Celov - Wikipedia
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.[1]
Çelov | |
---|---|
40°34′17″ şm. e. 48°52′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Coğrafiyası
redaktəÇalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir.
Tarixi
redaktəKəndin ərasizi əvvəllər Şirvan tarixi ərazisi sayılan Şamaxı qəzası, daha sonralar Şamaxı rayonu, Mərəzə rayonu, Qobustan rayonu ərazilərinə daxil edilmişdir. Kəndin adı əvvəllər Çalov adlanırdı. Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə Təpəli, Axundlu, Yolqırağı, Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Sonralar kəndin camaatının bir hissəsi Kürsəngi kəndində məskunlaşmışdır.
Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır.
Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır. Kənd sakinlərindən 50-dən çox ailə Baki şəhərində, 35 ailə isə Qobustan şəhərində məskunlaşıblar.Kəndin ümumilikdə 1815 ha torpaq sahəsi vardır.1997-ci ildə aparılmış torpaq islahatı zamanı 1190 nəfər sakin ,ümumilikdə 779 ha torpaq payı almışdır.Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, əkinçilik və heyvandarlıqdır. Kənddə 240-dən çox yaşayış evi vardır.
Çalov kəndində 1930-cu illərdən ibtidai, bir qədər sonra isə 8-illik məktəb fəaliyyət göstərmişdir. İlk müəllimləri A.Rəcəbov, Ə.Məlikov, Ə.Alcanov, S.Həsənov və başqaları olmuşlar. Hal-hazırda Çalov kənd əsas məktəbi Yaşar Sadıqovun adını daşıyır. Y.Sadıqov 1992-ci ildə Qarabağda, Naxçivanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onun məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır.
2006-cı ildə müasir tipli məktəb tikilmişdir. Hal-hazırda məktəbdə 150-dən çox şagird təhsil alır.
"Həyatım, mühitim"
redaktəTanınmış jurnalist Əlipənah Bayramovun "Həyatım, mühitim" adlı kitabında kəndin tarixi və əhalisi haqqında yazdıqları:
Atamın sağlığında nəsil şəcərəmizi tərtib etmədiyimə görə özümü bağışlaya bilmirəm. İndi yaddaşıma nə qədər güc versəm də babalarımın sayı səkkizi keçmir: Ağca,… Qubad, Piri, Haşım, Bədir, Qasım, Bayram və Kərim. Atam deyərdi ki, bizim nəsil bineyi-qədimdən tərəkəmə olub. Yayda yaylaqda, qışda qışlaqda qoyun sürüləri bəsləmişik. Dədə-baba örüşlərimiz yaylaqda Şamaxının Çalov kəndinin, qışlaqda isə Salyanın Kürsəngi kəndinin əraziləri olub. Aralarındakı kəsə məsafə, təxminən, yüz kilometrdir. Yeri gəlmişkən onu da deyim ki, Kürsəngi dağı palçıq vulkanın püskürməsi nəticəsində yaranıb. Azərbaycan Sovet Ensiklopediyasında yazılıb: "Kürsəngi (dağı) Kür-Araz ovalığında ən iri palçıq vulkanlarından biridir. Hündürlüyü 77 metr, ümumi sahəsi 170 hektardır".
