Adil Qasimli - Wikipedia
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989).
Adil Qasımlı | |
---|---|
Doğum tarixi | 12 mart 1938 (86 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Möhsün Əli oğlu |
Anası | Fizzə Sadıq qızı |
Təhsili | |
Fəaliyyəti | şair, publisist |
Həyatı
redaktəAdil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır.
Yaradıcılığı
redaktəGənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib.
Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur. Azərbaycan radiosunda səhnələşdirilən "Cəsarət", "Yaşıl obanın nağılları" poemaları dinləyicilərə təqdim edilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynanılan "Aylı gecənin qaranlığında" ikihissəli pyesi tamaşaya qoyulmuşdur. Naxçıvan Dövlət Televiziyasında müəllifi və aparıçısı olduğu "İncilər, qöncələr", "Karvan", "Əlvan fikirlər" kimi uzunömürlü həftəlik televiziya verlişləri cəmiyyətdə milli ruhun qorunub saxlanılmasına və inkişafına xidmət etmişdir. Adil Qasımlının ssenarisi əsasında bir sıra telefilmlər, o cümlədən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin proqramına salınan "Çörək" televiziya filmi çəkilmişdir. "Öz qədrini bilməyən", "Hasar" və digər publisistik əsərlərində dövrünün naqisliklərini göstərərək, özünəxas üslubda tənqid etmişdir. Bir sıra şeirlərinə musiqi bəstələnmişdir. Yaqub Zurufçunun ifa etdiyi, musiqisi Hatəm Nəbioğluya aid olan "Təbriz həsrəti" şeiridə bu qəbildəndir.
Mükafatları
redaktə- Naxçıvan MSSR Əməkdar İncəsənət Xadimi — 1989
Əsərləri
redaktə- 1. "Pıçıltılar". Bakı. Gənclik nəşriyyatı, 1969.
- 2. "Biz görüşəndə". Bakı. Azərbaycan Dövlət nəşriyyatı, 1974.
- 3. "Dağlar, Qalalar, Babalar". Bakı. Yazıçı nəşriyyatı, 1981.
- 4. "Qaranquş ömrü". Bakı. Yazıçı nəşriyyatı, 1988.
- 5. "Sənə dönərəm". Bakı. Ozan nəşriyyatı, 2004.
- 6. "Salam sevgi". Bakı. Oğuz eli nəşriyyatı, 2009.