Asqarlar Kimyasi Institutu Azerbaycan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir.
Aşqarlar Kimyası İnstitutu AKİ | |
---|---|
Əsası qoyulub | 1965 |
Ölkə | |
Sayt | ica.az |
Tarixi
redaktəAzərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə. Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə. Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər.
Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut — Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə. Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə. M. Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V. M. Fərzəliyev rəhbərlik edir.
1980-ci ildə AİK-nin təcrübi-texnoloji bazası əsasında "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro ("Aşqar" Tİ ilə XTB) yaradıldı və indiyədək AKİ-nin nəzdində fəaliyyət göstərir. Hazırda institut 12 laboratoriya və 9 şöbədən ibarətdir. İnstitut müasir və perspektiv tələblərə cavab verən sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqarların yaradılması və onların əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənilməsi sahəsində elmi-tədqiqat işləri aparmağa başladı. AKİ-də aparılan fundamental və tətbiqi tədqiqat işləri xalq təsərrüfatının bir sıra sahələri ilə, ilk növbədə neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı ilə əlaqədardır. Aparılan fundamental tədqiqatlar nəticəsində sürtkü yağlarının yuyucu-dispersləşdirici, özlülük-temperatur, oksidləşməyə, yeyilmə və siyrilməyə qarşı xassələrini yaxşılaşdıran və çoxfunksiyalı yüksək keyfiyyətli aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının işlənilməsi, istehsal texnologiyasının yaradılması və istehsalata tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Rəhbərlik
redaktə- Baş direktor-Vaqif Fərzəliyev
- İcraçı direktor — Əfsun Sucayev
- Baş texnoloq — Elman Zülfüqarov
- Elmi katib-Mehparə Səfərova
Strukturu
redaktəİnstitutun strukturuna 12 laboratoriya, 9 şöbə daxildir. İnstitutda 205 əməkdaş (əvəzçilərsiz) çalışır. Elmi işçilərin sayı 77 nəfərdir ki, bunlardan 9 nəfəri elmlər doktoru, o cümlədən bir nəfəri akademik, 5-i professor, 35 nəfəri isə fəlsəfə doktorudur.
Laboratoriyalar
redaktə- Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyası
- Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyası
- İnhibitor xassəli üzvi birləşmələr laboratoriyası
- Müxtəlif funksiyalı polimer birləşmələr laboratoriyası
- Yanacaq kompozisiyaları laboratoriyası
- Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyası
- Fizioloji fəal üzvi birləşmələr laboratoriyası
- Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyası
- Sürtkü kompozisiyaları laboratoriyası
- Mühafizəedici üzvi birləşmələr laboratoriyası
- Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası
- Zərif üzvi sintez laboratoriyası
Şöbələr
redaktə- Sənədlərlə iş şöbəsi
- Birinci xüsusi şöbə
- Təhsil şöbəsi
- Standartlaşdırma şöbəsi
- Kadrlar şöbəsi
- İctimaiyyətlə əlaqələr şöbəsi
- Sınaq şöbəsi
- Təchizat və xidmət şöbəsi
- Mexaniki şöbə
"Aşqar" Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büro
redaktə"Aşqar" Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büro ("Aşqar" Tİ ilə XTB) 1980-ci ildə Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən təcrübi-texnoloji bazanın əsasında yaradılıb. Yarandığı vaxtdan 2016-cı ilin ortalarınadək "Aşqar" Tİ ilə XTB-yə texnika üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis Fərəməz Əsədov rəhbərlik edib. 2016-cı ildən hal-hazıradək "Aşqar" Tİ ilə XTB-nin direktoru texnika üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis Kamal Kərimovdur. "Aşqar" Tİ ilə XTB institutun elmi-tədqiqat işlərinin nəticələrinin sənayeyə tətbiqi üçün proseslərin texnologiyasının işlənilib başa çatdırılması və yeni yaradılmış aşqarların, sürtkülərin, sürtkü yağlarının və s. məhsulların sənaye istehsalı təşkil olunana qədər xalq təsərrüfatının bu məhsullara tələbatını təmin etmək üçün təcrübi-sənaye miqyasında istehsalını həyata keçirir. "Aşqar" Tİ ilə XTB institutla birlikdə ilk xüsusi təyinatlı ИХП-21 aşqarının sənaye istehsalını Ufa Neft Emalı Zavodunda və sonradan Sumqayıt Aşqarlar zavodunda təşkil etmişdir. İlk dəfə olaraq təmizlənmiş, qatransız müalicəvi Naftalan neftinin alınma texnologiyası işlənilmiş və təcrübi qurğuda istehsalı təşkil edilmişdir. 1992-ci ildən başlayaraq "Aşqar" Tİ ilə XTB Müdafiə Nazirliyinin "Xüsusi texnika" EİB-ni М-16ИХП-3 tank mühərrik yağı, ТС3П-8 transmissiya yağı, СГТУ qaz-turbin yağı və Solidol sürtküsü, maşınqayırma və kənd təsərrüfatı sahələrini ən çox işlənən Yağlı solidol sürtküsü, Dövlət Dəmiryolu İdarəsini М-14Б2 teplovoz dizel yağı və ЛЗ-ЦНИИ sürtküsü, Bakı Metropolitenini ЛЗ-ЦНИИ sürtküsü, Dövlət Neft Şirkətini М-14ГБ dizel yağı (1995-ci ildən), respublikanın digər təşkilatlarını XA-30 kompressor yağı, СГТУ, ТАД-17ИХП, ТАП-15 transmissiya yağları, М-2ИХП, ИГП-49 hidravlika yağları və М-8В, М-14Б, М-8В2, М-10В2, M-10Г2 motor yağları ilə təmin etmişdir. Son vaxtlarda "Aşqar" Tİ ilə XTB Azərbaycan Respublikası Dövlət Neft Şirkətində neft-qaz quyularının qazılmasında istifadə edilən bitki mənşəli yeni reagentləri tətbiq etməyə başlayıb. Bunlar ИК ЛАБ-6, Abşeron-1 və hal-hazırda genişmiqyaslı istismar sınaqları keçirilən Abşeron-2T reagentləridir. İnstitutda yaradılmış, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən Depressator AKİ aşqarı Azərbaycan Respublikası Dövlət Neft Şırkətində müsbət nəticələrlə sınaqdan çıxmış, institut tərəfindən onun təcrübi istehsalının Texniki şərtləri hazırlanmışdır. Depressator AKİ aşqarı hal-hazırda "Aşqar" Tİ ilə XTB-də istehsal edilərək yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan neft kəməri ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.
