Yildiz Texniki Universitetinin Iqtisadi Ve Inzibati Elmler Fakultesi - Wikipedia
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə.[1] 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir.[2]
İqtisadi və İnzibati Elmlər | |
---|---|
Yaradılma tarixi | 1992 |
Dekan | Halit Keskin |
Tələbə sayı | 5250 |
Yerləşməsi | |
Ünvan | İstanbul, Türkiyə |
Universitet şəhərciyi |
Ulduz şəhərciyi (1992-2015) Davutpaşa şəhərciyi (2015-h.h) |
Digər məlumatlar | |
Şüar | Ulduzlarla bir əsrə atılan imza (Yıldızlarla Bir Asra Atılan İmza) |
Sayt | iib.yildiz.edu.tr |
Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur.
Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir.
Tarixçə
redaktə1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.[3]
Ulduz şəhərciyi Çuxursaray binasında fəaliyyətə başlayan İqtisadi və İnzibati Elmlər fakültəsi, daha sonra fəaliyyətini Ulduz Sarayı Yavərlər korpusunda davam etdirmişdir. 2015-2016 tədris ilindən etibarən fakültə Davutpaşa şəhərciyində yerləşən yeni inşa edilmiş müasir binasında tədrisə başlamışdır. Hal-hazırda 3 ixtisas ilə tədrisini davam etdirən İqtisadi və İnzibati Elmlər fakültəsi, gələcək illərdə də müasir tələblərə uyğun olaraq yeni ixtisas kvotalarının açılacağını bildirmişdir.
İxtisaslar
redaktəİqtisadiyyat
redaktə1992-ci ildə yaradılmış İqtisadi və İnzibati Elmlər fakültəsinin ilk ixtisası İqtisadiyyat olmuşdur. 1993-1994 tədris ili ilə təhsilə başlayan ixtisas, 1997-ci ildə ilk məzunlarını vermişdir. İqtisadiyyat bakalavr proqramı dörd şöbə çərçivəsində həyata keçirilir:
- İqtisadiyyat nəzəriyyəsi
- İqtisadi inkişaf və beynəlxalq iqtisadiyyat
- İqtisadi siyasət
- İqtisadiyyat tarixi
Bundan əlavə, iqtisadiyyat şöbəsi, Yıldız Texniki Universiteti Sosial Elmlər İnstitutunda magistratura və doktorantura proqramlarını da davam etdirir. İxtisas, sosial və riyazi aspektləri güclü olan, iqtisadi problemləri konseptuallaşdıran və təhlil edən, səbəb-nəticə əlaqələri quran və analitik düşünən tələbələr yetişdirməyi daim hədəfləyir. İqtisadiyyat elmləri üzrə Türkiyənin ən seçilən ixtisaslarından biridir. İqtisadiyyat şöbəsinin dekanı Fazıl Qayıqçı, dekan köməkçisi isə Tunç Durmaz və Hasan Ağan Qaradumandır.
Biznesin İdarə Edilməsi
redaktə1996-cı ildə İqtisadi və İnzibati Elmlər fakültəsinin ikinci ixtisası olaraq yaradılmış Biznesin İdarə Edilməsi, özəl və dövlət sektorunun ehtiyac duyduğu ümumbəşəri dəyərlərlə təchiz olunmuş, öyrənməyi hədəfləyən, analiz və sintez etməyi bacaran, yaradıcı, təşəbbüskar, tədqiqatçı, risklərə qarşı daim hazırlıqlı, cəmiyyətə və ətraf mühitə məsuliyyətli, ünsiyyət və koordinasiya bacarıqlarından istifadə etməyi bacaran, müəssisənin daxili və xarici əlaqələrində qalıcı istiqamətləri verəcək peşəkarlar, sahibkarlar və idarəçilər yetişdirməyi hədəfləyir. İxtisasın tədris fəaliyyəti və akademik araşdırmaları 7 şöbə çərçivəsində həyata keçirilir:
- Mühasibat uçotu və maliyyə
- Kommersiya hüququ
- İdarəetmə və təşkilat
- İstehsalın idarə edilməsi və marketinq
- Təşkilati davranış və başçılıq
- Kooperativlər
- Rəqəmsal idarəetmə
Həmçinin, Biznesin İdarə Edilməsi ixtisası bakalavr təhsili ilə yanaşı, magistratura proqramı da təklif edir. Biznesin İdarə Edilməsi üzrə şöbənin dekanı Salih Durer, dekan köməkçisi isə Halil Emre Akbaş və Beyza Ahlatçıoğludur.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər
redaktəİqtisadi və İnzibati Elmlər fakültəsinin üç ixtisasından biri olan Siyasi Elmlər və Beynəlxalq Münasibətlər, 1999-cu ildə yaradılmış və 2000-ci ildən tədris fəaliyyətini davam etdirməkdədir. İxtisasın əsas məqsədi, gələcəyin siyasətçilərinə aktual məlumatlar vermək, beynəlxalq sistemin tarixini, mövcud fəaliyyətini və qanunvericilik bazasını öyrətmək, tənqidi və analitik təfəkkür inkişaf etdirərək, bu sahədə ekspertlər yetişdirməkdir. İxtisasın tədrisi 2 şöbə çərçivəsində həyata keçirilir:
- Siyasət elmləri
- Beynəlxalq münasibətlər
Mütəmadi olaraq yenilənən tədris planı başda Türkiyənin beynəlxalq sistemdəki yeri, şaxələndirici xarici əlaqələri olmaq üzərə geniş dünyəvi spektri əhatə edir. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası bakalavr təhsili ilə yanaşı, magistratura proqramı da təklif edir. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə şöbənin dekanı Mehmet Akif Okur, dekan köməkçisi isə Laçın İdil Öztığ və Türkan Ayda Gürkan Ərsandır.
Dekanlar
redaktə- Prof. Dr. Murat Dəmircioğlu, 1992-2005
- Prof. Dr. Aykut Poltaoğlu, 2005-2006
- Prof. Dr. Haldun N. Gülalp, 2006-2009
- Prof. Dr. Gülər Aras, 2010-2013
- Prof. Dr. Kənan Aydın, 2013-2020
- Prof. Dr. Halit Keskin, 2020-h.h
İstinadlar
redaktə- ↑ "Yıldız Teknik Üniversitesi | Akademik Birimler". yildiz.edu.tr (türk). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "YTÜ İktisadi ve İdari Bilimler Fakültesi | Misyonumuz ve Hedefimiz". iib.yildiz.edu.tr (türk). 27 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "YTÜ İktisadi ve İdari Bilimler Fakültesi | Tarihçe". iib.yildiz.edu.tr (türk). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.