Quscu Tayfasi - Wikipedia
Bu məqalə Quşçu (tayfa) haqqındadır. Digər mənalar üçün Quşçu səhifəsinə baxın. |
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır.
Kuşi tayfasının qısa tarixi
redaktəEramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır.
Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır .[1].
Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların adı ilə bağlıdır [2]
İlk dəfə N.A.Aristov kuşçu tayfasının hunlarla əlaqədar olduğunu söyləmişdir. M.H.Vəliyevə görə quşçular III-VI əsrlərdə Azərbaycana gəlmiş hunların qalıqlarıdır. Onun fikrincə Azərbaycana 227-ci ildə gəlmiş hunlar "quşan" (qara hunlar) və hun-Sabirlər idilər. Abramson və Ə.Hüseynzadə bu etnonimin kökündə türk və Azərbaycan dillərindəki kuş (quş) sözünün durduğunu və bütünlükdə etnonimin "Ovlayan quşla məşğul olan" mənasını verdiyini söyləmişdir. Lakin geniş areala malik Quşçu toponimləri və Quşçu tayfa adları aydın göstərir ki, onların ov quşu ilə heç bir əlaqəsi yoxdur.
N.Piqulevskaya yazır ki, kuşanların içərisində türk tayfaları da vardı. Bunu Kuşan çarlarının yabqu adlanması da aydın göstərir ki, bu da "şahzadə" deməkdir. Təbəri IX əsr Kuşan çarlarını "Xoqan" adlandırmışdır. Beləliklə həm tarixdə, həm də dilçilikdə "ağ quşu saxlayan" Şahzadə "Xoqan" mənalarını daşıyan bu tayfanın oğuz yurdunda özünəməxsus yeri olmuşdur [3]
Ə.Hüseynzadə isə quşçu tayfasının Azərbaycana gəlişini monqolların Şimali Qafqazı alması ilə əlaqələndirmişdir. Lakin Ə.Hüseynzadənin fikri inandırıcı deyildir, çünki XII əsrə aid erməni mənbələrində Azərbaycan ərazisində şirvan, bakan və b. tayfalar ilə yanaşı quşi tayfasının da adı çəkilir. Maraqlı odur ki, Zaqafqaziya toponimiyasında bu etnonim həm Quşi, həm də Quşçu formalarında öz əksini tapmışdır.
Azərbaycanda kuşi etnonim əsaslı etnotoponimlərin yayılma areallarına aşağıdakı bölgələr daxil edilir: Quba, Şamaxı, Ağdam, Qazax, Cəbrayıl, Şuşa, Qax, Daşkəsən.
Hələ Məhəmməd Həsən Vəliyev Baharlının "Azərbaycan" əsərində Azərbaycanda Quşçu tayfa adı ilə bağlı yaranan aşağıdakı kənd adları çəkilir: Göyçayda Quşçi, Yengicə; Qubada-Köhnə Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu; Şamaxıda Quşçu; Ağdaşda-Quşlar; Cavanşirdə-Quşlar; Zəngəzurda-Quşçu Bələk, Quşçu, Quşçu Təzəkənd; Qazaxda-Quşçu; Cəbrayılda Quşçular; Şuşada-Quşçular, Quşaba [4].
Bundan əlavə Qax rayonunun İlisu kəndində məhz bu etnonim Quşilər formasındadır. Azərbaycan ərazisində yaşamış quşçu tayfasının adı Şamaxı rayonunda Quşçu dağının (hündürlüyü 1421 metr) adında qalmışdır. Respublikamızda Quşçu dağı Daşkəsən rayonu ərazisində, Quşçu ayrımı, Quşçu qalası dağı (Laçın rayonu, Quşçu kəndi) Quşçular dağı (Xocəvənd rayonu) Quşçunun yalı Gədəbəy rayonu, Göyəli kəndi oronimləri və s. qeydə alınmışdır.
Oğuz rayonunun Yaqublu kəndinin cənubunda Quşlar adlı kənd xarabalığı da vardır. Keçmişdə Kuban əyalətində Quşi xutoru və Quşi adlı bir neçə kənd olmuşdur. Bütün bu faktlar kuşinin etnonim olmasına sübuta yetirməklə yanaşı, onun geniş arealda yayılmasını göstərir[2].
Ermənistan ərazisində də kuşi etnonimi
redaktəErmənistan ərazisində də kuşi etnonim əsaslı etnotoponimlər çoxdur.
İrəvan xanlığının Sürməli mahalında kənd adı. 1878-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qədim türk mənşəli Kuşi (Kuşçu) tayfasının adını əks etdirir. XIX əsrdə Qafqazda 38 Kuşi və Quşi, Quşçu, Quşilər toponimi vardı. Quşi (Quşçu) tayfası III-IV əsrlərdə Cənubi Qafqaza gəlmişdir. Ilk dəfə "VII əsr erməni coğrafiyası" adlı mənbədə (VII əsr) xuşi kimi qeyd olunmuşdur. Mənşəcə orta Asiyada Kuşan çarlığını yaratmış (I-III əsrlər) türklərdə Quşçu, farslarda Kuşan tayfası Orta Asiya Iran və Qafqazda külli miqdarda toponimlərdə iz qoymuşdur.
- Quşi-Irəvan xanlığının Dərələyəz mahalında kənd adı olmuşdur. 1828-1832-ci illərdən kənddə ermənilər də məskunlaşmışdılar. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşlar. 1946-cı ildə kənd ermənicə Kecit adlandırılmışdır. Yerli əhali içərisində kəndə Bilən də deyilmişdir.
- Quşi-Irəvan quberniyasının Eçmiədzin qəzasında kənd adıdır. Quşidərəsi – Irəvan quberniyasının Novobəyazid qəzasında kənd adıdır. XIX əsrin sonlarından bəri adı çəkilmir. Quşioğlu məzrəsi –1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı olmuşdur.
- Quşçu –Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan ayonunda) kənd adı olmuşdur. 1950-cı ildə Davidbəy qəsəbəsi ilə birləşdirilmişdir. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur.
- Quşçu –1590-cı ildə Irəvan əyalətinin Karbi nahiyəsində kənd adı; Quşçu –1728-ci ildə Irəvan əyalətinin Məzrə nahiyəsində Ağcaqala tərəfdə yerləşən kənd adı olmuşdur.
- Quşcaqaya –Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselsk r-da) mahal adı olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Qutbi qışlağı – 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı idi. Beyti –Murad (Muradxan kəndi) də adlanır.
İstinadlar
redaktə- ↑ Qeybullaev Q. Toponimiə Azerbaydcana. – Baku: Glm, 1986. – 192s.
- ↑ 1 2 Ismayılov M. Azərbaycan tarixi. –Bakı: Elm, 1992. -261s.
- ↑ Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. –Bakı: Oğuz eli, 1998. – 452s.
- ↑ Vəliyev M.H. /Baharlı/. Azərbaycan. –Bakı: Azərbaycan, 1993. -192s.