Senkaku Adalari - Wikipedia
Senkaku adaları (yap. 尖閣諸島, senkaku-şoto) — Şərqi Çin dənizində Tayvandan 170 km şimal-şərqdə yerləşən Yaponiyanın Senkaku, Çinin isə Diaoyu Dao adlandırdığı mübahisəli arxipelaq.
Senkaku adaları | |
---|---|
yap. 尖閣諸島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 7 km² |
Hündür nöqtəsi | 383 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
25°46′31″ şm. e. 123°31′39″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəQeyd etmək lazımdır ki, Yaponiyanın Senkaku, Çinin isə Diaoyu Dao adlandırdığı adalar Şərqi Çin dənizində yerləşir. Arxipelaqın ümumi sahəsi 7 km² təşkil edir. Yaşayış olmayan 5 adadan və 3 qayadan ibarətdir. Tarixi baxımdan adalar Çin, Yaponiya və ABŞ-nin nəzarəti altında olmuşdur. Adalar üzərində inzibati nəzarət 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya təhvil verilmişdir. Bu addımı ÇXR qanunsuz hesab edir.
2012-ci ildə Çinlə Yaponiya arasında Diaoyu Dao/Senkaku adaları ilə bağlı münaqişənin gərginləşməsi nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sonrakı illərdə azalmışdır. İki ölkə arasında siyasi münasibətlərin səviyyəsi daim işgüzar əməkdaşlığa müvafiq təsirini göstərmişdir. İnsan yaşamayan ərazidən ibarət olan "Senkaku-şoto" (Diaoyu) adaları üzərində Yaponiyanın sahiblik iddiasını nə Çin, nə də Tayvan qəbul edir. Bundan əlavə, onlar Yaponiyanın Şərqi Çin dənizində birtərəfli şəkildə təyin etdiyi məsafə xəttini də rədd edirlər. Çin-Yaponiya münasibətlərinə mənfi təsir edən adalar məsələsinin həll edilməməsi başlıca problemlərdən biridir.
Tarixi
redaktəTokionun rəsmi təsdiqinə görə hələ 1885-ci ildə Yaponiya hökuməti Senkaku adalarının tədqiqinə başlamış və həmin vaxt təsdiq olunmuşdur ki, adalar sakinsiz olub və onların Çinin nəzarəti altında olmasına dair hər hansı bir iz olmayıb. Bunun əsasında 1895-ci il yanvar ayının 14-də ölkə idarəçiliyi rəsmi olaraq Senkaku adalarını Yaponiya ərazisinin tərkibinə daxil etmişdir. Bu birləşdirmə beynəlxalq hüquqda terra nulliusa — heç kimin torpağı qaydasına müvafiq olaraq həyata keçirilib.[1]
Senkaku adaları nə Tayvan adalarının, nə də Peskador adlarının bir hissəsi olmayıb 1895-ci ilin aprelində Birinci Çin-Yapon müharibəsinin nəticəsi kimi imzalanan Simonoseki müqaviləsinə əsasən bu arxipleaqın Çin tərəfindən Yaponiyaya güzəştə gedilməsi öz təsdiqini tapmışdır. 1900–1940-cı illərdə Kubadzima və Uotsuridzima adalarında yapon balıqçılarının iki məskəni mövcud olmuşdur və adalarda cəmisi 248 sakin qeydə alınmışdır. Uotsuridzima adasında bonita (balıq növü) təkrar istehsalı üzrə zavod fəaliyyət göstərmişdir. Yaponiyanın balıq sənayesinin böhran yaşaması ilə əlaqədar zavod bağlanıb və yaşayış məskənləri 1941-ci ilin əvvəllərində tərk edilib. 1945-ci ildə Yaponiya müharibədən məğlub çıxandan sonra XIX əsrin sonlarında əldə etdiyi bütün əraziləri itirdi. Senkaku Okinava ilə birlikdə ABŞ-nin nəzarəti altına düşdü. Lakin ABŞ 1970-ci ilin əvvəllərində Senkaku ilə birlikdə Okinavanı da Yaponiyaya qaytardı.
20 ildən sonra Çin Xalq Respublikası bu qərarla razılaşmadığını bəyan etdi və 1992-ci ildə bu ərazini "həqiqi Çin" ərazisi elan etdi. Bildirildi ki, bu adalar Çin dənizçilərinə çoxdan məlumdur və XV əsrdən başlayaraq dərc edilən gəmi qeydləri ilə öz təsdiqini tapır. Çin tərəfinin fikrincə 1943-cü il Qahirə bəyannaməsinə əsasən adaları Çinə qaytarmaq lazımdır. Çünki bu bəyannaməyə görə Yaponiya işğal etdiyi bütün ərazilərdən məhrum olurdu. Çin və Tayvan hökumətlərinin iddialarına cavab olaraq Yaponiya hökuməti yaranan mübahisələrə səbəb kimi 1968-ci ildə Senkaku adalarında BMT tərəfindən aparılan tədqiqatlar zamanı neft və qaz yataqlarının aşkar edilməsini göstərdi. Yaponiya hökuməti həm də bəyan edirdi ki, həmin vaxta qədər Senkaku adaları ətrafında hər hansı bir problem yaşanmamışdır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Senkaku adaları". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.