11 Metrlik Cerime Zerbesi - Wikipedia
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb.[1]
Tarixi
redaktəPenaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.[1]
Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.[1]
Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi. Ancaq zaman-zaman penalti oyun qaydalarına daxil edildi və qərara alındı ki, zərbələr 12 yardlıq məsafədən, yəni 11 metrlik nöqtədən (lap dəqiqi 10,97 m) vurulsun.[1]
Burada da Stok Siti ilə bağlı tarixi hadisə baş verdi. Aston Villa ilə görüşün başa çatmasına 30 saniyə qalmış komanda penalti vurmaq hüququ qazanır, lakin Aston Villanın məşqçisi oyunçularına tapşırır ki, mümkün qədər zərbənin vurulmasına mane olsunlar. Nəticədə oyunun vaxtı bitir və Stok Siti məğlubiyyətlə barışmalı olur. Yenə də narazılıqlar, mübahisələr və şikayətlər başlayır ki, buna da 1903-cü ildə nöqtə qoyulur: qərara alınır ki, penatli təyin olunubsa, mütləq vurulmalıdır, hətta vaxt başa çatsa belə.[1]
İlk vaxtlar penalti zamanı qapıçılara 6 yard, yəni 5,5 metr irəli çıxmağa icazə verilirdi, ancaq 1905-ci ildən onların bu sərbəstliyi əllərindən alındı – hazırda qapıçılar zərbə anında yalnız qapı xətti üzərində sağa-sola hərəkət edə bilər.[1]
Maraqlı məlumatlar
redaktəPenalti zərbələrindən ən çox qol vurmuş futbolçu 164 qolla (194 penalti zərbəsindən 30-u dəqiq olmayıb) Kristiano Ronaldodur.Penalti zərbələrində ən çox uğursuz olan futbolçu isə Lionel Messidir.O 140 zərbədən 31-ini dəqiq yerinə yetirə bilməyib.