Serur Dereleyez Qezasi - Wikipedia
Şərur–Dərələyəz qəzası — İrəvan quberniyasında inzibati ərazi vahidi.
Şərur–Dərələyəz qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | İrəvan quberniyası |
Mərkəzi | Baş-Noraşen |
Yaradılıb | 1870 |
Ləğv edilib | 1929 |
Sahəsi | 2611,8 [1] verst² (1897) |
Əhalisi | 76538[1] (1897) nəfər |
Xəritə | |
Tarixi
redaktəİndiki Naxçıvan Muxtar Respublikası ərazisinin bir hissəsini əhatə edirdi. Dağlıq (Dərələyəz) və düzən (Şərur) hissələrdən ibarət idi. Dərələyəzdə heyvandarlıq, Şərurda isə əkinçilik inkişaf etmişdi. İrəvan qəzasına daxil olan Şərur nahiyəsi Naxçıvan qəzasının tərkibində olan Dərələyəz nahiyəsi ilə 1870-ci ildə birləşdirilərək Şərur-Dərələyəz qəzası yaradılmışdır[2] 1886-cı ilin məlumatına görə, əhalisinin 70,5%-i azərbaycanlılardan ibarət idi. Kürdlər və başqa millətlər də yaşayırdı. Rus çarizminin köçürmə siyasəti ilə əlaqədar 1828-ci ildən sonra ərazidə İrandan köçürülmüş ermənilər də məskunlaşmışdı. Azərbaycanın, eyni zamanda Naxçıvan bölgəsinin Rusiya tərəfindən işğalından (1828) sonra çar hökumətinin 1870-ci il inzibati ərazi islahatına əsasən Şərur-Dərəlyəz ərazisində İrəvan quberniyasının tərkibinə daxil olan Şərur-Dərələyəz qəzası təşkil edilmişdi.
Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (XVIII əsrin 40-cı illəri – 1827) Şərur mahal kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada "Erməni vilayəti" yaratmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamanı "Erməni vilayəti" ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1849-cu ildə onların əsasında İrəvan quberniyası təşkil edilmiş, quberniyanın tərkibində beş qəza (İrəvan, Naxçıvan, Gümrü (Aleksandropol), Yeni Bayazid (Novobayazet) və Ordubad) yaradılmışdı. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza – Şərur-Dərələyəz qəzası (mərkəzi Baş Noraşen) təşkil olunmuşdu. İ. Şopenin 1829–1832-ci illərdə tərtib etdiyi kameral təsvirə görə, İrəvan əyalətinin Şərur mahalında 50 kənd qeydə alınmışdı. Bu kəndlərdə 1305 ailə yaşayırdı. Onların hamısı azərbaycanlılar idi, bir nəfər də erməni ailəsi qeydə alınmamışdı. Əhalinin sayı 6510 nəfər (3397 kişi, 3113 qadın) idi. Yalnız çar Rusiyasının köçürmə siyasəti nəticəsində mahalda ermənilər peyda olmuşdu.
Dərləyəz mahalına İrandan 336 ailə, yaxud 1757 nəfər (958 kişi, 804 qadın) köçürülmüşdü. Erməni ailələrinin köçürülməsi əhalinin etnik tərkibində qismən dəyişikliyə səbəb oldu. O zaman Naxçıvan əyalətinin Dərələyəz mahalında 78 kənd qeydə alınmışdı. Burada da əhali, demək olar ki, azərbaycanlılardan ibarət idi. 1001 azərbaycanlı ailəsində 4583 nəfər (2411 kişi, 2172 qadın) yaşayırdı. Ermənilər cəmi 58 ailə (0,57%), yaxud 288 nəfər (141 kişi, 147 qadın) idi.
Çar Rusiyasının köçürmə siyasəti nəticəsində Dərələyəz mahalına İrandan 507, Türkiyədən 8 ailə (cəmi 515 ailə) köçürülmüş, erməni əhalisinin sayı süni şəkildə 2773 nəfər artırılmışdı. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Şərur-Dərələyəz qəzasının sahəsi 2637,50 kv.verst idi. Qəzada 90250 nəfər (47399 kişi, 42851 qadın) qeydiyyata alınmışdı, onların 88496 nəfəri (98,05%) yerli sakin, 1754 nəfəri (1,95%) müvəqqəti yaşayanlar idi. Şərur-Dərələyəz qəzası əhalisinin təxminən 58493 nəfəri (64,8%) azərbaycanlı, 29165 nəfəri (32,3%) erməni və b. idi. Azərbaycan Xalq Cümhuriyyəti Baş nazirinin Paris Sülh Konfransı sədrinə 1919 il 16/19 avqust tarixli müraciətində Şərur-Dərələyəz qəzasında azərbaycanlıların 72,3%, ermənilərin 27,1%, başqalarının 0,4% olduğu bildirilirdi.
Göründüyü kimi, İrəvan və Naxçıvan xanlıqlarının son dövründə, demək olar ki, əhalisi ancaq azərbaycanlılardan ibarət olan Şərur-Dərləyəz qəzasında ermənilərin sayı süni şəkildə bütün əhalinin üçdə birinədək artırılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra
redaktəAzərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Şərur–Dərələyəz qəzasını Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etmişdi. Lakin bu əzəli Azərbaycan torpaqlarına əsassız iddia irəli sürən erməni-daşnak hakimiyyəti digər bölgələrdə olduğu kimi burada da əhaliyə qarşı soyqırım siyasəti həyata keçirməyə başladı. Onlar etnik təmizləmə vasitəsilə bu ərazilərin erməni hakimiyyətinə keçməsinə can atırdılar. Lakin əhali erməni təcavüzünə qarşı qətiyyətlə müqavimət göstərirdi. Şərur-Dərələyəz qəzası da mərkəzi Naxçıvan olan Araz-Türk Respublikasına daxil olmuşdu. Müttəfiq dövlətlər Naxçıvan, Sürməli və İrəvan quberniyasının bir hissəsi ilə birgə Şərur-Dərələyəz qəzasını da ermənilərə verməyə cəhd edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu siyasətə qarşı qəti etirazını bildirmiş, Paris Sülh Konfransına etiraz notasında Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, həmçinin İrəvan quberniyasının bir hissəsinin Azərbaycan Respublikası hökumətinin əlində saxlanmasını zəruri hesab etmişdi.
Aprel işğalından sonra
redaktəAzərbaycan və Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra vəziyyət dəyişdi. Şərur-Dərələyəz qəzasının Dərələyəz sahəsi bütünlüklə Ermənistan SSR-ə verildi. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdı. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi.
İstinadlar
redaktə- ↑ 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-02.
Mənbə
redaktə- Zakonodatelğnıe aktı (sbornik dokumentov), B., 1998;
- Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, B., 1990;
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: 1995;
- Kavkazskiy kalendar na 1917 q.;
- Şopen İ. İ., İstori çeskiy pamətnik sostoəniə armənskoy ob lasti v gpoxu eё pri soedineniə k Ros siyskoy imperii. SPb., 1852.