Cavad Bey Melikyeqanov - Wikipedia
Cavad bəy Məlikyeqanov (az.-əski. جواد بگ ملک-ییگانوف; 1878, Tuğ, Şuşa qəzası – 9 dekabr 1937, Medvejyeqorsk[d], Kareliya MSSR) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı, repressiya qurbanı. Dizaq mahalı məlikləri Məlikyeqanovların nəslindəndir.
Cavad bəy Məlik-Yeqanov | |
---|---|
avqust 1919 – aprel 1920 | |
7 dekabr 1918 – 3 aprel 1919 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1918 – 7 dekabr 1918 | |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1937 |
Vəfat yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə Müsavat Partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur.
Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədəki xidmətlərindən, 1918-ci il Mart soyqırımında verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilşisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi:
"Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."
Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T. Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında Müsavat Partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir.
Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəsisi, 1927–28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N. Nərimanov adına bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli Müsavat Partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktubalrında yazırdı: "…Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm."
Rza bəy Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.
Cavad bəy Cümhuriyyətin fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar".
1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasətini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, "göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər".
İstinadlar
redaktəXarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri:Cavad bəy Məlikyeqanov (1878-1942)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Fəhləlikdən general-qubernatorluğa, nazirliyə, sürgünə, güllələnməyə gedən yol — ARAŞDIRMA Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine