Soya - Wikipedia
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi.
Bioloji xüsusiyyətləri
redaktəSoya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5–7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.
Bitkinin tarixi
redaktəSoyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər. Soya ilk paxlalı bitkidir ki, bizim eradan əvvəl 2852–2737-ci illərdə yaşamış çin imperatoru Şen Nunqun kitablarına düşüb. Onlarda Çinin 5 müqəddəs bitkisinin adı var: düyü, soya, buğda, yulaf, darı.
Soyanın xalq təsərrüfatı əhəmiyyəti
redaktəSoya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33–45% zülal, 25–27% yağ və 25–27% karbohidratlar vardır (hətta zülal 52%-ə də çatır). Soyanı becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın tərkibindəki zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6, qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur.
Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.
Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak, boyaq sənayesində də istifadə olunur. Dünyada istehsal olunan bitki yağı istehsalına görə soya birinci yeri tutur. Onun payına 40%, günəbaxanın payına isə 18–20% düşür. Soyanı digər dənli — paxlalı bitkilərdən fərqləndirən əsas cəhəti onun zülalinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır.
Soya unu və jımığı heyvanlar üçün çox dəyərli yemdir. Jımıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31–1,47 yem vahidi, 275–338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki xırda davarlar (qoyun) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloza vardır. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.
Becərilməsi və məhsuldarlığı
redaktəDənli-paxlalı bitkilər içərisində soya əkin sahəsinə görə dünyada birinci yeri tutur . Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14–15 sentnerdir.
Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1mln hektar və məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25–30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250–300 sentner olmuşdur.
Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. soya üçün yararlıdır.
Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.
Sələf dənli taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.
Birinci üzləməni 6–8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və BDT-3 markalı ağır diskli malalarla 10–12 sm dərinlikdə aparırlar. Üzləmədən 10–15 gün sonra sahə PƏ-5–35 markalı kotanla 28–30 sm dərinlikdə şumlanmalıdır.
Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25–27 sm) şumlanmalıdır.
Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir. Əsas şum altına N 60–90 kq, P2O5 60–90 kq, K2O 30–54 kq verilməlidir. Azot kübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2–3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dənədolma dövründə verilməlidir. Kübrələr RUM-5,1; RMQ-4 markalı kübrə səpən maşınlarla verilə bilər.
Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir.
Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3–4 həftə qalmış 1 ton toxuma 1–2 kq 70%-li taçiqran işlənilməlidir.
Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentouramın tətbiqi yaxşı nəticə verir. 60%-li fentouramdan 1 ton toxuma 4,6 kq işlətmək məsləhət görülür.
Toxum PSQİ-5, PS-10, "Mobitoks" maşınlarında yarımquru üsulla dərmanlana bilər. Mütləq kütlədən asılı olaraq hektara 50–90 kq (400–600 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45–60 sm olmaqla səpilə bilər. Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6–8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2–1,5 kq treflan herbisidi 200–300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8–10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.
Səpin əkin qatında temperatur 10–120C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. Kütləvi çiçəkləmə, paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500–600 m³, şırımlarla infiltrasiya yolu ilə 700–800 m³ su normasında keçirilir.
Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1–2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.
Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li emulsiyası ilə hektara 1–1,5 kq, fosfamidlə Bİ-5,8 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.
Məhsulun yığılması
redaktəYetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə dəndə 14–16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, "Sibiryak" kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrü dəqiqədə 400–500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40–45% olduqda maqnezium – xlorat preporatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya aparılmır. Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.
Soya südü
redaktəSoya paxlasının zəngin tərkibindən bəhrələnən soya südü paxlanın isladılıb üyüdülməsi və süzülməsindən sonra əmələ gəlir. Bəzi diyetoloqların fikrincə, soya südü qida maddələrinin tərkibi baxımından A, D, E, B vitaminləri, riboflavin və dəmirlə zəngindir. Sadə soya südü protein baxımından çox zəngindir. Adi inək südünə nəzərən lif daha çox olub, inək südündən daha yağlıdır. Bu yağlar orqanizmə zərərli olmayıb, əksinə xolestreol səviyyəsinin aşağı salınmasını təmin edir.
Soya südü aşağıdakı kimi hazırlanır: 1 stəkan – soya; 5,5 stəkan – su; 2,5 xörək qaşığı – şəkər; 0,5 çay qaşığı – duz götürülür. Əvvəlcə soyanı dərin bir qaba əlavə edib üzərinə 3–4 barmaq gələcək qədər su töküb 8–10 saat şişməsini gözləyirik. Bu müddət uzun olarsa soyuducuda saxlamaq məsləhət görülür. Otaq temperaturunda qaldıqda dadı dəyişir. Soyuducuda bir gün saxladıqdan sonra səhəri gün soyaları süzgəc vasitəsi ilə götürürük. Soyanın üst qabığını mümkün olduqca təmizləmək lazımdır. Qabıqları əlimizlə ovuşduraraq təmizləmək olar. Qabığı tam təmizlənmədiyi halda südün dadı xoşagəlməz olur. Bu səbəbdən soyaları qabıqdan ayırmaq məsləhət görülür. Bunun üçün ovduğumuz soyaların üstünə su alırıq. Qabıqlar yüngül olduğu üçün suyun üzərinə qalxır. Süzərək qabıqları atırıq. Təmizlənmiş soya toxumlarını blenderə qoyub üzərinə 2 stəkan su əlavə edib püre halına gətiririk. Sonra alınan məhlulu tənziflə süzürük üzərinə 2,5 xörək qaşığı şəkər və 0,5 çay qaşığı qaya duzunu əlavə edib qaynadırıq. Beləliklə, soya südümüz hazırdır. Soyada genistein ve daidzin başda olmaqla fitoestrogenlər mövcuddur. Estrogenin xüsusilə, klimaksdan əvvəl qadınlarda istilik basması kimi əlamətlərin azalmasında və ürək-damar sağlamlığı baxımından xoşxassəli xolesterolun artırılmasında rolu vardır.
