Birlesmis Ereb Emirlikleri Iqtisadiyyati - Wikipedia
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı.
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı | |
---|---|
| |
Statistika | |
ÜDM | 382.575.085.091,9 $[1] |
Adambaşına düşən ÜDM | 40.698 $[2] |
İnflyasiya (İQİ) | 1,8 ± 0,1 %[3] |
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Tarixi
redaktəİkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər. Ölkə, tikintisi böyük vəsait tələb edən iri infrastruktur sahələrini və sənaye müəssisələrinin çoxunu "neft hayküyü" dövründə yarada bilmişdir. 1970-ci illərin "neft dollarları yağışı" dövründə neft çıxaran digər ölkələrdən fərqli olaraq əmirliklərdə lazımsız, lakin "nüfuzlu" obyektlərin, yəni "neft erasının piramidası" kimi obyektlərin tikintisinə vəsait ayrılmamışdır. Burada başlıca olaraq "XXI əsrə sıçrayış" üçün start meydançasına çevrilə bilən əsaslı və uzunmüddətli müəssisələrin tikintisinə kapital qoyulmuşdur. Neft-qaz və onunla əlaqədar olan neft-kimya sənaye sahələrinin inkişafına əsaslanan BƏƏ qısa müddətdə ölkə iqtisadiyyatının təməlini qomuşdur. Ən müasir texnika və avadanlıqla təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, alüminium, sement zavodları, təbii şəkildə və neftlə yanaşı çıxarılan qazların mayeləşdirilməsi üzrə müəssisələr, su təmizləyici qurğular, elektrik stansiyaları, polad əridən zavodlar, mineral gübrə, yuyucu maddələr və s. istehsal edən müəssisələr tikilmiş və istifadəyə verilmişdir. Yüngül və yeyinti sənaye sahələri də sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları, heyvandarlıq fermaları yaradılmış, geniş avtomobil magistralları salınmış, dəniz və hava limanları tikilmişdir. BƏƏ-nin milli iqtisadiyyatının özünəməxsus səciyyəvi xüsusiyyəti vardır. Bu xüsusiyyət inkişaf etməkdə olan, xüsusilə neft və digər xammal ixrac edən ölkələr üçün xarakterikdir. Ümumdaxili məhsulun strukturunda 51 faiz sənayenin, 45 faiz xidmət sahələrinin, 4 faiz isə kənd təsərrüfatının payına düşür.
Sənayenin aparıcı sahələri
redaktəBƏƏ-nin təsərrüfatında milli gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici şirkətlər məşğul olur. Onların fəaliyyətinə əmirliklərin dövlət şirkətləri nəzarət edir. Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-ci ilin məlumatlarına əsasən təqribən 12,95 mlrd. ton və ya dünya neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədə neft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin əvvəllərinə qədər kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65–70 mln. ton neft çıxarılır. Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın (20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir. Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir. Çıxarılan neftin dünya bazarı tələbatından artıq olmaması məqsədi ilə OPEK neft hasil edən hər bir ölkə üçün norma (kvota) müəyyənləşdirir. Abu-Dabi, Dubay və digər əmirliklərdə neftlə yanaşı təbii qazda çıxarılır (ehtiyatı 5,3 trln. kub.m). Neft-qaz və onunla bağlı olan neft-kimya sənayesinin inkişafı ilə əlaqədar əmirliklərdə iri və müasir texniki tələbatlara cavab verən müəssisələr istifadəyə verilmişdir. Məsələn, Abu-Dabi əmirliyinin Umm-əl-Nar adasında neftemalı zavodu, Das adasında mayeləşdirilmiş qaz istehsal edən kompleks tikilmişdir. Dubay və Şərca əmirliklərində də müvafiq olaraq neftemalı və mayeləşdirilmiş qaz istehsal edən müəssisələr yaradılmışdır. Ölkənin digər şəhərlərində də neft və qaz ilə əlaqədar müxtəlif sənaye sahələri fəaliyyət göstərir. Ölkədə əmək qabiliyyəti olan adamların təqribən 50 faizi neftqaz sektorunda və ya həmin sektora xidmət sahələrində çalışır. Dubay əmirliyindəki alüminium zavodu (illik istehsal gücü 600 min ton) istehsal etdiyi məhsulun, demək olar ki, hamısını Yaponiyaya və digər ölkələrə ixrac edir. 2005-ci ildə ölkədə fəaliyyət göstərən 10 sement zavodu (Abu-Dabi, Dubay, əl-Ayn, Rəs əl-Heymə və digər şəhərlərdə) birlikdə 7 mln. ton məhsul istehsal etmişdir. Onun 4 mln. tonu ölkənin tələbatına, qalanı isə Küveytin İraq ilə münaqişəsi zamanı dağılmış binalarının, infrastruktur obyektlərinin və müəssisələrinin bərpası üçün sərf edilmişdir. Ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyalarında hər il təqribən 20–21 mlrd. saat elektrik enerjisi istehsal edilir. Bu da ölkənin tələbatını tam ödəyir. Ölkədə dövlət bölməsinə məxsus istehsal ilə yanaşı xüsusi bölməyə aid olan milli sənaye sahələri (sement, yeyinti, toxuculuq, kağız-selliloz və s.) də inkişaf etdirilir. Yeyinti sənayesində başlıca yeri sərinləşdirici içkilər, balıq konservi, un istehsalı tutur. Kustar sənətkarlıq, əsas etibarilə xalçaçılıq, yun parça toxuculuğu, zərgərlik və gümüş üzərində döymə (naxışsalma) inkişaf etmişdir. Ölkədə iki iri sənaye bölgəsi: Rusvaye (Abu-Dabidə) və CəbəlƏli (Dubayda) formalaşmışdır. 1985-ci ildə Dubayın 35 km-dəki, Cəbəl-Əli bölgəsində sahəsi 100 km² olan "Azad iqtisadi zona" yaradılmışdır. Bu bölgədə 180-dən artıq orta və kiçik müəssisə vardır. Bunların da əksəriyyəti xüsusi bölməyə (ABŞ, Yaponiya) məxsusdur. Cəbəl-Əli bölgəsində yüngül sənaye müəssisələri (toxuculuq və tikiş) üstünlük təşkil edir. Cəbəl-Əli liamının müasir səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının ucuzluğu, fəhlə qüvvəsinin bolluğu "Azad iqtisadi zonanın" əsas üstünlüyüdür. Cəbəl-Əli "Azad İqtisadi zonasının" (AİZ) ixtisaslaşmasında ticarət-kommersiya əməliyyatları (74 faiz), sənaye (22 faiz) və xidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa müddətdə əldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu göstəriciyə görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur.
