Axirinci Asirim Film 1971 - Wikipedia
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov[1][2] tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir.
Axırıncı aşırım | |
---|---|
Axırıncı aşırım | |
Janr |
dram döyüş macəra |
Rejissor | Kamil Rüstəmbəyov |
Əsərin müəllifi | Fərman Kərimzadə |
Ssenari müəllifi | Fərman Kərimzadə |
Baş rollarda |
Həsən Məmmədov Adil İsgəndərov Məlik Dadaşov Hamlet Xanızadə Həsənağa Turabov Şəmsi Bədəlbəyli Tamilla Rüstəmova Şahmar Ələkbərov Əbdül Mahmudov Sadıq Hüseynov |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 18 iyul 1971 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1971 |
Texniki məlumatlar |
9 hissə 2422 metr genişekranlı |
Rəng | ağ-qara |
IMDb | ID4263860 |
Məzmun
redaktəKino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.[3]
Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.[4]
Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Xəlil (Həsənağa Turabov) və Talıbovla (Hamlet Xanızadə) birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir.[4]
Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır.[4]
Abbasqulu bəyin gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin (Elxan Qasımov) gəlişindən sonra Abbasqulu bəyin əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir. Qonaqlar getdikdən sonra guya Nikolayın top gülləsi ilə Kərbəla ziyarətgahından düşən üç kərpicin kafir toxunuşu səbəbindən yenidən yerinə hörülə bilməməsinə Fazil Salayevin oynadığı avam Rəşidin: «Qurban olum belə hökumətə ki, Kərbəlanın heyfini Nikolay köpək oğlundan yaman ala bildi» deməsi ilə yaranan gülüşü Kərbəlayı İsmayılın susdurması yaranan komizmi həmən durdurmaqla janr təyinatını qoruyur.[4]
Həbs olunan İmandan azad olunmaq müqabilində kolxozun möhürünü, ştampını gətirib təhvil verməsini istəyən Kərbəlayının: «Şura hökumətinin topu var, topxanası var» cavabından hiddətlənməsi Qəmlonun bir şapalaqla yerə sərdiyi sədrin köməksizliyi gözönü ziddiyyəti artırır. Bolşeviklərə müqavimət göstərməkdən imtina edən ikinci dustağın – Bəylərin (Əbdül Mahmudov) də, döyülməsindən sonra Kərbəlayının: «Sabah mən kənddən çıxandan sonra ikisini də o söz» deyib əlini boğazına çəkməklə tutulanların ölümünə qərar verməsi xeyir-şər qarşıdurmasında kimin kim olduğunu təsdiqləyir.[4]
Yolüstü qonaq olduğu Səməddən (Sadıq Hüseynov) Qəmlonun törətdiyi cinayətlərin təfərrüatlarını öyrənərək Kərbəlayını görmədən geri qayıtmayacağını bildirən Abbasqulu bəy əhalini qırğından yayındırmaq məqsədini bəyan edir. Gecə yarı Səmədin evində İmanın arvadını axtaran Qəmlonun gözlənilmədən rast gəldiyi Abbasqulu bəyin: «Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur» tənələrindən sonra psixoloji qarşıdurmaya davam gətirməyib geriyə dönməsi şərin ifşasının təcəssümünə çevrilir. Səmədin evindən İmanın arvadını da özləri ilə götürüb qonşu kənddə Xəlilin qaynı Şirəligildə (Mirzəbala Məlikov) gizlətməyi qərarlaşdıran üçlüyün kənd sovetinin möhürü ilə İmanın partiya biletinin etibarlı yerdə gizlədilməsini tapşırması siyasi motivi qabardır. Qəbiristanlıqda Kərbəlayinin vəhşi düşmənçiliyinin qurbanı olan oğlu Yədullanın türbəsini ziyarət edərkən mərhumun meyitinin alınmasında Abbasqulu bəyin yardımının üzə çıxması, burada Qəmlodan gizlənən Xudayarın qardaşının (Tariyel Qasımov) Kərbəlayının Kolannıda, karvansarada olduğunu bildirməsi nümayəndə heyətini məqsədə yönəldir.[4]
Qonaqların qarşısına çıxan Qəmlonun: «Kimi istəyirsiz» sualına: «Evin kişisini soruşarlar!» cavabını verən Abbasqulu ağaya Kərbəlayının adından: «O sizi görmək istəmir» deyilsə də, nəhayət ki, iki bəyin dialoqunda zadəganlıq elementləri önə keçir. Kərbəlayi ilə Abbasqulu bəyin söhbətini pusan Qəmlonun cavanlara çəmkirməsi, həyətdə at belində gözləyən Xəlillə, Talıbovu güllələmək istəməsi, darvazaları bağlatdırması gərginliyi artırır. Nahaq qan tökülməsini istəməyən Abbasqulu bəyin bərabərçiliyə çağırdığı Kərbəlayinin əlini qaldıraraq: «Beş barmağın beşi də bir ola bilməz!» deməsi dialektikaya söykənir. Abbasqulu bəyin: «Topxanan yox, cəbbəxanan yox!» xitabına təmkinlə: «Namusumuz, qeyrətimiz var!» cavabını verən Kərbəlayi milli mentalitetinə söykəndiyi xalqın mənəvi gücünü önə çəkir. Qadınların dul, uşaqların yetim qalacağına diqqət çəkən Abbasqulu bəy isə dövrün reallığının daşıyıcısına çevrilir. Üç gündən sonra qayıdacağını söyləyib gedən Abbasqulu bəyin arxasınca eyvana çıxıb, özünə əziyyət verib geriyə qayıtmamağı məsləhət görən Kərbəlayi qarşıdurmanı qızışdırır. Atlanaraq başçının dəstəsi ilə Abbasqulu bəygilin ardınca çapan Qəmlonun dəstəsi ilə qayalıqda baş verən atışma nəticəsində həlak olan Xəlilin doğulacaq uşağın adını qoymağı Abbasqulu bəydən xahiş etməsi gələcəyə inamı səciyyələndirir. Talıbovun ölümündən sonra yaralanıb can verən Abbasqulu bəyi güllələyən Qəmlonun, mərkəzin diktəsi ilə Kərbəlayının deyil, Xudayarın qardaşı tərəfindən məhv edilməsi finala tam uyuşmasa da, az qurban hesabına əhalinin qırğından xilası sosializmin bərqərar olması ilə bağlı təbliği ideyanı təsdiqləyir. Abbasqulu bəyi rəiyyətdən alıb layiqincə dəfn etmək istəyən Kərbəlayinin meydanda tək qalması milli ideyanın iflasını göstərir.[4]
Film haqqında
redaktə- Film yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında ekranlaşdırılmışdır.[3]
- Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.
- Filmin adı Qarlı aşırım olmalı idi. Bədii Şurada müzakirə zamanı belə qərara gəlinir ki, sadəcə olaraq filmin adı dəyişdirilsin. Beləcə "Qarlı aşırım" "Axırıncı aşırım" oldu. Buna səbəb isə filmin çəkilməsi üçün az vaxtın ayrılması oldu. Filmin adı "Qarlı aşırım" olardısa, mütləq qışda çəkilməliydi, bu zaman qarla zəngin mənzərələr lazım gələcəkdi. Bu isə həddən artıq çox vaxt aparacaqdı. Bütün bunlar əlavə əzab-əziyyət idi, texnika baxımından çətinlik yaranacaqdı.[5]
- Filmdəki kəndin dekorasiyası Qobustanda qurulmuşdu. Filmin çəkilişləri əsasən Qobustanda - "Böyük daş"da, "Kiçik daş"da, "Çınqıl daş"da çəkildi. Demək olar ki, filmin çəkilişləri əsasən Bakıda və Qobustanda aparılıb. Orada adı çəkilən "Qara qaya" adlı yer də Qobustandadır.[6]
Filmin natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib. Kəndin bəzi küçələrində əlavə dekorlar qurulmuş, fasad dəyişdirilmiş, hasar çəkilmiş, bəzi yerlərdə darvazalar qoyulmuşdu. Toy günü baş verən atışma səhnəsi kəndin aşağı hissəsindəki yolda lentə alınıb. Növrəstənin (aktrisa Tamilla Rüstəmova) Qəmlodan qaçdığı küçələr isə Fatmayıda hasar çəkilən küçənin bir hissəsində reallaşıb. Abbasqulu bəylə Şabanzadənin (aktyor Şəmsi Bədəlbəyli) dialoqu Bayıl qəsəbəsindən Suraxanıya tərəf uzanan ensiz dəmiryolu ərazisində, “Kukuşka” adlanan məkanda, Xəlilin (aktyor Həsənağa Turabov) və Talıbovun (aktyor Hamlet Xanızadə) dəstə topladığı kadrlar Buzovnada lentə alınıb. Talıbovla Şabanzadənin dialoqu kinostudiyanın pavilyonunda çəkilib. Səmədin evinin interyeri studiyanın pavilyonunda, qonaqları qarşıladığı natura çəkilişi isə Fatmayıda aparılıb. Abbasqulu bəyin öldürüldüyü kadr Qobustanda, aktyorların iri planlı təsvirləri kinostudiyanın həyətində ekranlaşdırılıb.[7]
