Beynelxalq Humanitar Huquq - Wikipedia
Beynəlxalq humanitar hüquq — silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların və prinsiplərin sistemidir.
"Beynəlxalq humanitar hüquq" termini Jan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikona daxil edilmişdir, nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adətləri və s.
Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, artıq başlamış müharibəni — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq — müəyyən normativ çərçivəyə salmağa çalışır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Tətbiq sahəsi
redaktəBeynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarının 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi isə beynəlxalq müharibələrə həsr olunmuşdur. Beynəlxalq silahlı münaqişə, — müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, — iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.
Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir:
“Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu konvensiya iki və ya daha artıq Yüksək Razılığa gələn Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, — tətbiq olunur. Konvensiya habelə Yüksək Razılığa gələn Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda, — bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə, — tətbiq olunur”. |
Bundan əlavə, beynəlxalq humanitar hüquq qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə şamil edilir. Bu, Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə göstərilmişdir. Cenevrə Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir:
- bir dövlətin ərazisində baş verir;
- həmin dövlətin silahlı qüvvələri ilə müxtəlif silahlı qüvvələr və ya digər mütəşəkkil silahlanmış qruplar arasında olur;
- hökumət əleyhinə olan qüvvələr məsul komandanlıq altında olmaqla, dövlətin ərazisinin bir hissəsi üzərində elə nəzarət həyata keçirirlər ki, bu, onlara fasiləsiz və razılaşdırılmış hərbi əməliyyatlar aparmağa və müvafiq beynəlxalq humanitar hüquq normalarını tətbiq etməyə imkan verir.
Prinsipləri
redaktəBeynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplər aşağıdakılardır:
- silahlı münaqişələrin humanistləşdirilməsi; bu, əslində beynəlxalq humanitar hüququn başlıca prinsipidir.
- döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;
- müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi;
- mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;
- hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;
- düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi;
- neytral dövlətlərin mənafelərinin qorunması.
Ədəbiyyat
redaktə- Hüseynov L. H. Beynəlxalq hüquq. dərslik. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2002, 420 səh.