Uc Korpe Monastiri - Wikipedia
Üç körpə monastırı — Tərtər rayonunun Təpəkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsinə əsasən monastırın başkilsəsi Sərkis adlı memar tərəfindən, Alban katolikosu VI Simeon və onun qardaşı, arximandrit İqnatios tərəfindən, ziyarətçilərin maddi dəstəyi, və Səfəvi şahı Süleymanın himayəsi ilə inşa edilmişdir.
Üç körpə monastırı | |
---|---|
40°15′08″ şm. e. 46°38′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Tərtər |
Yerləşir | Təpəkənd kəndi |
Aidiyyatı | Xaçın knyazlığı |
Tikilmə tarixi | 1691 |
Vəziyyəti | qəzalı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Monastır Çiləbürt qalasından 7 kilometr aralıda yerləşir. Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası assimetrik konstruksiyaya malik üç nefli günbəzli bazilikadır. Yarımdaşıyıcı tağlar vasitəsilə saxlanan günbəz dörd zərif sütun üzərində dayanır. Portal timpanının bütün səthi incə naxışlarla işlənmişdir.
Tarixi
redaktəİnşaat kitabəsinə əsasən monastırın başkilsəsi Alban katolikosu VI Simeon və onun qardaşı, arximandrit İqnatios tərəfindən, ziyarətçilərin maddi dəstəyi, və Səfəvi şahı Süleymanın himayəsi ilə inşa edilmişdir.Gəncəsər taxtının Erməni Qriqoryan Kilsəsinin təzyiqinə tab gətirməyərək tabe olmaq qərarı verməsindən sonra, Qafqaz albanlarının avtokefallığını saxlamaq üçün Üç körpə monastırı Gəncəsər taxtına alternativ kimi inşa edilmiş, Erməni Həvari Kilsəsinə tabe olmaq istəməyən dindarların istinadgahı olmuşdur. Kilsənin divarlarında dövrümüzə çatmış xaçdaşları 1571, 1620, 1745-ci illərə aiddir.[1]
Kilsənin inşası Sərkis adlı memar tərəfindən həyata keçirilmişdir. Altar divarının daxili hissəsində yerləşdirilmiş kitabədə deyilir: "Kilsənin inşaatçısı və memarı – ustad Sərkis. Məsihə dualarınızda yad edin."[2]
Memarlıq xüsusiyyətləri
redaktəMonastır Çiləbürt qalasından 7 kilometr aralıda yerləşir. Harmonik yerləşdirilmiş tikililər yalnız kompleksə möhtəşəm görünüş vermir, həm də ətraf ərazilərin peyzajında xüsusi yer tutur.[1]
Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası assimetrik konstruksiyaya malik üç nefli günbəzli bazilikadır. Yarımdaşıyıcı tağlar vasitəsiylə saxlanan günbəz dörd zərif sütun üzərində dayanır. Portal timpanının bütün səthi incə naxışlarla işlənmişdir.[1]
13.5x9.5 metr ölçülərinə malik olan ibadət zalı geniş və işıqlıdır. Zalın şərq tərəfində altar-apsida, apsidanın hər iki tərəfində isə düzbucaqlı plana malik iki mərtəbəli köməkçi otaqlar yerləşir. İkinci mərtəbədəki otaqların qapıları apsidaya açılır və oradan konsol pilləkənlər ikinci mərtəbədəki otaqlara aparır. Ktişvəng monastırının baş kilsəsinin iki mərtəbəli köməkçi otaqları da analoji formada inşa edilmişdir.[1] Yarımdairəvi altarın yan divarlarında yeddi niş vardır.[2]
İbadət zalının şimal tərəfində, altarın yaxınlığında vəftiz piyaləsinin yeri qalmışdır. Kilsənin orijinal qapısı, günbəzin qaplaq formalı yuxarı hissəsi və yonulmuş daşlardan hazırlanmış döşəmə örtüyü də ilkin görünüşündə dövrümüzə çatmışdır. Zalın pilonları orijinal inşaat variantında xaçvari formada olmuşdur. XVIII əsrdə iki şərq pilonunun möhkəmləndirilməsi üçün onlar kvadrat formasına salınmışdır. Cənub pilonu üzərindəki kitabə bu hadisədən xəbər verir.[2]
Kilsə heyranedici interyerə malikdir. Geniş zalın möhtəşəmliyi və təmtəraqlığı, düzgün pilonların qabarıqlığı, kəsişən yelkənvari tağların yüngüllüyü, günbəz barabanının geniş pəncərələrindən içəri düşən günəş şüalarının interyerdə oynaması, ikimərtəbəli köməkçi otaqların sirliliyi, altar yüksəltməsindəki kitabə və interyeri bəzəyən onlarla müxtəlif ölçülü xaçdaşlar vasitəsiylə vurğulanır.[2]
Monastırın başkilsəsi bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Belə ki, onun günbəzi ənənəvi olaraq yerləşdirildiyi kimi ibadət zalının mərkəzində yox, qərb tərəfində yerləşir. Assimmetriya yalnız günbəz konstruksiyasında deyil, həm də günbəzlə eyni vertikalda, şimal və cənub divarlarında yerləşdirilmiş pəncərələrdə, həmçinin dekor elementlərində müşahidə olunur. Bununla yanaşı, kilsənin yeganə qapısı üçün cənub divarında seçilmiş düzgün yerləşmə sayəsində günbəzin zalın mərkəzində olması təəssüratı yaranır.[2]
Üslub xüsusiyyətləri həm də kompleksin inşa texnikasında görünür. Kilsəyə dinamiklik vermək və yüksəyə müyllilik təəssüratı yaratmaq üçün, səkkizguşəli baraban və qalpaqvari sonluğa malik günbəz və fasadın yuxarı hissələri yaxşı yonulmuş sarımtıl ağ daşlardan, digər divarlar isə adi bozumtul-mavi daşlardan hörülmüşdür.[2]
Monastırın mülki tikililəri, o cümlədən rahib hücrələrinin dizayn-memarlıq xüsusiyyətləri Kəlbəcərin Kolatağ kəndi ərazisindəki Böyük Arran monastırını xatırlatsa da, daha geniş ərazi və böyük ölçülərə malikdir. Rahib hücrələrinin hər biri buxarı və pəncərə ilə təmin olunmuşdur.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989