Kənd təsərrüfatı
redaktəÖlkədə ekstremal təbii şərait, ilk növbədə su ehtiyatları cəhətdən kasadlıq əkinçilik və heyvandarlığın inkişafını uzun müddət ləngitmişdir. Son illər şəhərlərə sürətli axın ilə əlaqədar kənd təsərrüfatı bölgələrində əhali olduqca seyrəlmişdir. 1980-ci illərin əvvəllərindən etibarən dövlət tərəfindən aparılan tədbirlər sayəsində kənd təsərrüfatında yararlı torpaq sahələri və ərzaq məhsulları istehsalı getdikcə artır. Ölkədə becərilən torpaqların sahəsi 1980-ci ildə 4,3 min hektardan XXI əsrin əvvəllərində 40 min hektara qədər artırılmışdır. Kənd təsərrüfatına zəruri olan təbii su mənbələrinin olmaması ilə əlaqədar, ölkədə tikilmiş 22 sutəmizləyici qurğunun çoxu əkin sahələrinin suvarılmasına xidmət edir. Dövlət, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün fermerlərə pulsuz torpaq sahəsi ilə yanaşı təsərrüfata lazım olan bütün texnikanı, gübrələri və s. verir. Hətta ilk vaxtlar təsərrüfatın təşkili üçün fermerlərin iki köməkçisinin ikiillik əmək haqqının ödənilməsini də öz üzərinə götürür. Ölkədə əsasən yüksək dərəcədə avtomatlaşdırılmış broyler, süni iqlim yarada bilən mexaniki qurğularla təchiz edilmiş südçülük təsərrüfatı və istixanalarda tərəvəzçiliklə məşğul olan təsərrüfatların inkişafına daha çox fikir verilir. Şərca, Rəs əl-Heymə və Umm əl-Qayveyndə vahə əkinçiliyi mövcuddur. Abu-Dabinin Büreym vahəsi kənd təsərrüfatının inkişafı üçün olduqca əlverişlidir. Son illər yeraltı sulardan istifadə etməklə burada kənd təsərrüfatı məhsulları istehsalı bir neçə dəfə artırılmışdır. Bu vahədə taxılçılıq və heyvandarlıq ilə yanaşı xurma plantasiyalarının, üzüm, sitrus meyvələri və tərəvəz əkini sahələri xeyli genişləndirilmişdir. Vahədə yetişdirilən çiyələk Avropa bazarlarında müvəffəqiyyətlə satılır. Füceyrə və Şərca əmirliklərində ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı yüksək keyfiyyətli tütün də becərilir. Son zamanlar gülçülüyə diqqət artırılır. Ölkədə getdikcə iri təsərrüfatlar formalaşır. BƏƏ-nin dağlıq ərazilərində qoyun-keçi, Rəs əl-Heymədə qara-mal saxlanılır. Sahil bölgələrdə isə balıq və mirvari ovlanılır. Kənd təsərrüfatı məhsullarının ümumi illik yığımı 900 min t. çatmışdır. Onun 500 min t. tərəvəz (pomidor, soğan, gül kələm, şirin kartof, badımcan, xiyar və s.). 400 min t. isə meyvə təşkil edir. İldə orta hesabla 50 min t. çox ət, süd və quş əti istehsal edilir, 70 min t. artıq balıq ovlanır. BƏƏ-nin kənd təsərrüfatı əhalinin tərəvəzə olan tələbatını tam təmin edir. Taxıl və ət məhsullarına olan tələbatın isə hələ ki böyük hissəsi idxal hesabına ödənilir. Ölkə həqiqətən "neft hay-küyü" dövründə bağ-bağçaya çevrilmişdir. Burada ağac əkini hər hansı bir Avropa ölkəsində olduğundan çoxdur. İndi, demək olar ki, elə bir meyvə və tərəvəz yoxdur ki, BƏƏ-də yetişdirilməsin. Müstəqillik əldə olunduqdan sonra əmirliklərdə 150 mln. ağac və 30 mln. xurma palması əkilmişdir.
Turizm
redaktəTurizm son illərdə ölkə iqtisadiyyatın mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Əmirliklərdə turistlərə xidmət göstərən 300-dən artıq (o cümlədən yüksək səviyyəli) otel fəaliyyət göstərir. Ölkəyə hər il 3 mln. nəfərdən artıq turist gəlir. Xarici turizmdən 2,2 mlrd. ABŞ dolları gəlir əldə edilmişdir (2005). Turizmin işgüzar və digər növləri inkişaf etdirilir.