Kinostudiyada qurulan interyerlərdən İmanın, Xəlilin evinin dekorasiyaları və filmin başlanğıcında hadisələrin ümumi mənzərəsini anons edən iclas səhnəsi pavilyonda gerçəkləşib. Xudayarın qardaşının (aktyor Tariyel Qasımov) gizləndiyi məkan (türbənin interyeri) kinostudiyanın pavilyonunda, eksteryeri isə qəbiristanlıqla birlikdə Qobustanda çəkilib. Kərbəlayının evi kinostudiyanın həyətində qurulan iki dekorasiyada (Vəlinin qonaqları qarşıladığı və Kolanıdakı karvansara) lentə alınıb. Qonaqların və qolçomaqların gərgin münasibətlərini təsvir edən iri plan çəkilişləri ustad operator Rasim İsmayılov tərəfindən süfrənin ortasında qazılan dərinlikdən çəkilib.
- Filmin ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmadı. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi oldu.[8] Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik etdi. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürdü. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olundu. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.[9]
Festival və mükafatlar
redaktə1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir.[3]
Filmin üzərində işləyənlər
redaktəRejissor: Kamil Rüstəmbəyov
Əsər müəllifi: Fərman Kərimzadə
Ssenarist: Fərman Kərimzadə
Operator: Rasim İsmayılov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Arif Məlikov
Rollarda
redaktəHəsən Məmmədov — Abbasqulu bəy
Adil İsgəndərov — Kərbəlayi
Məlik Dadaşov — Qəmlo[10]
Hamlet Xanızadə — Talıbov
Həsənağa Turabov — Xəlil
Şəmsi Bədəlbəyli — Şabanzadə
Tamilla Rüstəmova — Növrəstə
Şahmar Ələkbərov — İman
Əbdül Mahmudov — Bəylər
Sadıq Hüseynov — Səməd
Elxan Qasımov — Vəli
İstinadlar
redaktə- ↑ “Abbasqulu bəyin nazıyla çox oynuyuruq aa, Kərbəlayi”: “Məşhur filmlərdən məşhur sitatlar”: [Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmi haqqında] //Azadlıq.- 2015.- 21 iyul.- S.14.
- ↑ "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- ↑ 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.72.
- ↑ 1 2 3 4 5 6 7 Aydın Dadaşov. ""Axırıncı aşırım" filmi — milli ideyanın iflası..." Elmin Nuri (az.). Modern.az/. 23 avqust 2013. 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ "İmprovizələrlə dolu "Axırıncı aşırım"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
- ↑ ""Axırıncı aşırım"ın tarixi". 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
- ↑ "50 yaşlı "Axırıncı aşırım"". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
- ↑ ""Axırıncı aşırım" filminin kəsdirilən hissələri - Kişilər aşırımda qaldılar". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
- ↑ ""Axırıncı aşırım"da çəkilməyənlər - Kərbəlayi ilə Qəmlonun başına nələr gəldi?". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
- ↑ "Axırıncı aşırım"dan "Fəryad"a qədər: Məlik Dadaşov xarakterlər ustasıydı: [Xalq artisti haqqında] //Şərq. — 2011.- 18 iyun.- s.11.
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143-144; 180; 212-213.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- Ramilə. Məlik Dadaşovun şilləsinin yeri hələ də qalır: ["Axırıncı aşırım" filmi haqqında] //Azad Azərbaycan.- 2011.- 14 avqust.- S. 7.
- [1]
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1971-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı