Saleh Rustemov Siyasetci - Wikipedia
Saleh Məhərrəm oğlu Rüstəmov (25 may 1963, Gədəbəy) — azərbaycanlı siyasətçi, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), siyasi məhbus.[1]
Saleh Rüstəmov | |
---|---|
27 may 1992 – 26 noyabr 1993 | |
Əvvəlki | Qənbər Qurbanov |
Sonrakı | Ramiz Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 may 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəSaleh Rüstəmov 1963-cü il mayın 25-də Gədəbəy şəhərində anadan olmuşdur. O, 1970–1978-ci illərdə İ. Əliyev adına Gədəbəy qəsəbə orta məktəbində, 1978–1980-ci illərdə isə N. Krupskaya adına Gədəbəy qəsəbə tam orta məktəbində təhsil almış, 1980–1984-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır.
1984-cü ildə bir müddət idman müəllimi olaraq çalışan Saleh Rüstəmov 1987–1988-ci illərdə Gədəbəy İdman Məktəbinin tədris şöbəsinin müdiri, 1988–1991-ci illərdə isə Gədəbəy İdman Məktəbinin müdiri vəzifəsində çalışmışdır. O, 1984–1986-cı illərdə Jitomir vilayətində Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur.
Ailəlidir, üç övladı var.
Həbsi
redaktəSaleh Rüstəmov 2018-ci il mayın 5-də Rusiyadan Azərbaycana gəlmiş, mayın 8-də isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193–1.3.1 və 193–1.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Saleh Rüstəmov təcridxana olduğu müddət ərzində işgəncələrə məruz qaldığını bildirmişdir.[2]
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Özü ittihamları rədd etmiş və siyasi məhbus ailələrinə pul yardımına görə həbs olunduğunu bildirmişdir.[3]
Saleh Rüstəmov 2021-ci il noyabrın 6-da azad edilməsi tələbilə aclıq elan etdi və aksiyanı 40 gün davam etdirdi.[4] Saleh Məhərrəm oğlu Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2022-ci il tarixli Sərəncamı ilə əfv edilmişdir.[5]
İctimai-siyasi fəaliyyəti
redaktəBirinci Qarabağ müharibəsi zamanı Saleh Rüstəmov Gədəbəy Özünümüdafiə Batalyonunun və Xüsusi Təyinatlı Milis Dəstəsinin Gədəbəy Bölüyünün yaradılmasında rol almışdır.
Saleh Rüstəmov 27 may 1992-ci ildə Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 792 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[6] Başçı olduğu illərdə o, Gədəbəy Rayon Müdafiə Komitəsinin rəhbəri olmuşdur.
4 iyun Gəncə qiyamının ardından Saleh Rüstəmov vəzifəsindən istefa vermiş və 26 noyabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin 50 nömrəli fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[7]
Partiya fəaliyyəti
redaktəSaleh Rüstəmov 1989–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. Partiyalaşma prosesindən sonra o, 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gədəbəy Rayon Şöbəsinin sədri və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü olmuşdur. O, 1998-ci ildə daimi olaraq Rusiyada yaşamağa başladığına görə partiyada tutduğu vəzifələrindən istefa vermişdir.
İstinadlar
redaktə- ↑ Report İnformasiya Agentliyi. "Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib". www.report.az ( (az.)). 04.02.2023. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.02.2023.
- ↑ Toplum TV. "Saleh Rüstəmov işgəncələrdən danışıb". www.toplum.tv ( (az.)). 04.02.2023. İstifadə tarixi: 04.02.2023.[ölü keçid]
- ↑ BBC Azərbaycanca. "Saleh Rüstəmov aclığı dayandırıb, vəziyyəti "yaxşıdır"". www.bbc.com ( (az.)). 04.02.2023. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.02.2023.
- ↑ Qafqazinfo.az xəbər saytı. "Saleh Rüstəmov aclığı dayandırdı - Yenilənib". www.qafqazinfo.az ( (az.)). 16.12.2021. İstifadə tarixi: 04.02.2023.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2022-ci il tarixli 3282 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 04.02.2023. İstifadə tarixi: 04.02.2023.[ölü keçid]
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Saleh Məhərrəm oğlu Rüstəmovun Gədəbəy rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi və Qənbər Şəmşir oğlu Qurbanovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərovun 27 may 1992-ci il tarixli 792 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 04.02.2023. İstifadə tarixi: 04.02.2023.[ölü keçid]
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Ramiz Əmir oğlu Bağırovun Gədəbəy rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi və Saleh Məhərrəm oğlu Rüstəmovun həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 26 noyabr 1993-cü il tarixli 50 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 04.02.2023. 2018-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.02.2023.