Istifadeci Wertuose Wikimedia Ceem 2014 - Wikipedia
Hörmətli Azərbaycan vikipediyaçıları, 2014-cü il 19-21 dekabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən, sayca üçüncü "Vikimedia Mərkəzi və Şərqi Avropa görüşü" barədə məlumat vermək istərdim. Az-vikini təmsil etmək üçün "Azərbaycan vikimediaçıları" istifadəçi qrupuna daxil olan dəvəti dəyərləndirərək həmin görüşdə iştirak etdim. 2012-ci ildə Serbiya paytaxtı Belqradda, 2013-cü ildə Slovakiyanın Modra şəhərində keçirilən görüşlərdə Azərbaycandan təmsilçi qatılmadığı üçün, bu dəfəki görüş həm də az-vikinin CEEM-də debütü idi. Görüşdə 25 ölkədən 42, o cümlədən Vikimedia Fondundan 2, bundan əlavə, ev sahibi Ukraynadan 30-a yaxın vikipediyaçı iştirak edirdi. Görüşdə iştirak edən əcnəbi iştirakçıların yol xərcləri "Vikimedia Polşa", təşkilati xərclər Vikimedia Fondu və "Vikimedia Ukrayna" tərəfindən qarşılanırdı. Bütün iştirakçılar Kiyevin mərkəzindəki "Kozatsky" otelində yerləşdirilmişdilər. Görüş çərçivəsindəki bütün seminarlar Kiyev Milli Dilşünaslıq Universitetində təşkil edilmişdi. Görüşün ilk günündə açılış mərasimi və ardınca bütün iştirakçılar tərəfindən öz vikiləri barədə 5 dəqiqəlik təqdimatlar oldu. Azərbaycanca Vikipediyanın mövcud vəziyyəti, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun yaradılması, ikili əlifba probleminin mövcudluğu barədə iştirakçılara məlumat verdim. Seminarlar paralel keçirildiyinə görə, yalnız iştirak edə bildiyim seminarlar barədə məlumat verəcəyəm. Aşağıda görüşün proqramı ilə də tanış ola bilərsiniz. 1-ci gün: Vikiekspedisiyalar barədə seminarda Polşa, Çexiya və Ukrayna vikilərindəki istifadəçilərin kəndlərin şəkillərini çəkmək üçün təşkil etdikləri səfərlər barədə məlumat verildi. Bu ölkələrin vikipediyaçıları öz ölkələrinin kəndləri barədə məqalələrdə yerləşdirmək üçün şəkillər çəkmək məqsədilə qrup şəklində ölkənin müxtəlif hissələrini dolaşıblar. Polşa vikisində bir qrup istifadəçi qatarla səfərə çıxmış, qatarın dayandığı və ətraf kəndlərin şəkillərini, bəzi istifadəçilər isə həm də Polşadakı müxtəlif markalı yeni və köhnə qatarların şəkillərini də çəkərək VikiAnbara yükləmişlər. Çexiyada isə belə vikiekspedisiyalar nəticəsində ölkənin artıq böyük bir hissəsinin kəndləri barədə şəkillər çəkilib və məqalələr şəkillərlə təmin olunub. Ukrayna vikipediyaçıları bu sahədə böyük nailiyyətlər əldə edə bilməsələr də, onlarda da vikiekspedisiyalar uğurla təşkil edilir və ölkənin müxtəlif bölgələrinin, o cümlədən Krım kəndlərinin şəkilləri çəkilərək VikiAnbara yüklənib. Sərhədlərarası təşəbbüslər seminarında Çexiya-Slovakiya, Polşa-Ukrayna, Estoniya-Ermənistan və Ukrayna-Ermənistan vikipediyaçıları arasında məqalə yaradılması və fotoşəkillərin çəkilməsində bir-birinə yardım və qarşılıqlı məqalə müsabiqələrinin keçirilməsi barədə məlumat verildi. İctimaiyyətlə əlaqələr: mətbuat və sosial media ilə necə münasibət qurmalı seminarında Vikimedia Fondunu təmsil edən Asaf Bartov və "Vikimedia Polşa"dan Tomas Qaniç bu mövzu ilə bağlı dəyərli məsləhətlər verdilər. Mətbuatla münasibətlərdə, sosial şəbəkələrdə məlumat paylaşımında nələrə diqqət edilməli olduğu barədə danışdılar. 