2015 Rusiya Su 24 Teyyaresinin Vurulmasi - Wikipedia
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması.
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | 24 noyabr 2015 |
Yer | |
Ölü sayı |
|
General Dynamics F-16 Fighting Falcon | |
Havayolu şirkəti | |
Qeydiyyat nömrəsi | RF-90932/83 white[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisənin məzmunu
redaktəTürkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib[2].
Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib[3].
Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb[4].
Təyyarənin vurulması Türkiə ilə Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olub. Noyabrın 27-si Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirib ki, "Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır"[5].
Hadisədən sonra
redaktə2015-ci ilin dekabr ayında Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın iki şərti olduğunu açıqlayıb: Türkiyənin belə hadisənin təkrarlanmayacağına dair təminat verməsi və dəyən ziyana görə Rusiyaya təzminat ödəməsi. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Rusiyanın bir daha belə bir böhran yaşanmayacağına dair təminat verilməsi tələbinə cavab olaraq deyib ki, bundan sonra dövlət sərhədi pozulmasa, problem yaranmayacaq: "Türkiyənin təzminat ödəməsi isə heç bir şəkildə mümkün deyil".[6]
Hadisəyə münasibət
redaktəRusiya prezidenti Vladimir Putin:
redaktə""Su-24" təyyarəsinin vurulması arxadan vurulan zərbə idi. Bu zərbə Rusiyaya terrorçuların əlbirləri ilə vurulub. Baş verənləri mən başqa cür dəyərləndirə bilmərəm"[7].
Rusiya Baş naziri Dmitri Medvedyev:
redaktə"Rusiya təyyarəsini vuran Türkiyə iqtidarının törətdiyi cinayət 3 nəticəyə gətirib çıxardı. İlk olaraq bu hadisə sərhədlərin qorunması daxil heç bir milli maraqla izah olunmayacaq şəkildə Rusiya-NATO əlaqələrində təhlükəli bir vəziyyətə yol açdı. İkincisi, Türkiyə bu addımı ilə İŞİD terrorçularını qorumaq istədiyini göstərdi. Üçüncüsü isə Rusiya ilə Türkiyə arasındakı iqtisadi-siyasi, yaxın qonşuluq əlaqələrinə ziyan dəydi. Bu ziyanı kompensasiya etmək çətin olacaq. Bu addımın mühüm layihələrin ləğv edilməsi və Türkiyə şirkətlərinin Rusiya bazarındakı mövqelərini itirməsi kimi birbaşa nəticələri ola bilər"[8]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:
redaktə"Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq"[9].
Türkiyə Baş naziri Əhməd Davudoğlu:
redaktə"Dünən hava məkanımıza girən qırıcı bütün xəbərdarlığa baxmayaraq, sərhədlərimizi pozmağa davam etdi. Keçirdiyimiz toplantıda nə edəcəyimizlə bağlı qərar Türkiyə Silahlı Qüvvələrinə mənim tərəfimdən verilib. Vurulan qırıcının Rusiyaya məxsus olmasını rəsmi Moskvanın açıqlamasından sonra öyrəndik. Su-24 Türkiyə sərhədlərini pozduğu üçün vurulub. Bu hadisənin baş verməsini heç arzulamırdıq. Hadisədən sonra lazım olan bütün diplomatik addımları atmışıq. Pozulan sərhədlər eyni zamanda NATO-nun hava məkanıdır. Rusiya rəsmilərinə hadisənin detalları barədə məlumat vermişik. Bizim Rusiya ilə siyasi-iqtisadi əlaqələrimiz olduqca güclüdür. Rusiya ilə vəziyyəti gərginləşdirmək istəmirik. Rusiya bizim dostumuzdur"[10].
ABŞ prezidenti Barak Obama:
redaktə"Biz hadisənin təfərrüatları ilə bağlı məlumatları almaqda davam edirik. Türkiyə, hər bir ölkə kimi, öz sərhədlərini və hava məkanını qorumaq hüququna malikdir. Hesab edirəm ki, yaxın vaxtda Türkiyə və Rusiya arasında dialoq olmalıdır"[11].
Qazaxıstan prezidenti Nursultan Nazarbayev:
redaktə"Rusiya ilə Türkiyə arasında baş verənlərdən çox məyus oldum. Hələlik baş verən hadisənin incəlikləri bizə aydın deyil. Ancaq fakt budur ki, Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhəddini keçməyib, terrorçularla savaşmağa gedib. Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə komissiya yaradılmalı, araşdırma aparılıb tez başa çatdırılmalı, günahkarlar müəyyənləşdirilməli, səhvlər etiraf olunmalı və münasibətlər bərpa edilməlidir. Mən dostlarımızı-Rusiya və Türkiyəni buna çağırıram"[12].
İran prezidenti Həsən Ruhani:
redaktəİran lideri hər iki ölkəni soyuqqanlı olmağa çağıraraq, Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb: "Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır"[13].
İstinadlar
redaktə- ↑ 1 2 Потери российских Су-24 в зонах боевых действий. Досье (rus.). ТАСС, 2017.
- ↑ "Türkiyə SU-24 təyyarəsinin radar izini yaydı: təyyarə Türkiyə hava sərhəddini pozub". 2015-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "Putin türkmənləri bombalayan pilota milli qəhrəman adı verdi". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "Moskva: Türkiyə səfirliyi yumurta, daş və butulka atəşinə tutulub". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- ↑ "Türkiyədən Rusiyaya RƏDD CAVABI: şərtlər qəbul edilmədi". 2015-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Putin: "Bu arxadan vurulan zərbədir"". 2015-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Medvedyev: "Türkiyə 3 böyük səhvə yol verdi"". 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Türkiyə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydi, başqa cür addım atardı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Davudoğlu: "Təyyarənin vurulmasını mən əmr etdim"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Obama Rusiya bombardmançısının vurulmasından danışdı". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Nazarbayev də Putini dəstəklədi: "Rusiya təyyarəsi Türkiyə sərhədini keçməyib"". 2016-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ "Ruhani: "Təyyarələr oyuncaq deyil"". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.