Sedrak Abramov - Wikipedia
Sedrak Karapetoviç Abramov (28 aprel 1900, Vartaşen, Nuxa qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin birinci katibi (1949–1952), Azərbaycan SSR xalq balıq sənayesi komissarı (1939–1945).
Sedrak Abramov | |
---|---|
rus. Седрак Карапетович Абрамов erm. Սեդրակ Կարապետի Աբրամով | |
yanvar 1949 – 1952 | |
Əvvəlki | Tiqran Qriqoryan |
Sonrakı | Yeqişe Qriqoryan |
9 sentyabr 1939 – 15 oktyabr 1945 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Böyükağa İslamov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1900 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəSedrak Karapetoviç Abramov 1900-cü ildə Nuxa qəzasının Vartaşen kəndində (hazırkı Oğuz) çəlləkçi ailəsində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra əvvəlcə kənd təsərrüfatı sahəsində çalışmış, sonra isə Nuxa şəhərinə köçərək tütün fabrikində fəhləlik etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurularkən bolşeviklər partiyasına üzv olmuş və Fəhlə-Kəndli Qırmızı Ordusunun sıralarında ağqvardiyaçılara qarşı vuruşmuşdur.[1]
Sedrak Abramov 1922-ci ildə ordudan tərxis edilərək Azərbaycana qayıtmış və 3 il Nuxa şəhərində sovet və həmkarlar işində çalışmışdır. 1925-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasında təlimatçı vəzifəsinə təyin edilərək Bakıya köçmüş, sonrakı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında müfəttiş vəzifəsində işləmişdir. 1932-ci ildə Azərbaycan Neft İnstitutunu bitirərək "Azərneft"in əmtəə-nəqliyyat idarəsinin plan-maliyyə şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və 4 il bu vəzifədə işləmişdir. 1936–1937-ci illərdə ixtisaslı neft sənayesi işçilərinin hazırlanması sahəsində çalışmış, 1937-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali məktəb və elmlər şöbəsi müdirinin müavini təyin edilmişdir. 1938-ci ilin sentyabr ayında isə Azərbaycan KP Bakı Şəhər Komitəsinin ikinci katibi seçilmişdir. Sedrak Abramov 1929–1939-cu illərdə vəzifələrdə çalışmaqla bərabər ictimai-iqtisadi elmlər üzrə pedaqoji fəaliyyət də göstərmişdir.[1]
1939-cu ilin sentyabr ayında Sedrak Abramov Azərbaycan SSR xalq balıq sənayesi komissarı vəzifəsinə təyin edilmiş 6 il bu vəzifədə çalışmışdır. 1945-ci ilin oktyabr ayında yenidən partiya işinə qaytarılaraq Azərbaycan K(b)P MK katibinin yüngül sənaye üzrə müavini, Mərkəzi Komitənin Ticarət və ictimai iaşə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1949-cu ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir.[1]
Sedrak Abramov 1938-ci ildən Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üzvü olmuşdur. I və II çağırış Azərbaycan SSR Ali Sovetinin, III çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" (1940), "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Седрак Карапетович Абрамов // Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил. С. 3.
- ↑ Абрамов Седрак Карапетович // Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991) (rus). 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.