Elaeddin Tureli Bey - Wikipedia
Əlaəddin Turəli bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqı başçısı. Ağqoyunlu dövlətinin yaranmasında böyük pay sahibi olan Bayandurların başçısı.
Əlaəddin Turəli bəy | |
---|---|
طور علی پہلوان | |
1340 – 1362 | |
Əvvəlki | Pəhləvan bəy Bayandur |
Sonrakı | Fəxrəddin Qutlu bəy |
Şəxsi məlumatlar | |
Doğum yeri | Bayburt |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzincan |
Atası | Pəhləvan bəy Bayandur |
Uşağı | Fəxrəddin Qutlu bəy |
Həyatı
redaktəTurəli bəy Bayandur haqqında mənbələrdə məlumat olduqca azdır. Onun və oğlu Fəxrəddin Qutlu bəyin haqqında ilk məlumata Trabzon-Rum tarixçilərindən Panaretosda rast gəlinir. Əlaəddin Turəli bəy Pəhləvan bəy Bayandurun oğludur. Bayburtda doğulmuşdur.[1] Ağqoyunlu ulusundan ilk sikkə zərb etdirən başçıdır. Turəli bəy rəhbərliyindəki ağqoyunlular zamanla şimala doğru hərəkət etmiş, Bayburt və Ərzincan ətrafına yerləşmişdilər. Bayburt yaxınlarındakə Sinür kəndində inşa edilən Ağqoyunlu memarlıq abidələri o cümlədən Turəli bəy və Fəxrəddin Qutlu bəyin məzarlarının burada olması bu köçün sübutudur.[2]
Turəli bəy haqqında məlumat verən bir digər mənbə Əbubəkr Tehrani tərəfindən yazılmış Kitabi-Diyarbəkriyyə əsəridir. Kitabi-Diyarbəkriyyəyə görə Pəhləvan bəy Bayandurdan sonra hakimiyyəti ələ alan Turəli bəy, fərmanı altındakı 30 min ailə ilə Rum sərhəddindən Şam, Misir, Cəzayir və İraqa qədər ərazilərdə illərlə sərdarlıq etmişdir. Bundan əlavə, o, Elxani hökmdarı Qazan xanın Suriyaya təşkil etdiyi səfərdə iştirak etmiş və bu səfərdəki uğurlarına görə yüksək rütbələrə layiq görülmüş, nüfuzu qazanmışdır. Hətta Turəli bəyin bu səfərlərdəki uğurları nəticəsində onun hakimiyyəti altında olan Ağqoyunlular bir çox yerlərdə, xüsusilə Misir və Şamda “Tur Əlilər” adı ilə tanınmağa başladılar. Kitabi-Diyarbəkriyyədə Turəli bəyin tabeliyində olan ağqoyunluların “Tur Əlilər” kimi qeyd edilməsi ilə bağlı məlumatın doğruluğu anlaşılsa da, digər məlumatların dəqiqliyi öz təsdiqinin tapmayıb. Bayandurların Məmlük mənbələrində “Tur Əlilər” kimi qeyd olunması da bilinən faktlardandır.[3]
Turəli bəyin Ağqoyunlu rəhbərliyindəki bilinən ilk hərbi səfəri 1340-cı ildə Trabzon-Rum imperatorluğuna qarşı etdiyi səfərdir. Ağqoyunluları "Amid türkləri" mənasını verən "Amitiotai" adlandıran Panaretosda bu səfərdən bəhs olunur. Bu səfərin Trabzon-Rum imperatorluğunun hücumlarına cavab məqsədilə təşkil olunduğu da bildirilir. Turəli bəy rəhbərliyindəki türkmənlər 1341-ci ilin iyul ayının 4-də yenidən Trabzona hücum edirlər. Onun 3-cü səfəri isə 1343-cü ildə baş tutmuşdur. 1348-ci ildə iyun ayının 29-da o, Ərzincan hakimi Əxi Ayna bəy, Bayburt hakimi Məhəmməd Rikabdar ilə birlik qurub Trabzon üzərinə bir daha yürüş etmişdi. Bu səfər barədə Rum qaynaqlarında məlumatlar öz əksini tapmışdır. Yenidən 1348-ci ildə Duharlu oymağından Yusif bəyin Trabzonlular ilə etdiyi döyüşdə şəhid olması Turəli bəylə oğlu Qutlu bəyin Trabzona hücumu ilə nəticələndi.[4]
Türk axınları ilə mübarizə apara bilmədiyini anlayan imperator III Aleksey onun dostluğunu qazanmaq üçün 1352-ci ildə bacısı Marianı Turəli bəyin oğlu Fəxrəddin Qutlu bəy ilə evləndirir. Lakin Kitabi-Diyarbəkriyyəyə görə Yusif bəyin intiqamını almaq üçün edilən səfərdə şahzadə Maria qənimət kimi ələ keçirilmişdi. Bu hadisə ilə Ağqoyunlu-Trabzon münasibətlərində yeni bir mərhələ başladı.[5] Bozdoğan bəylə Turəli bəyin isti münasibətləri vardı.[6]
Turəli bəyin vəfat tarixi ilə bağlı mənbələrdə məlumata rast gəlinmir. Lakin III Alekseylə qohumluq münasibətlərinin həyata keçdiri 1352-ci il ilə Fəxrəddin Qutlu bəyin Trabzona etməyi planlaşdırdığı 1363-cü il səfəri arasında vəfat etdiyi güman edilir. Turəli bəyin hakimiyyətinin şərtləri və torpaqlarının nə qədər uzandığı barədə çox şey məlum olmasa da, onun Ağqoyunlu sülaləsinin tarixindəki rolu kifayət qədər aydındır.[5]
İstinadlar
redaktə- ↑ Abdurrahim Şerif Beygu - Erzurum, Tarihi, Anıtları, Kitabeleri, İstanbul, səh 249.
- ↑ Öztürk, 2014. səh. 22
- ↑ Öztürk, 2014. səh. 23
- ↑ Woods, 1978. səh. 73
- ↑ 1 2 Woods, 1978. səh. 74
- ↑ "Ağqoyunlu - Encyclopedia Iranica". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
Mənbə
redaktə- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
- ADNAN SADIK ERZI. AKKOYUNLU VE KARAKOYUNLU TARIHI HAKKINDA ARAŞTIRMALAR. 18. Türk Tarih Kurumu. 1954. 251–270.
- Mükrimin Halil Yinanç. Akkoyunlular. İslam Ansiklopedisi. 251–270.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Əbubəkr Tehrani (Rahilə Şükürova). Kitabi-Diyarbəkriyyə. İstanbul: Bayrak nəşriyyatı. 2006.