Yasil Bina - Wikipedia
"Yaşıl bina" — Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası[1]. Sumqayıtın memarlıq nümunələrindən və simvollarından biri[2].
Yaşıl bina | |
---|---|
Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası | |
| |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Tikilmə tarixi | 1958 |
Aidiyyatı | Sumqayıt Şəhər İcra Hakimiyyəti |
|
Tarixi
redaktəBina 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi[2]. Binanın inşası başa çatdıqdan sonra 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı[2]. Bunu Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə bağlayırdılar[2]. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi "daş sarmaşıqlar"ı[3] – "plyuş" kolları[2] əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər. Hətta bu binanın şərəfinə Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində bu gözəlliyi əks etdirən marka da buraxılmışdır[1].
Yaşıl örtüyün sonu
redaktə"Yaşıl bina"nın sarmaşıqları 2010-cu ildə həmin vaxt icra başçısı olan Vaqif Əliyevin dövründə hissə-hissə saralmağa başladı və az sonra örtük binadan götürüldü. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilmiş və ciddi şəkildə qınanmışdır. O vaxt şəhər icra hakimiyyətindən isə bildirdilər ki, sarmaşıq ömrünü - vegetasiya dövrünü başa vurduğu üçün quruyub[1].
Bina 2012-ci ildə təmir edilərkən məlumat lövhəsində onun yenidən yaşıl olacağı göstərilirdi. Lakin son məqamda bu baş vermədi və bina sadəcə boz görkəmdə qaldı[1].
Sorğu
redaktəXeberle.com portalı 2015-ci ilin mart ayında bu binanın görkəmi ilə bağlı onlayn sorğu keçirmiş və respondentlərə belə bir sual ünvanlamışdır: "Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası yenidən yaşıl olsunmu?" Suala 3 cavab variantı təklif olunmuşdu və respondentlər "Bəli", "Xeyr" və "Fərq etməz, məni maraqlandırmır" variantlarından birini seçə bilərdilər. Sorğuda ümumilikdə 1229 respondent iştirak etmiş. Onlardan 74 faizi (910 səs) "Bəli" cavabını seçərək, adıçəkilən binanın yenidən yaşıl olmasını istəmişdi. 14 faizi (171 səs) isə "Xeyr" cavabını seçmişdir. Qalan 12 faiz istifadəçi isə ümumiyyətlə bu məsələyə biganə qalaraq "Fərq etməz, məni maraqlandırmır" variantını seçmişdi[1].
Bərpası
redaktə2016-cı ildə bina ilə bağlı icra başçısı Zakir Fərəcov xüsusi tapşırıq vermiş[4] və bundan sonra binanın qarşı hissəsində sarmaşıq kolları əkilmişdir[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Sumqayıtda inqilabi addım: icra hakimiyyətinin binası yenidən yaşıl örtüyə bürünəcək – FOTOLAR Arxivləşdirilib 2020-08-10 at the Wayback Machine. xeberle.com, 01.07.2016 (az.)
- ↑ 1 2 3 4 5 Sumqayıtın simvollarından birini niyə itirdik? – “Yaşıl bina”nın taleyi Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine. xeberle.com, 11.03.2016 (az.)
- ↑ Sumqayıt şəhəri İcra hakimiyyəti “yaşıl bina” ilə bağlı rəsmi məlumat yaydı[ölü keçid]. sumqayitxeber.com, 13.07.2010 (az.)
- ↑ Sumqayıtın “Yaşıl bina”sı bərpa olunur – FOTO Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine. oxu.az, 11.07.2016 (az.)