Urartularin Naxcivana Yurusleri - Wikipedia
Urartuların Naxçıvana yürüşləri — e.ə. IX -VII əsrlərdə urartuluların Naxçıvan ərazisinə təcavüzkar yürüşləri.
Tarixi mənbələr
redaktəCulfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar olunan İlandağ (Haçadağ) kitabəsi İşpuini və Menuanın adını xatırladır, e.ə. 820-ci və 810-cu illərdə onların hərbi hücumları və qələbələrindən bəhs edir. Bu yazıya görə İşpuini və Menua Аrsiniе və Аyaniаnu torpaqlarını işğal etmələri, Pluadidə kitabə qoymaları, urartuların hərbi Allahı Xaldinin şərəfinə qurban vermələri ilə fəxr edirmişlər. Kitabənin mətni belədir: “İlahi Haldinin əzəməti ilə İşpuini Sardurinin oğlu və Meniua İşpuininin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər, İş [....şəhərinin] ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar və əmr verdilər: Pluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək qurban kəsilsin” [1] Kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər, çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur. Kitabənin mətnindən görünür ki, bu ərazilər urartulara məxsus olmamışdır. Onlar bu əraziyə işğalçı yürüşlər etmiş, lakin burada möhkəmlənə bilməmişlər. Elə buna görə də ilahi Haldiyə həsr edilmiş lövhə Pluadidə ucaldılmışdır. Məlum olduğu kimi, Pluadi Culfanın qonşuluğunda, Arazın o biri tərəfində yerləşirdi.
Oğlanqalanın tədqiqatları göstərir ki, bu qalanın ətrafında yaranan kiçik dövlət müəyyən mərhələdə Urartuların e.ə. IX və VIII əsrlərdə müharibələr apardığı və Etiuni adlandırdığı kiçik tayfaların və dövlətlərin birliyinə daxil olmuşdur. I Argiştinin kitabəsində deyilir : “İlahi Haldi yürüşə çıxdı, öz silahı ilə Etiuni ölkəsinə qalib gəldi. Kixuni şəhərinin ölkəsinə qalib gəldi, onları Argiştinin qarşısında məğlub etdi ... gölün sahilində yerləşən Kixuni şəhərinin ölkəsini zəbt etdim, Aliştu şəhərinə çatdım, kişiləri, qadınları oradan apardım”. [2] Kitabənin mətnindən göründüyü kimi I Argiştinin yürüşləri zamanı Etiuni ölkəsinin bir qismi urartular tərəfindən işğal edilmişdi. Urartuların Etiuni tayfalarını uzaq şimalda, Göyçə gölünün yaxınlığında yerləşdiyini xatırlasa da, qeyd etmək lazımdır ki, bu tayfalar Naxçıvanın qonşuluğunda yerləşən böyük tayfa birliyi olmuşdur. Urartu hökmdarı II Argiştinin Sisian yaxınlığında tapılmış kitabəsində deyilir: “Mənim qarşıma ....Etiuni ölkəsinin çarı gəldi, ölkəsinin vergisini mənə verdi.. [3]. Kitabənin mətni Göyçə gölü hövzəsində yaşayan Etiuni tayfa birliyinin Naxçıvan yaxınlığında yerləşdiyinə işarə edir və bu konfederasiyanın böyük ərazini əhatə etdiyini təsdiq edir. Kitabənin mətni həmçinin Etiuni konfederasiyasına daxil olan tayfaların xərac verməklə işğaldan yaxa qurtardığını, həmçinin onların urartulardan nisbi asılılığını göstərir.
Akademik B.B.Piotrovskinin fikrinə görə, Urartuların şimal qalaları skiflər tərəfindən dağıdılmışdır. Bu həmin qalaların divarlarına sancılmış skif tipli ox ucluqları ilə təsdiq olunur. Urartu Naxçıvanın lap qonşuluğunda yerləşirdi və onlar lovğalıqla işğal etdikləri hər yerdən bəhs edirdilər. B.B.Piotrovski qeyd edir ki, əgər mixi yazılar qonşular haqqında susursa bu, sərhəddə olan ağır döyüşlərdən və məğlubiyyətdən xəbər verir.
Mənbə
redaktə- Aşurov S.H. Naxçıvanda arxeoloji tədqiqatlar. Bakı, 2003,
- Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı, 1993
- Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən – b.e. III əsri). Bakı, 2007.