2-ci gün: Təhsil proqramı panelində iştirakçıların sayı yalnız ümumi iclaslardan geri qalırdı. Panelin moderatoru Vikimedia Fondunun Təhsil Proqramının direktoru Anna Koval idi. O bu sahədə görülmüş işlər, çap olunmuş materiallar barədə məlumat verdi və çap materiallarını iştirakçılarla paylaşdı. Ardınca Ukrayna, Çexiya, Serbiya, Bolqarıstan və Estoniyadan olan iştirakçılar öz ölkələrində Vikipediyanın təhsil məqsədləri üçün istifadəsinə dair məlumat verdilər. Estoniyalı iştirakçının təqdimatında Estoniyada dövlət vəsaiti ilə icra edilmiş təhsil layihəsi və könüllü vikipediyaçılar tərəfindən icra edilmiş başqa bir təhsil layihəsi barədə məlumat verildi və müqayisəli olaraq dövlət vəsaiti hesabına icra edilmiş layihənin tam iflasa uğradığı bildirildi. Vikipediyaçılar tərəfindən icra edilən layihədə isə davamlı nəticələr əldə olunub. Təlimi/treninqi neçə təşkil etməli seminarında Polşa, Belarus və Ermənistandan olan iştirakçılar öz təcrübələri ilə bölüşdülər. Belarusda şagirdlərin cəmi 16,0, tələbələrin isə 0,2%-nin belarus dilində təhsil aldıqları bildirildi və bu səbəbdən Vikipediyaya marağın artırılması üçün Polşada yaşayan belaruslar üçün keçirilən təlimlər barədə məlumat verildi. Məqalə müsabiqələri/mövzulu həftələr seminarında Çexiya və Ukrayna nümayəndələri öz vikilərində icra edilən müsabiqələr və mövzulu həftələr, onların nəticələri, qiymətləndirilməsi və nəticələrin hesablanması barədə məlumat verdilər. Ukraynada mövzulu həftələrin nəticələrinin qiymələndirilməsi işinin müəyyən hissəsinin bot, lakin xalın hesablanması işinin vikipediyaçılar tərəfindən yerinə yetirildiyi bildirildi. Mən də az-vikidə keçirilmiş ilk 2 mövzulu ay barədə məlumat verdim. GLAM: Qalereya, kitabxana, arxiv və muzeylər mövzusunda Estoniya və Polşa təmsilçiləri öz ölkələrində bu qurumlarla iş sahəsində əldə etdikləri müsbət nəticələr barədə məlumat verdilər. 3-cü (son) gün: Viki Abidələri Sevir & Viki Yeri Sevir panelində makedoniyalı və polşalı iştirakçılar təqdimatlar etdilər. Polşa iştirakçısı Polşada "Viki e-tekstbukları Sevir" adlı müsabiqə barədə məlumat verdi. Polşada bütün məktəb şagirdlərinin e-tekstbuka sahib olması məcburi tələbdir. Bu elektron qurğu vasitəsilə onlar dərslərini oxuyur və hazırlaşırlar. Lakin uşaqlar çox vaxt onlara lazım olan materialları Vikipediyada tapa bilmirlər. Həmin müsabiqədə orta məktəb şagirdlərinin rahat istifadə edə bilməsi üçün onların ehtiyaclarına uyğun fayllar VikiAnbara yüklənmiş və ya rahat tapılmaları üçün adlarında düzəliş edilmişdir. Kiçik vikipediyaların inkişaf etdirilməsi mövzusunda yalnız moldovalı vikipediyaçı çıxış etsə də, onun qısa çıxışından sonra digər vikilərin problemləri müzakirə olunmağa başladı. Həmin müzakirə zamanı az-vikidəki ikili əlifba problemi ilə bağlı ətraflı məlumat verdim və indiki vəziyyətin həm latın, həm də fars əlifbalı məqalələrin inkişafına mane olduğunu bildirdim. Mərkəzi və Şərqi Avropanın gələcəyi adlı ümumi iclasda bütün istifadəçilər bu tip görüşlərin əhəmiyyətindən, daha məhsuldar olmasından danışdılar. Həmçinin, gələcək planları barədə məlumat verdilər. Polşalı iştirakçının Avstriya-Macarıstan imperiyasına daxil olan ölkələri əhatə edən bir məqalə müsabiqəsi keçirmək barədə təklifinə əlavə olaraq, müsabiqənin daha da çox ölkəni əhatə edə bilməsi üçün bunu "Osmanlı imperiyası" müsabiqəsi etməyi təklif etdim. Görüş barədə bu qədər. Əgər suallarınız varsa, bu səhifənin aşağısında verə bilərsiniz.
|