Ismin Hallari - Wikipedia
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir.
İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır.
Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal
Adlıq hal:
Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir.
Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir:
1) mübtəda: İnsan yer üzünün əşrəfidir.
2) xəbər: Yer üzünün əşrəfi insandır.
3) təyin: Dəri çanta dözümlü olur.
4) xitab: Ey müsəlmanlar, bu gün ol yari pünhan ayrılır.
Adlıq halda olan sözlər mübtəda vəzifəsində işlənərkən həm feili, həm də ismi xəbərlə əlaqə - yə girə bilər. Məsələn: Həsən (mübtəda) müəllimdir (ismi xəbər). Həsən (mübtəda) fizika fənni tədris edir. (feili xəbər).
Adlıq halda olan isim başlanğıc formada işlənə də bilər, işlənməyə də bilər. Məsələn: qələm sözü, adlıq halda - başlanğıc formadadır. Qələmlər, qələmim, qələmdir sözləri isə adlıq halda olsa da, başlanğıc formada deyil. Başlanğıc formada olan isimlərin hamısı adlıq halda olur. Çünki, başlanğıc formada olan sözlərin sonunda heç bir qrammatik şəkilçi işlənmir.
Söz birləşməsi və cümlələr də sifətləşmiş isimlər də adlıq halda olur. Məsələn: qızıl saat, dəmir qapı və s.
Adlıq halda olan isim qoşmalarla işlənə bilir. Məsələn: müəllim üçün, Əhməd ilə, uşaq qədər, çiçək kimi və s.
Yiyəlik hal:
Yiyəlik halda işlənən isimlər özündən sonra gələn sözlə əlaqələnərək əşyalar, şəxslər arasında
sahiblik mənası bildirir. Özünəməxsus şəkilçisi -ın4 (-nın4), sualları isə kimin? nəyin? haranın?-dır.
Məsələn: tələbənin (kimin?) sözü, evin (nəyin?) dirəyi, Şəkinin (haranın?) küçələri və s.
Yiyəlik hal sahiblik, yiyəlik məzmununu konkret və ümumi şəkildə ifadə etməsinə görə iki cür olur:
müəyyən yiyəlik hal.
qeyri-müəyyən yiyəlik hal.
Müəyyən yiyəlik hal:
Müəyyən yiyəlik hal -ın (-nın) şəkilçisi ilə düzəlir və kimin? nəyin? haranın? suallarına cavab olur və yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: evin qapısı dedikdə burada hər hansı bir ev yox, konkret, bilinən evin qapısı nəzərdə tutulur.
Samitlə bitən sözlər yiyəlik halda -ın, saitlə bitən sözlər yiyəlik halda -nın şəkilçisi qəbul edir, yəni saitlə bitən sözlər yiyəlik halda işlənərkən n bitişdirici samitindən istifadə olunur. Məsələn :
Əli-n-in kitabı, Əhməd-in kitabı.
Mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi qəbul edir. Məsələn: mənim oxumağım, bizim охumağımız.
Müəyyən yiyəlik halda olan isim, bir qayda olaraq, özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Bu zaman III növ təyini söz birləşməsi əmələ gəlir. Müəyyən yiyəlik hallı söz, əsasən, III növ təyini söz birləşməsinin asılı (birinci) tərəfi kimi çıxış edir. Məsələn: üzümün şirəsi, pəncərənin şüşəsi, körpünün o tərəfi, Alı kişinin əmanəti və s.
Qeyri-müəyyən yiyəlik hal:
Qeyri-müəyyən yiyəlik hal şəkilçisiz olur və nə? sualına cavab verir, sahiblik, yiyəlik məzmununu ümumi şəkildə ifadə edir. Məsələn: pancərə şüşəsi, meyvə ağacı dedikdə ümumi şəkildə qeyri-müəyyən sahiblik məzmununu ifadə edir.
Qeyri-müəyyən yiyəlik halda işlənmiş söz həmişə özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və birlikdə mürəkkəb cümlə üzvü kimi çıxış edir. Bu zaman bunların arasına, demək olar ki, başqa söz əlavə etmək olmur. Məsələn:
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır.
Qeyri-müəyyən yiyəlik hallı söz çox zaman müəyyən yiyəlik hala çevrilə bilir. Məsələn: pəncərə şüşəsi – pəncərənin şüşəsi, məktəb həyəti – məktəbin həyəti, dağ havası – dağın havası və s.
Bütün qeyri-müəyyən yiyəlik hallı sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Bunun səbəbi mənsubiyyət şəkilçili sözün həmin sözə faktiki olaraq aid olmaması və sahiblik, yiyəlik məzmunu yox, ümumilikdə ad bildirməsidir. Məsələn: bazar günü ifadəsi əslində həftənin günüdür və s.
Qeyri-müəyyən yiyəlik hallı söz həmişə II növ təyini söz birləşməsinin asılı (birinci) tərəfi kimi çıxış edir. Məsələn: el gücü - sel gücü, məktəb geyimi, idman paltarı, futbol meydançası və s.