Nəqliyyat
redaktə1960-cı illərin axırlarına qədər BƏƏ-də yeganə rabitə vasitəsi kabotaj gəmiçiliyi (bir ölkənin limanları arasında daşınan yüklər) və qoşqu nəqliyyatı idi. Başqa sahələrdə olduğu kimi "neft hay-küyü" dövründə bu sahədə də əsaslı dəyişikliklər edilmişdir. Xüsusilə xaricə yük daşınmasında başlıca rol oynayan dəniz nəqliyyatı sürətlə inkişaf etdirilmişdir. 2005-ci ildə əmirliklərin ticarət donanmasında irilixırdalı 60-a qədər gəmi olsa da yüklərin əsas hissəsi xarici gəmilərlə daşınır. Ölkənin keçmiş balıqçı məntəqələrində yeni limanlar tikilmiş, köhnə limanlarda isə yenidənqurma işləri aparılmışdır. Ölkənin ən iri portları Abu-Dabi, Min ər-Rəşid və CəbəlƏlidir. Bu portların inkişafına və təkmilləşdirilməsinə, yükləməboşaltma avadanlıqlarının alınmasına 100 minlərlə vəsait sərf edilir. Min ər-Rəşid və Cəbəl-Əli portlarının həm də tranzit əhəmiyyəti vardır. Körpülərin sayına görə (102) hər ikisi dünyanın ən iri portları sırasına daxildir. Bu portlar dünyanın 120-dən artıq ölkəsi ilə müntəzəm gəmi yolu xəttinə malikdir. 2005-ci ildə Min ər-Rəşid və Cəbəl-Əli portları birlikdə təqribən 5,5 min gəmi qəbul etmişdi. Ölkədə birinci yer tutan Min ər-Rəşid portunun yük dövriyyəsi ildə 15 mln. tonu ötüb keçmişdir. Dubayda iri tankerlərin təmiri müəssisəsi fəaliyyət göstərir. Ölkədə neft və qaz yataqlarını portlarla, neftemalı və mayeləşdirilmiş təbii qaz istehsal edən müəssisələrlə və həmin müəssisələri şəhərlərlə birləşdirən ümumi uzunluğu 2000 km-dən artıq olan onlarca boru kəmərləri çəkilmişdir. Daxili yük daşınmasında avtomabil nəqliyyatının rolu getdikcə artır. Federasiyanın tərkibinə daxil olan əmirliklərin paytaxt şəhərləri bir-birilə yüksək keyfiyyətli avtomobil magistralları ilə birləşdirilmişdir. Avtomobil yollarını ümumi uzunluğu 500 min kmdən artıqdır. Ölkədə dəmir yolu yoxdur. BƏƏ-də beynəlxalq əhəmiyyətli bir neçə hava limanı vardır. Abu-Dabi, Dubay və Şərcanın hava limanları ildə təxminən bir neçə mln. sərnişinə xidmət edir. Yerli əhəmiyyətli təyyarə meydanları əsasən İngiltərəyə məxsus olan keçmiş hərbi hava bazalarında yaradılmışdır. Əmirliklər hava nəqliyyatı vasitəsilə qonşu Ərəb ölkələri, həmçinin London, Beyrut, Tehran, Bakı, Moskva, Qahirə və digər şəhərlərlə müntəzəm əlaqə saxlayırlar.