Soya südünün tərkibində laktoza olmadığı üçün xüsusilə laktoza dözümsüzlüyü olan insanlarda üstünlük verilə biləcək ən yaxşı alternativdir. Son illərdə get-gedə artmaqda olan inək südü allergiyası olan insanlara soya südü münasib variantdır. Həmçinin vegeterianlar tərəfindən inək südü əvəzinə istifadə olunur. Soya südünün günlük qida miqdarı 100 ml-dən çox olmamalıdır.
Bəzi araşdırmalar zamanı soya məhsullarına üstünlük verənlərin daha yaxşı çəki itirdiyi müşahidə olunub. Buna soya izoflovanlarının insulin tənzimlənməsi və yağ metabolizmi üzərindəki müsbət təsirlərinin səbəb olduğu qeyd edilir. Bu səbəblə də arıqlamaq istəyənlərin seçimləri sırasına soya südü əlavə oluna bilər.[1]
Soya südünün əsas faydalı xüsusiyyətləri:
redaktə- Tərkibində Omeqa-6, omeqa-3 yağ turşuları və dəmir olması səbəbiylə soya südü qan damarlarının divarlarını daha elastik və davamlı edir. Bundan əlavə, bu maddələr azad radikalların hərəkəti ilə qan damarlarının pisləşməsinə və daxili divarlarda xolesterolun əlavə edilməsinə mane olur;
- Qan lipid profilini stabilləşdirir. Həkimlər bu əmlakı soya məhsulu üçün ən yaxşısından biri hesab edirlər. Poli və mono doymuş yağlar xolesterolun qana nəqlinə maneə törədirlər, beləliklə, yüksək sıxlıqlı lipoproteinin konsentrasiyasını ("yaxşı" xolesterol) azaldır;
- Xərçəngin qarşısını alır. Soya südü yaxşı xərçəng əleyhinə xarakteristikaya malikdir. Bəzi araşdırmalar göstərir ki, istifadəsi kişilərdə prostat xərçəngi və qadınlarda döş xərçənginin inkişaf riskini azaldır;
- Osteoporozun inkişafına mane olur;
- Yüksək antioksidan xüsusiyyətləri sayəsində soya südü, azad radikalların toxumalarda və hüceyrələrdə dağıdıcı təsirinin qarşısını alır, yaşlanmalarını yavaşladır;
- Tərkibində quliten və laktoza olmadığı üçün rahat həzm olunur;
- Zülal mənbəyidir;
- Qadınlarda menopozdan sonra meydana gələn semptomların azalmasına təsir göstərir;
- Mütəmadi istifadə zamanı bölgəsəl yağlanmaları azaldır.[2]
Ədəbiyyat
redaktə- Q.Y.Məmmədov. Dənli-paxlalı bitkilərin botaniki quruluşu və bioloji xüsusiyyətləri. Bakı: ADAU, 2009. Arxivləşdirilib 2015-06-21 at the Wayback Machine
- S.C. Əliyev və baş. Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu. Kirovabad: 1988, 41 səh.
- P.Y. Qrebennikov və baş. Bitkiçilik. Bakı: 1964, 377 səh.
- Ç.M. Novruzov və baş. Bitkiçilik. I cild. Kirovabad: 1979, 93 səh.
- M.İ. Cəfərov və baş. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı: 2000, 264 səh.
- H.M. Xəlilova. Bitkiçilik üzrə laboratoriya məşğələləri. Bakı: 1973, 367 səh.
- П.П.Вавилов. Растениеводство. Москва: 1986, 512 стр.
- C.Ə. Əliyev və baş. Azərbaycan SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi. Bakı: 1982, 51 səh.
- Д.Гберт, И.Фокке, В.Клейн. Выращивание зернобобовых культур на промыщленной основе. Москва: Колос, 1981, 159 стр.
- Б.В. Федосеев. Механизированная технология возделивания и уборки бобовых культур. Москва: Россельхозиздат, 1983, 183 стр.
- Д.Шпаар и др. Зернобобовые культуры. Минск: 2000, 264 стр.
- Г.Т. Лавриненко и др. Соя. Москва: 1978, 187 стр.
- Д.А. Алиев, З.И. Акперов. Фотосинтез и урожай сои. Москва-Баку: 1995, 116 стр.
İstinadlar
redaktə1.Mənbə: Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим. 2. nkpi.az saytı 2019–11-0