Almaqulagi Doyusu - Wikipedia
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi.
Almaqulağı döyüşü | |||
---|---|---|---|
Səfəvi-Ağqoyunlu münasibətləri | |||
Tarix | 21 iyun 1503 (24 zilhiccə 908) | ||
Yeri | Almaqulağı, Həmədan | ||
Səbəbi | Səfəvi-Ağqoyunlu münasibətləri | ||
Nəticəsi | Səfəvilər dövləti qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Döyüş ərəfəsi
redaktə1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu.[1][2] Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı.[3]
Döyüşün gedişatı
redaktəŞah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə dəf edərək, onu mərkəzə doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy qacar ona hücum etdi. İslamış bəy ələ keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi. Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə məhv edildi. Eybə Sultanın qardaşı Gözəl Əhməd Bayandur, həmçinin İslamış bəy və başqaları əsir düşdülər, qətlə yetirildilər. Sultan Murad isə Yəzdə qaçdı.[4][5]
Nəticə
redaktəAlmaqulağı döyüşü nəticəsində Fars və İraqi-Əcəmin böyük bir hissəsi qızılbaşların əlinə keçdi və Ağqoyunlu dövlətinə son qoyuldu.[6]
Mənbə
redaktə- Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti". Bakı. "Şərq-Qərb". 2007. səh. 54–55. ISBN 978-9952-34-101-0
İstinadlar
redaktə- ↑ Həsən bəy Rumlu, "Əhsən ət-Təvarix", səh. 278
- ↑ Şərəfnamə, c. 2, səh. 188
- ↑ Həsən bəy Rumlu, "Əhsən ət-Təvarix", səh. 398
- ↑ Təkmilət əl-Əxbar, vər. 274a
- ↑ Tarix-i Cahan-ara, səh. 303
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 343. ISBN 978-9952-441-02-4.