Xarici ticarət
redaktəBƏƏ-nin başlıca ixracat məhsulları neft və ya mayeləşdirilmiş qaz, alüminium, sement, gübrə, xurma, mirvari və tütündür. İdxalatının əksər hissəsini maşın və avadanlıq, nəqliyyat vasitələri, yarımfabrikatlar, tikinti materialları, həm də əhali arasında geniş istehlak xarakteri daşıyan sənaye və ərzaq məhsulları təşkil edir. Ölkənin ticarətində, xüsusilə geri ixracın əhəmiyyəti böyükdür. Geri ixracın 75 faizi Səudiyyə Ərəbistanı, Qətər, Ürdün və Bəhreynə istiqamətləndirilir. Bu ölkələrə başlıca olaraq minik və yük avtomobilləri, tütün məmulatları, qaz turbinləri, qaldırıcı və yükləmə-boşaltma mexanizmləri daşınır. Əmirliklərin xarici ticarətinin 45 faizi neft və neft məhsullarının payına düşür. Ölkənin ixrac etdiyi məmulatların dəyəri 1993-cü ildəki, 23,6 mlrd. ABŞ dollarından 2005-ci ildə təqribən 60,0 mlrd. dollara qədər artmışdır. İxracatda Yaponiya (29.1 faiz), Koreya Respublikası (14,2 faiz), Hindistan (5,4 faiz), Oman (3,7 faiz), İran (2,2 faiz) kimi ölkələr üstünlük təşkil edir. İxrac olunan məmulatların dəyəri artdığı kimi idxal olunan məmulatların da dəyəri artır. Məsələn, 1999-cu ildə idxalatın dəyəri 27,5 mlrd. olduğu halda, 2004-cü ildə bu rəqəm 33,1 mlrd. dollara çatmışdır. Ölkənin idxal-ixrac əməliyyatlarında ABŞ (6,9 faiz), Almaniya (6,7 faiz), Yaponiya (6,5 faiz), Fransa (6,3 faiz), Çin (6,1 faiz), Böyük Britaniya (5,9 faiz), Koreya Respublikası (5,5 faiz) ilə əməkdaşlıq daha sıxdır. BƏƏ-nin dünya ölkələri ilə iqtisadi əlaqələrinin mühüm forması xarici ölkələrə böyük miqdarda kapital qoyuluşudur. Bütün bunlar da ölkəyə gəlir gətirir. Bununla yanaşı 1971-ci ildə Abu- Dabidə yaradılmış Ərəb İqtisadi İnkişaf fondu adlanan təşkilatda BƏƏ fəal iştirak edir. Bu fonddan Asiya və Afrikanın müxtəlif ölkələrinə göstərilən köməkliklər bir neçə mlrd. dolları ötüb keçmişdir. Ölkənin pul vahidi federal dirhəmdir.
Maliyyə sistemi
redaktəFederasiyanın yaranmasına qədər onun tərkibinə daxil olan Əmirliklərin maliyyə sistemi müəyyənləşdirilməmişdi. Əmirliklərin xəzinəsinin o vaxtkı mədaxilini əhalidən yığılan vergi, töycü, gömrük haqqı, nadir hallarda isə Böyük Britaniya hökuməti tərəfindən verilən vəsait təşkil edirdi. Bu vəsaiti isə əmirliklərin hakimləri istədikləri kimi xərcləyirdilər. Keçmiş Müqaviləli Oman şeyxlərinin milli valyutaları yox idi. Burada pul vahidi kimi hind rupisindən istfadə olunurdu. Kağız pullar da Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün xüsusi buraxılışını sübut edən nişanə qoyulurdu. Pul dövriyyəsində Səudiyyə rialı, İraq rialı, ingilis funt sterlinqi, ABŞ dolları və s.-dən istifadə edirdilər. 1959-cu ildə Hindistanın milli Bankında Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün "Qalf rupi" xüsusi pul vahidi buraxılmışdır. 