Tagmar Qalasi - Wikipedia
Tağmar qalası - XI-XIII əsrlərdə Naxçıvan ərazisində mövcud olmuş qala. H.Qəzvininin “Nüzhət əl-qülub” əsərində adını çəkdiyi dörd qaladan biri də Tağmar qalasıdır.[1] Qalanın dəqiqliklə Naxçıvan ərazisində hansı istiqamətdə yerləşməsi haqqında məlumat olmasa da, tədqiqatçılar toponimə əsasən müəyyən fikirlər irəli sürmüşlər.
Tağmar qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Gal kəndi |
Tikilmə tarixi | XI-XIII əsrlər |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məlumdur ki, Naxçıvanın bu gün də simvollarından biri hesab edilən Haçadağın digər bir adı İlandağdır. Culfa rayonu ərazisində yerləşən 2415 metr hündürlükdə olan bu dağ bəzi əfsanə və fərziyyələrə görə Nuh peyğəmbərin öz qövmünə xitabət dağı olmuş, sonradan isə bu inam o dağı Elandağa çevirmişdi. Digər bir ehtimal isə ərazidə zəhərli ilanların çox olması ilə əlaqəlidir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi, ocaq yeri və orta əsrlərə aid saxsı qab qalıqları aşkar edən tədqiqatçılar qeyd edirlər ki, İlandağ müşahidə məntəqəsi kimi istifadə edilmiş, yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilmişdir.
Toponimin izahı ilə bağlı ehtimallar
redaktəTağmar toponimindəki “Tağ” indi də dilimizdə qalmış “dağ” sözünün ilkin forması, “mar” isə səlcuqların saray dili olan – farscadan tərcümədə ilan deməkdir.[2] Deməli hesab etmək olar ki, İlandağın üzərindəki gözətçi məntəqəsindən – qaladan H.Qəzvini Tağmar olaraq bəhs etmişdir (61, s. 140).[3] Bəzi orta əsr mənbələrində isə “mar” tayfa, xalq adı kimi xatırlanır.[4]
Qalanın lokalizasiyası
redaktəQədim Gal-İlandağ yaşayış yerində qalıqları bu günədək gəlib çatmış İlandağ karvansarayından 40-50 metr cənubda bu gözətçi məntəqəsinin – qalanın qalıqları bu gün də qalmaqdadır.[5] Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin verdiyi məlumata görə ətrafı qaya parçaları ilə hasarlanmış, sıldırım qaya üzərində yerləşən bu gözətçi məntəqəsindən ətraf əraziləri izləmək mümkün olmuşdur. Ordubad-Culfa-Naxçıvan-Sədərək beynəlxalq karvan yoluna xidmət edən yardımçı qollardan biri Gal-Şurut-Paradaş-Dərgəməlik-Nürgüt-Sisyan (Sünik) istiqamətində uzanan yolun Culfa şəhərindən Paradaş kəndinə qədər olan hissəsi bu məntəqə vasitəsilə aydın müşahidə olunurdu.[6] Qeyd edək ki, “Naxçıvan abidələri ensiklopediyası”nda da Culfa rayonunun Gal kəndindən şimal-şərqdə İlandağın yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yerindən bəhs olunur. Yerli əhali arasında “Nəbi qala”sı adlandırılan bu qalada arxeoloji tədqiqatlar zamanı tapılan maddi mədəniyyət nümunələrinə əsasən onun XI-XVIII əsrlərə aid olması ehtimal edilir.[7]
Mənbə
redaktə- Kəlbizadə E. Naxçıvanın tarixi-coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi 2016, 200 s., s. 35-37 Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine
- Келбизаде Э. О четырёх крепостях Нахчывана, упоминаемых в произведении историка XIV века Xамдуллаха Kазвини / Materials of the International Scientific Conference Multilingual education as basis of preserving language heritage and cultural variety of the humanity (under the guidance of UNESCO), Vladikavkaz, 2014, с.100-104.
İstinadlar
redaktə- ↑ Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı:Azərbaycan Universiteti,1989, 328 s., s. 170
- ↑ Келбизаде Э. О четырёх крепостях Нахчывана, упоминаемых в произведении историка XIV века Xамдуллаха Kазвини / Materials of the International Scientific Conference Multilingual education as basis of preserving language heritage and cultural variety of the humanity (under the guidance of UNESCO), Vladikavkaz, 2014, с.100-104.
- ↑ Kəlbizadə E. XIV əsr tarixçisi Həmdullah Qəzvinin haqqında bəhs etdiyi dörd Naxçıvan qalası haqqında // Axtarışlar jurnalı, Naxçıvan, 2013, № 4, s. 140.
- ↑ Даврижеци А. Книга История. Москва, 1973, 623 с., c. 46
- ↑ Kəlbizadə E. Naxçıvanın tarixi-coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi 2016, 200 s., s. 36
- ↑ İsayev E. Böyük İpək yolu və Naxçıvan, Bakı:Elm və təhsil, 2012, 214 s., s.98
- ↑ Naxçıvan abidələri ensiklopediyası. İstanbul:Bakanlar Medya, 2008, 519 s., s. 199