqiqat zamanı yoxlanılaraq qəbul və ya rədd edilir. Fərziyyə isə düzgündürsə tədqiqat həyata keçirilir.
- Hipotez: Tədqiqatçının tədqiqat problemindəki dəyişənlər arasında mövcud olan müəyyən bir əlaqənin olması ilə bağlı ehtimal və mülahizələri ifadə edir. Bir çox hallarda hipotez, tədqiqatçının dəyişənlər arasında mövcud olduğunu düşündüyü münasibətləri əhatə edən intuisiyasıdır. Hipotez tədqiqat sualının cavabını təxmin etməkdir. Bu baxımdan tədqiqatın müəyyən bir sualı nəyin tapılmasını aşkar edə bilər.
Tədqiqat üsulları
redaktə- Müşahidə: Burada tədqiqatçı sistematik şəkildə insanın davranışlarını izləyərək qeyd edir. Daha sonra isə bütün məlumatları təhlil edib, şərh edir.
- Təcrübə: Hər hansı bir ehtimalın təcrübə edilməsi məqsədilə istifadə edilə bilən xüsusi bir müşahidə növüdür.
- Anket və ya sorğu: Respodentin əvvəlcədən təyin edilmiş qaydada və quruluşda yaradılan suallara cavab verərək məlumat əldə edilməsi üsulu kimi ifadə edilir. Telefonla verilən suallar və poçtla paylanan formlar da bu növ sorğu təsnifatına daxil edilmişdir.
- Müsahibə: İki və daha artıq insanın müəyyən bir məqsəd ətrafında apardıqları müzakirədir.
- Fokus qrup müsahibəsi: Fərdi müsahibələrə əlavə olaraq, keyfiyyətli məlumat toplamaqda fokus qrupu müsahibələri də vacib bir funksiyaya malikdir. Fokus qrupu müsahibələri fərdi görüşlər baxımından bəzi fərqlərə malikdir. Burada qrup görüşlərindəki suallara verilən cavablar qrupdakı şəxslərin bir-birilə qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Bu cür müsahibələrin zəngin məlumat toplusu yaratmağa imkan verməsi fokus qrupu müsahibələrinin vacib xüsusiyyətlərindən biridir.
- Sənədlərin təhlili: Buraya araşdırma üçün hədəflənən mövzu və işlər haqqında məlumat olan yazılı materialların təhlili daxildir. Ənənəvi olaraq sənəd təhlili tarixçilər, antropoloqlar və dilçilər tərəfindən istifadə olunan bir metod kimi tanınır.
Dindarlıq
redaktəDünya dinləri arasında bir sıra fərqliliklər olmasına baxmayaraq dindarlığın özünü büruzə verdiyi ümumi sahələrdə əhəmiyyətli oxşarlıqlar olduğu aşkarlanmışdı. Çarlz Ynaq Klak (Charles Young Glock) və Rodney Stark dindarlığın əsas mərhələlərini təşkil edən ümumi sahələri beş kateqoriyaya bölmüşlər: duyğu, inanc, ibadət, bilik və təsir. Dindarlıq mövzusunda aparılan araşdırmalar adətən dindarlığın mərhələləri, modelləri, fiziki və psixoloji sağlamlıq ilə əlaqəsi, maddə aludəçiliyi, şəxsiyyət üzərindəki təsiri, dindarlığ və cinsiyyət eyni zamanda yaşa görə dini həyat tərzi kimi mövzuları əhatə edir.
Dindarlığın mərhələləri
redaktə- İdeoloji mərhələ: Yer üzündəki bütün dinlərin mərkəzində hər hansı bir əqidə dayanır. Həmin əqidə ona inanan insanları ətrafına toplayır.
- Ritual mərhələ: Demək olar ki, hər bir dini ənənə bir sıra təcrübə, fəaliyyət və mərasimlərdən ibarətdir. Dua, ibadət, həcc, qurban, müqəddəs kitabı oxumaq kimi fərqli əməllər mövcuddur.
- Təcrübi mərhələ: Dinin hər bir üzvü inandığı yaradıcını birbaşa öz daxilində hiss edir və ünsiyyət qurur.
- Zehni mərhələ: Hər bir dinin üzvləri öz dinlərinin əsas inancları və dəyərləri haqqında biliklərə sahibdirlər.
- Təsir mərhələsi: Dindarlığın cəmiyyətdə əxlaqi xüsusiyyətlərə malik təsiri vardır. Dini həyat tərzi bu ümumi prinsipləri qorumaq məqsədi daşıyır.
Mənbə
redaktə- Ayten, Ali (2018). Psikoloji ve Din. Psikologların Din ve Tanrı Görüşleri (5 bas.). İstanbul: İz Yayıncılık. ISBN 9789753556118.
- Cirhinlioğlu, Fatma Gül (2014). Din Psikolojisi (2 bas.). İstanbul: Nobel Yayın Dağıtım. ISBN 9786051339573.
- Hökelekli, Hayati (2012). Din Psikolojisine Giriş (2 bas.). İstanbul: Dem Yayınları. ISBN 9786054036219.
- Gorsuch, Richard; Hunsberger, Bruce; Hood, Ralph W.; Spilka, Bernard (1985). The Psychology of Religion: An Empirical Approach (İngilizce) (3 bas.). New York: The Guildford Press.
- Pargament, Kenneth (2001). The Psychology Religion and Coping: Theory, Research and Practice (İngilizce). New York: The Guilford Press. ISBN 9781572306646.