Dağın ərazisi orta əsrlər dövrünə aid yaşayış yeridir. 23x23x5 santimetr ölçüdə qırmızı və açıq-sarı rəngli bişmiş kərpicdən tikilmiş qala divarlarının qalıqları keçmişdə Kürsənginin zirvəsində qala olduğunu sübut edir. Yaşayış yerindən çoxlu keramika, şüşə bilərzik parçaları və qədim muncuqlar tapılmışdır. Alimlərin qənaətinə görə, bu tapıntılar abidənin IX–XIII əsrlərə aid olduğunu göstərir. Camaatımız tərəkəmə olsa da onların əsas yaşayış yeri Çalov kəndi olmuşdur. Kəndin tarixini, buradakı əqrəbaların şəcərəsini yorulmadan və səbrlə araşdıran Əlifağa Osmanov "Azərbaycan Milli Ensiklopediyası"na göndərdiyi məqalədə yazır: "Yaşıların dediklərinə görə, kəndin hazırkı sakinlərinin ulu babaları təxminən 1710–1720-ci illərdə burada məskən salmışlar. Kənd məscidi 1873-cü ildə Hacı Cahangir tərəfindən tikilmişdir. 1918-ci ildə bu tarixi bina erməni daşnakları tərəfindən yandırılmış, 1930-cu ildə bərpa olunaraq əvvəl ibtidai məktəb, sonra isə kitabxana kimi fəaliyyət göstərmişdir". Ata nənəmin dayısı Tapdıq baba 100 ildən çox yaşadı. Onu mən də görmüşdüm. Gözləri göy, sarışın bənizli nurani qoca idi. Atamın "dayı" deyə xüsusi bir istəklə müraciət etdiyi bu kişi Çalovdan Kürsəngiyə gələndə evimizin ən əziz qonağı olardı. O da yadımdadır ki, uşaqdan-böyüyə, bütün qohum-qonşu Tapdıq babanın ətrafına toplaşıb onun maraqlı söhbətlərinə saatlarla qulaq asardılar. Kiçik olduğum üçün indi o söhbətlərin heç birini xatır- laya bilmirəm. Ancaq atamın kəndimizin tarixi ilə bağlı Tapdıq babadan eşitdiyi bu söhbəti olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm: …Çalovun binəsini üç kişi qoyub- Şamxal, Ağca və Piri. Şamxal hansı səbəbdənsə Cənubi Azərbaycandan gəlib və Çalovda ilk binə salıb. Ağca ilə Piri qardaş olublar, əsilləri Şamaxıdan. Sarıtorpaqdandır. Uzun illər kənd məktəbinin direktoru işləmiş Abdulla Rəcəbov Çalovun tarixi, maddi mədəniyyət abidələri ilə bağlı araşdırmalar aparmış, mətbuat səhifələrində maraqlı yazılarla çıxış etmişdir. Onun imzası ilə "Yeni Şirvan" qəzetinin 22 may 1982-ci il tarixli nömrəsində dərc olunmuş məqalədə oxuyuruq: "Çalov kəndinin əhalisi, əsasən, Şamaxı rayonunun ətraf kəndlərindən və respublikamızın digər rayonlarından köçüb gəlmişdir. XVIII əsrin əvvəllərində bu kənd 12 qəbilə (əqrəba) və 5 ata uşağından ibarət olub."
Oxucular üçün maraqlı olacağını və gələcəkdə axtaranların çətinlik çəkməmələri üçün həmin qəbilələrin və ata uşaqlarının siyahısını təqdim edirəm.
QƏBİLƏLƏR: Nərlilər (əsilləri Cənubi Azərbaycandan gəlmədir), Ağcalar (Şamaxı, Sarıtorpaq), Keçəllər (Cənubi Azərbaycan, Germi vilayəti, Keçəllər kəndi), Muradlılar, Carolar (Şamaxı, Sarıtorpaq), Pəncililər (Göyçaydan gəliblər), Mərəşlilər (Qubadan gəliblər), Darğalı (Cənubi Azərbaycandan gəliblər), Kürkətli (Nabur kəndindən gəliblər), Coranlı (Sündü kəndindən gəliblər), Topgüllülər (Şabrandan gəliblər), Tulunclu (Şəkidən Cəyirli kəndinə, oradan da Çalova köçüblər).
ATA UŞAQLARI isə bunlardır: Yaqubuşağı, Abıluşağı, Keçəluşağı, Dəmiruşağı və Söylənuşağı. XX əsrin 30–40-cı illərində ata uşağılarının siyahısına əsilləri Ağcalar qəbiləsindən olan Bayramuşağı da əlavə olunub.
Ancaq Çalovun tarixini son məskunlaşma ilə məhdudlaşdırmaq düzgün olmazdı. Kəndin ərazisində aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət abidələri və arxeoloji materiallar onun tarixinin daha qədim olduğunu göstərir. Məmmədəli Baxışovun və Əlifağa Osmanovun evlərinin bünövrəsi qazılarkən tapılan gümüş sikkələr isə bu tarixi köklərin eramızdan əvvəl II əsrə gedib çıxdığını göstərir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev "Bakı" qəzetinin 15 may 1982-ci il tarixli nömrəsində yazır: "Şamaxı rayonunun Çalov kəndində aparılan axtarışlar zamanı xeyli maddi mədəniyyət nümunəsi aşkara çıxarılmışdır. Həmin materiallar əsasən təsərrüfatda və məişətdə işlədilmiş kasalardan, boşqab tipli qablardan ibarətdir. Əldə olunan maddi mədəniyyət nümunələrini öz xüsusiyyətlərinə görə iki dövrə eramızdan əvvəlki II əsrə və eramızın III əsrinə, habelə eramızın IV və XIII yüzilliklərinə aid etmək mümkündür. Yaşıl, ağ, bənövşəyi və qəhvəyi rəngli şirli məişət qabları diqqəti daha çox cəlb edir. Maraqlıdır ki, onlar Şamaxının Şabran, Gülüstan qalası və arxeoloji abidələrində aşkara çıxarılmış şirli qablara çox oxşayır.
Çalovda aşkar etdiyimiz üç gümüş pul xüsusi əhəmiyyətə malikdir. Bu pullardan biri eramızın 40–51-ci illərində Parfiya hökmdarı olmuş Qotarsın adından kəsilmişdir. Onun səthində hökmdarın şəkli təsvir olunmuşdur. Arxa və ön tərəflərində ay və ulduzların şəkli verilmişdir.
İkinci pul Yuli Sezarın adından Makedoniyada kəsilmişdir. Üzərində Yuli Sezarın başı təsvir olunmuş, başın arxa tərəfində isə onun adı yazılmışdır. Üçüncü gümüş pul Kappadokiyada (Kiçik Asiyanın şərq hissəsindəki qədim vilayət) kəsilmişdir. Onun eramızdan əvvəl II əsrə aid olduğu müəyyən edilmişdir. Tapıntılar sübüt edir ki, bu yerlərin sakinlərinin antik dünya ilə sıx iqtisadi, mədəni əlaqələri olmuşdur.
Abidə ərazisində axtarışlar nəticəsində müəyyənləşdirilmişdir ki, Çalov şəhər tipli yaşayış yeri olmuşdur." Görünür, sonralar bu yaşayış məskəni hansı səbəbdənsə dağıdılmış, yerində meşəlik və sıx kolluq yaranmışdır. Qədim Çalovun niyə və nə vaxt dağıdılması hələlik sirr olaraq qalır. Bu sirri, heç şübhəsiz, tarixçi alimlər, arxeoloji ekspedisiyalar aça bilərlər. Təəssüf ki, ötən əsrin 70–80-ci illərindən burada aparılan axtarışlar tamam dayandırılıb. Çalov kəndi ərazisində isə xalqımızın keçmişinə aydınlıq gətirəcək tarixi obyektlər, maddi mədəniyyət abidələri kifayət qədərdir. Buradakı ilk insanların yaşayış məskəni güman edilən daş mağara, iki qədim qala yeri və İslamın Qafqaza yayıldığı ilkin illərdən soraq verən qəbirüstü yazılar böyük intizarla öz tədqiqatçılarını gözləyir…
Tərəkəmə üçün örüş yerinin nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Atam deyərdi ki, Çalov camaatının istər qışlaqda, istərsə də yaylaqda xam otlaq sahələri vardı. Sovet hakimiyyətindən əvvəl camaatın 1600 dəvəsi, 30–40 mindən çox qoyunu, mal naxırı və at ilxısı payızda Kürsəngi kəndi yaxınlığındakı Təpəli, Axunlu, Yolqırağı, Ocaqqullu, Alyar, bir az kənardakı Ozağı qışlaqlarına enir, yazda isə Çalov kəndinin Taxta yaylağı, Yəhərcə və Dovşan təpəsi yaylaqlarına qalxardı. Sovet hökuməti qurulandan və kollektivləşmə prosesi başa çatandan sonra malı-mülkü əlindən alınan Çalov camaatının bir hissəsi yaylaqda — Çalov kəndində, bir hissəsi də aranda — Kürsəngidə oturaq həyata keçib.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Ə. G. Bayramov - "Həyatım, mühitim"".
Həmçinin bax
redaktə Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |