Ortukcekme - Wikipedia
Örtükçəkmə- maşın hissələrinin üzərinə toz halında olan materialdan ibarət qatın çəkilməsinə xidmət edir. Proses zamanı əmələgələn qat nazik, qalın və ya bir-birinin üzərinə çəkilmiş bir neçə qatdan ibarət ola bilir (Çoxlaylı örtük). Örtük qatının qalınlıqları tətbiq olunan üsuldan asılı olaraq müxtəlif məqsədlər üçün istifadə olunur. Örtükçəkmə əsasən örtüyün çəkilməsi üsullarından asıllı olaraq fərqlənirlər: kimyəvi, mexaniki, termiki və termo-mexaniki.
Tətbiq olunan materiallar
redaktəÖrtük materialları müxtəlif olurlar. Əsas material (substrat) üzərində örtüyün yaxşı hopması üçün stabil prosesin, bərabərformalı qatçəkmənin və qatın ətraf mühitin təsirlərinə davamlı olması zəruridir. Bunun üçün bütün örtülən hissələr prosesdən əvvəl mexaniki və ya kimyəvi emal olunurlar. Keçid (sərhəd) səthlərinin halı örtükçəkmə üsulundan və substratın emalından (məsələn: pardaqlama, mikroşırnaqla təmizləmə, dekapirləmə və s.) asılıdır. Örtükçəkmə üsulları
- örtük materialına (metal, süni material),
- substratın növünə və
- aralıq birləşdiricyə
görə fərqlənirlər. Çəkilən materiallar qaz, bərk, məhlul və maye halında olurlar. Qaz halında olan materiallar kimyəvi (CVD-üsulu) və ya fiziki (PVD-üsulu) qazhopdurma üsullarının köməyi ilə çəkilirlər. Maye halında örtük materialları əsasən hissələrin müxtəlif yollarla rənglənməsi üçün tətbiq olunur. Məhlulların istifadəsinə səthlərdə müəyyn məqsəd üçün tələb olunan keyfiyyətlərin yaradılmasına xidmət edən metallaşdırma üsullarında (qalvanlama, xromlama, sinkləmə, nikelləmə və s.) rast gəlinir. Bərk halda olan örtük materialları termiki püskürtmə, qatçəkmə qalaylaması və qaynaqlanması üsulları ilə hissələrin səthlərinə çəkilirlər. Bəzi üsullardan sonra hissə əlavə olaraq termiki emala da uğradılır (məsələn: nitridləmə). Müxtəlif örtükçəkmə üsulları səthlərin strukturlaşdırlması və modfikasiya olunması kimi səthlərin emal üsullarına və ya termiki emal üsullarına aid edilir. Maşın hissələrinin materialında olan legirin miqdarı və səthin strukturu ilə bərabər üzərində olan örtük qatının xassələri də onun işləmə qabiliyyətinə önəmli təsir göstərir.
Ölçmə texnologiyası
redaktəSəthə çəkilmiş örtüyün keyfiyyətinin yoxlanması müxtəlif üsullarla aparılır. Burada onun birləşmə möhkəmliyi, qalınlığı və korroziyaya davamlığı yoxlanılır. Bu göstəricilərin qiymətləri bir başa və ya dolayaı yolla işləyən üsullarla təyin olunur. Örtük qatının birləşməsinin möhkəmliyini ölçmək üçün bir çox üsullar mövcuddur. Ən geniş yayılmışı tor kəsimi sınağıdır. Bunun üçün səth bir-birinə çarpaz olan xətlər boyu cızılır və şaxmat lövhəsinə oxşar olaraq bölünürlər. Sonra səthə yapışqan lenti yapışdırlır və çəkilir. Qopan seqmentlərin sayına görə örtük haqqında fikir yürüdülür. Örtk qatının qalınlığını yoxlamaq üçün çoxlu sayda üsullar işlənmişdir. Metal hissələrin laklanması və qalvanlanması zamanı yaranan qatın qalınlığı burulğan və maqnit induksiya üsullarının köməyi ilə ölçülür. Başqa üsullara rentgenlə ölçməni, mikroskopik analizi, ellipsometriyanı və s. aid etmək olar. Örtük qatının əsas göstəricilərindən biri də metalların korroziyadan qorumasıdır. Polad hissələrin örtüklə korroziyadan mühafizəsi qaydaları İSO 12944-də göstərilmişdir.
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.