Fəaliyyət istiqamətləri
redaktə- aşqarlar kimyasının nəzəri problemlərinin öyrənilməsi – aşqarların təsir mexanizminin, onların tərkibi ilə funksional təsiri arasındakı asılılıq, aşqarların sinergizmi və antoqonizmi, onların sintezi üçün istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikası və mexanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar;
- yeni üzvi maddələrin sintezi və onların sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqar və metalların korroziya inhibitorları kimi tədqiqi;
- müxtəlif növ aşqarların funksional xassələrinin tədqiqi və aşqar kompozisiyalırının işlənib hazırlanması;
- yeni sintez olunmuş aşqarlar əsasında müxtəlif növ sürtkü yağı və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənib hazırlanması;
- yeni sintez olunmuş yüksək təsirli aşqar və korroziya inhibitorlarının istehsal prosesləri texnologiyasının işlənib hazırlanması, modelləşdirilməsi və optimallaşdırılması.
Beynəlxalq əməkdaşlıq
redaktəBeynəlxalq elmi əlaqələrinin genişləndirilməsi sahəsində mütəmadi tədbirlər həyata keçirilir. Rusiya Federasiyası Elmlər Akademiyasının Kimyəvi Fizika Institutu, Ufa Dövlət Neft Texniki Universiteti, Ukrayna Elmi-Texnoloji Mərkəzi, Belarus Milli Elmlər Akademiyasının Yeni Materiallar Kimyası İnstitutu, Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu, Türkiyənin Orta Doğu Texniki Universiteti (Ankara şəh.), İstanbul Texnik Universiteti (İstanbul şəh.), Atatürk Universiteti (Ərzurum şəh.), Hacettepe Universiteti (Ankara), Almaniyanın Gissan Universiteti, Aaxen Texniki Universiteti, Schulke&Mayr GmbH, Special Additives International Şirkəti ilə beynəlxalq elmi əlaqələr mövcuddur. 2014–2016-cı illərdə İnstitutda Ukrayna Elmi-Texnoloji Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə Məqsədli Təşəbbüslər Proqramı çərçivəsində "Bakı Buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi" mövzusunda Qrant layihəsi üzrə tədqiqatlar aparılıb. Rusiya Federasiyasinin Ufa Dövlət Neft Texniki Universiteti ilə biosidlər sahəsində, Rusiya Federasiyası Elmlər Akademiyasının Kimyəvi Fizika Institutu ilə antioksidantlar sahəsində birgə elmi tədgigatlar aparılır. 2014-cü ilin oktyabr ayında Almaniyanın Schulke & Mayr GmbH, Special Additives International Şirkəti ilə bioloji-aktiv maddələrin yaradılması sahəsində birgə elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Haqda Memorandum imzalanmışdır. Həmin ildə AKİ ilə Almaniyanın Aaxen Texniki Universiteti arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanmışdır. Bu Memorandum əsasında Azərbaycan neftlərinin biomarkerlərinin öyrənilməsi üzrə tədqiqatlar aparılır. Almaniyanın Qissan Universiteti ilə DÜÇ (davamlı üzvi çirklənmələr)-in Azərbaycanın çay sularına təsiri mövzusunda birgə tədqiqatlar aparılır. İnstitut beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin 4 universiteti ilə elmi əməkdaşlıq etməkdədir. 2015-ci ildə Orta Doğu Universitetinin Kimya bölümü ilə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Sonrakı mərhələdə ortaq elmi layihələr gerçəkləşdirmək nəzərdə tutulur. İnstitutun alimləri Türkiyə, İtaliya və Səudiyyə Ərəbistanı alimləri ilə birgə zərif üzvi sintez vasitəsilə xərçəngtörədici enzimlərin inhibitoru kimi yüksək xassəyə malik yeni fizioloji-fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində tədqiqatlar aparırlar. Tədqiqatların nəticələri Avropanın yüksək impakt faktorlu jurnallarında dərc olunur.
Həmçinin bax
redaktə- Azərbaycan Milli Elmlər Akademiyası
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi