Ikinci Mesrutiyyet - Wikipedia
İkinci Məşrutiyyət — Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və "Məbuslar Məclisi"nin Sultan Vahidəddin tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir. Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktarorluğa şahidlik etmişdi. İki böyük müharibə (Balkan müharibələri və I Dünya Müharibəsi) və İmperiyanın dağılması da bu dövrdə baş vermişdi.
Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən, bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrünün ikinci hissəsi adlandırırlar.
Bərpaolunma
redaktəİkinci Məşrutiyyətin elanından dərhal sonra seçkilər keçirildi. Seçkilərdə əsas iki partiya, İttihad və Tərəqqi ilə liberal yönlü Əhrar Firqəsi idi. Seçkini ittihadçılar qazandı. Seçkinin ardından yaranan yeni Məclis-i Məbusan 17 dekabr 1908-ci ildə fəaliyyətə başladı.[1][2]
Osmanlı İmperiyasının son dövrünə öz damğasını vuran əsas ünsürlərdən olan İkinci Məşrutiyyət, həm də Türkiyə Cümhuriyyətinin quruluş illərinə də güclü təsir etmişdir.
Birinci dövr, 1908
redaktəBu zaman ölkəni pərdə arxasından idarə edən İttihad və Tərəqqi rəhbərliyinə qarşı bəzi çevrələrdə qeyri-məmnunluq getdikcə artdı. 6 aprel 1909 günü müxalif jurnalist Həsən Fəhmi Bəyin bir İttihad və Tərəqqi fədaisi tərəfindən öldürülməsi İstanbulda böyük etirazlara yol açdı. Sonda 13 aprel 1909-cu ildə hərbi birliklərin və mədrəsə şagirdlərinin qatıldığı qiyam başladı; bəzi zabitlər və millət vəkilləri linç edildi və ittihadçı kimi tanınan qəzetlər talan edildi. Köhnə təqvimlə yeni təqvim arasındakı 13 günlük fərqə görə 31 mart hadisəsi kimi anılan bu qiyam, Selanikdən gələn Hərəkət Ordusu tərəfindən 24 apreldə yatırdıldı. 27 apreldə məclis yenidən toplandı və II Əbdülhəmidi bu qiyamda məsul şəxs kimi görərək taxtdan endirilməsinə və yaşlı şahzadə Mehmed Rəşad Əfəndinin V Mehmed adı ilə onun yerinə keçirilməsinə qərar verdi.
8 avqust 1909-cu ildə Qanun-i Əsasidə edilən bir sıra köklü dəyişikliklərlə padşahın səlahiyyətləri "simvolik" bir səviyyəyə endirildi. Artıq vəkillər heyəti (nazirlər şurası) məclisə görə məsuliyyət daşıyırdı. Məclisdən etimad votumu almayan vəkillərin və hökumətin vəzifəsi sona çatırdı. Spikeri padşah deyil, məclis özü seçirdi. Padşaha məclisi buraxma səlahiyyəti verilirdi, bununla yanaşı bu səlahiyyət müəyyən şəraitə bağlı idi və üç ay ərzində yeni seçkilərin həyata keçirilməsi məcbur idi. Bu dəyişikliklərlə ilk dəfə parlament sistemi tətbiq olunmağa başlandı. Sərbəst toplaşma hüququ kimi fundamental hüquq və azadlıqların bəziləri konstitusiyaya əlavə edildi.
Ancaq II Əbdülhəmid həm Məşrutiyyətə sahib çıxan xalq kütlələri, həm də ordudakı zabitlər tərəfindən devrildi. Bundan sonrakı müddətdə Osmanlıda padşahlıq sadəcə simvolik xarakter daşıyırdı.[3]
Hüseyn Hilmi Paşa (may 1909 — yanvar 1910), İbrahim Haqqı Paşa (yanvar- sentyabr 1910) və Mehmed Səid Paşa (sentyabr 1910 — iyun 1912) zamanında İttihad və Tərəqqi rəsmi olaraq vəzifəsi olmamaqla yanaşı, həqiqətən ölkə siyasətinin hərəkərverici qüvvəsi oldu.
İkinci dövr, 1912
redaktə1912-ci il seçkiləri İttihad və Tərəqqinin iqtidarı altında reallaşdı. İyun ayında Albaniya üsyanının başlaması və Balkanlardakı siyasi vəziyyətin pisləşməsi ilə yaranan Halaskar Zabitan (Xilaskar Zabitlər), 16 iyunda bir memorandum ilə İttihad və Tərəqqi tərəfdarı Mehmed Səid Paşa hökumətini istefaya göndərdi. Əhməd Muxtar Paşa rəhbərliyi zamanı partiya hökuməti quruldu. Millət vəkili seçkiləri etibarsız hesab edilərək yenidən keçirildi. Bir müddət sonra Əhməd Muxtar Paşanın istefasıyla aşkar şəkildə İttihada qarşı olan Kamil Paşa hökuməti quruldu.
8 oktyabr 1912-ci ildə başlayan Balkan müharibəsi qısa zamanda bir fəlakətə çevrildi. Bir-birinin ardınca Albaniya, Makedoniya, Selanik və Qərbi Frakiya itirildi.
Bab-ı Ali Basqını, 1913
Əsas maddə: Bab-ı Ali Basqını
23 yanvar 1913-cü ildə Ənvər Bəyin rəhbərliyi ilə bir qrup İttihad və Tərəqqi fədaisi tərəfindən Bab-ı Alidə keçirilən Nazirlər Şurasının iclası basıldı. Tarixdə Bab-ı Ali basqını adıyla anılan bu hərbi çevrilişdə Hərbi Nazir Nazım Paşa davada öldürüldü, baş nazir Kamil Paşa silah təhdidi ilə istefaya göndərildi. Erkan-ı Harbiye Rəisi (heyət başçısı) Mahmud Şövkət Paşa sədrəzəm elan olundu.
Bab-ı Ali basqınının ictimaiyyətə təqdim edilən əsaslandırılması bu olduki, məqsəd Bolqarıstan mühasirəsində olan Ədirnənin azad edilməsi idi. Buna baxmayaraq, 30 mayda imzalanan London müqaviləsi ilə Ədirnə Bolqarıstana verildi. Lakin Balkan dövlətləri öz aralarında anlaşa bilmədilər və bunu fürsət bilən rəhbərlik Ədirnəni geri aldı və yeni sərhəd Maritsa çayı təyin olundu.
11 iyunda sədrəzəm Mahmud Şövkət Paşa avtomobilinin içində sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə səbəbindən tədbirlər sərtləşdirildi və ölkə idarəetməsi repressiv bir mərhələyə keçdi. Mahmud Şövkət Paşa cinayəti ilə əlaqədar 15 adam edam edildi, bir çox yazıçı və aydın Sinop qalasına sürgün olundu. Səid Həlim Paşanın sədrəzəmliyi altında ölkə Tələt Paşa, Ənvər Paşa və Camal Paşadan ibarət bir üçlük tərəfindən idarə edildi. Osmanlı Dövləti I Dünya Müharibəsinə Almaniya tərəfdən qatıldı. İttihad və Tərəqqi rəhbərliyi bu zaman bir çox cəbhələrdə itirilən torpaqların geri alınması üçün cəhd etmiş, ancaq etdikləri ilə də daha çox torpaq itkisinə səbəb olmuşdular.
Üçüncü dövr, 1914–1918
redaktəI Dünya Müharibəsindəki məğlubiyyətdən sonra, İkinci Məşrutiyyətin altı il davam edən üçüncü Məclis-i Məbusanı 21 dekabr 1918-ci ildə ləğv edildi.
Dördüncü dövr, yanvar 1920
redaktəLakin, ölkənin düşdüyü işğal vəziyyətinə uyğun olaraq Konstitusiyanın əmri ilə yeni seçkilər təqribən bir il müddətinə keçirilmədi. Ərəb vilayətlərinin qatılmadığı bir seçki, torpaq itkisinin rəsmi olaraq qəbulu demək idi. Bundan başqa, yeni məclisə İttihad və Tərəqqi tərəfdarlarının girməsindən də ehtiyat edilirdi. Ancaq partiya özünü ləğv etmiş və İngilis təzyiqləri ilə üst səviyyə idarə heyəti ölkəni tərk etmişdi.
Sivas Konqresinin seçki keçirilməsində israrı ilə istefa edən Kürəkən Fərid Paşa kabineti yerinə 2 oktyabr 1919-cu ildə qurulan sədrəzəm Əli Rza Paşa hökuməti həmin gün seçki qərarı verdi. Bu seçkilər Anadoluda başlayan azadlıq hərəkatı, İstanbul rəhbərliyi və işğalçı dövlətlər tərəfindən istənilirdi. İşğalçı dövlətlər istədikləri qərarları qəbul elətdirmək, İstanbul rəhbərliyinin etdiklərinə qanunilik qazandırmaq, Anadolu hərəkatında isə milli mübarizə üçün daha çox qüvvə tapmaq üçün seçkiləri istəyirdilər. Dekabr ayında keçirilən seçkilərə İstanbul xaricində hər yerdən sadəcə Müdafaa-i Hüquq tərəfdarları üzvlər seçildi. Mustafa Kamal Paşa iki ayrı bölgədən seçildiyi halda, İstanbulda yığılan məclisə güvənlik səbəbindən qatılmadı.
Tasfiye, aprel 1920
redaktə11 apreldə padşah Mehmed Vahidəddin məsclisi rəsmən ləğv elədi. Bu tarixdən Osmanlı Dövlətinin həqiqətən tarixə qovuşduğu 1 noyabr 1922-ci ilə qədər Osmanlı hökuməti yalnız kağız üzərində mövcud idi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Yapı kredi yayınları aygaz işbirliğiyle ıı. Meşrutiyet in ilk yılı kitabını hazırladı" (türk. ). turkiyeegitim.com. 04 dekabr 2008. 2021-06-18 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Mete Tunçay. II. Meşrutiyet'in İlk Yılı 23 Temmuz 1908 - 23 Temmuz 1909. 1. Yapı Kredi Yayınları. 2018. 496. ISBN 9750841439.
- ↑ Cem Uzun. Resmi Tarih Tartışmaları. Özgür Üniversite Yayınları. 2005.