1969-cu ildə hind rupisinin və onun ardınca "Qalf rupinin" devalvasiyası ilə əlaqədar Müqaviləli Omanın şeyxləri bu valyutadan imtina etmişdi və "Qalf rupi" Səudiyyə Ərəbistanı rialı ilə əvəz olundu. Təqribən 2 ildən sonra aydın oldu ki, bu valyutadan istifadə edilməsi Əmirliklərdə Səudiyyə Ərəbistanının mövqeyini gücləndirir. Elə buna görə də ingilis müdiriyyətinin təkidi ilə Səudiyyə rialı dövriyyədən yığıldı və yeni pul vahidinə keçildi. Yeni pul vahidi Qətər və Dubay rialı adlanırdı. Adından göründüyü kimi bu pul, həm Qətər rialından fərqlənirdi, həm də o vaxtlar Müqaviləli Oman şeyxləri arasında Dubayın ticarət – maliyyə mərkəzi kimi rolunun yüksək olduğunu göstərirdi. Müqaviləli Omanın tərkibinə daxil olan əmirliklərin bütün maliyyə sisteminə əvvəllər olduğu kimi "Britiş of Midl İst" şirkəti rəhbərlik edirdi. 1971-ci ildə federasiyanın yaradılmasından sonra əmirliklər ümumi pul vahidinin qəbul edilməsi barədə razılığa gəlmişlər. Dirhəm federasiyanın yeni pul vahididir. O, 1973-cü ilin 18 mayında dövriyyəyə buraxılmışdır. Neftdən əldə edilən gəlirlərin getdikcə artması, milli iqtisadiyyatın inkişafı, yerli əhalinin gəlirinin, həm də daxili yük dövriyyəsinin və xidmət sahələrinin genişlənməsi ilə əlaqədar ölkədə pul kütləsi getdikcə çoxalır. Ölkə daxilində kağız pul kütləsi nə qədər çoxalsa da, eyni zamanda BƏƏ-nin milli bankının hesabında olan xarici valyuta və qızılın artması dirhəmin alıcılıq qabiliyyətinin sabit saxlanılmasına imkan verir. Federasiyada ən iri banklar Dubay əmirliyindədir. Onun federasiyada iri maliyyə mərkəzinə çevrilməsi heç də təsadüfi deyildir. Bu əmirlik 10 illərlə keçmiş Müqaviləli Omanda ticarət, ticarətnəqliyyat və maliyyə mərkəzi olmuşdur. Əmirliyin maliyyə fəaliyyəti "neft çiçəklənməsi" dövründə daha da güclənmişdir. Abu-Dabinin digər əmirliklərə nisbətən "neft dollarlarına" daha tez nail olmasına baxmayaraq, burada maliyyə fəaliyyəti ləng getmişdir. 1980-ci ildə Abu-Dabi və Dubay əmirləri neftdən əldə etdikləri gəlirin 50 faizini federal büdcəyə keçirəcəkləri barədə öz aralarında müqavilə imzalamışlar. Bu addım, federasiya iqtisadi inteqrasiyanın güclənməsi üçün Dubayın siyasətində əsaslı dəyişiklik idi. Bununla da federasiyanın 2 ən iri əmirliyi arasında uzun müddət davam edən başlıca ziddiyyət aradan qaldırılmış oldu. Hazırda ölkənin ümumi xərclərinin 1/4 federal büdcədən keçir. Federal büdcə gəlirinin 85 faizini ölkədə başlıca mövqe tutan və federasiya əhalisinin yarıdan çoxu cəmləşən Abu-Dabi və Dubay əmirliklərinin payına düşür. Federal büdcənin yarıya qədəri cari xərclərə və sosial-iqtisadi inkişafa sərf edilir. Büdcənin hər il 20 faizə qədəri ölkənin müdafiə əhəmiyyəti daşıyan silahlı və hərbi polis qüvvəllərinin ehtiyacları üçün xərclənir. Müstəqillik əldə etdikdən sonra nisbətən iri əmirliklərin bir neçə il federal ordu ilə yanaşı xüsusi orduları mövcud olmuşdur. Həmin ordularda xidmət edən hərbi qulluqçuların geyimformaları da müxtəlif idi. Federasiyanın bütün sahələrdə, o cümlədən hərbi sahədə də inteqrasiyanın güclənməsi ilə əlaqədar 1976-cı ildə əmirliklərin silahlı qüvvəlləri (quru, hərbi hava və hərbi dəniz) vahid orduda birləşmişdir. Hərbi xərclərin böyük bir hissəsi silah, hərbi texnika alınmasına, müdafiə və təhlükəsizlik qüvvəllərinin təşkilinə sərf edilir. Qərb ölkələrindən alınan silahlar hesabına, ölkə özünün müasir hərbi texnika ilə təchiz olunmuş silahlı qüvvəllərini yarada bilmişdir.