Norvec Kralliginin Huquq Sistemi - Wikipedia
Norveç Krallığının hüquq sistemi
redaktəNorveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir.
Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir.
Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı.
Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi. XVI əsrin əvvəllərində Norveç Danimarkanın adicə bir əyalətinə çevrilsə də, onun hüquq sistemi həmişə kifayət qədər müstəqil olaraq qalırdı və Danimarka kralları, eyni vaxtda Norveç kralları hesab edilsələr belə, Norveç üçün ayrıca qanunlar verirdilər ki, bəzən, onlar Danimarka da nəşr olunan qanunlarla üst-üstə düşürdü. 1602–1604-cü illərdə Norveç üçün "Kral IV Kristianın qanunlar Külliyyatı" hazırlanaraq nəşr olundu. Bu, mahiyyətcə, "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun qədim Norveç dilindən tərcüməsi və bütün qanunverici aktların daxil edilməsi ilə qanun məcmuələrinin yeni redaksiyası idi.
Bütün qanunvericiliyin həqiqi radikal islahatları 1687-ci ildə altı cilddə "Kral V Kristianın Norveç qanunlar külliyyatı" nəşr edildikdən sonra həyata keçirildi. O, hüququn bütün sahələrini əhatə edirdi və ölkənin müasir hüquq sisteminin əsası hesab edilirdi. Bu külliyyatın hazırlanmasında o vaxtki Danimarka qanunvericiliyindən geniş istifadə edildi, lakin, Roma hüququnun konsepsiyaları, həmçinin, Norveç hüququnun bəzi ənənələri ona məlum təsirini göstərdi.
Norveçin Danimarka hökmranlığından azad olduqdan sonra, zor gücünə İsveçə birləşdiyi dövrdə qanunvericiliyinin inkişafı bütünlükdə kodifikasiya deyil, ayrı-ayrı qanunların nəşr edilməsi yolu ilə davam etdi (hər iki ildən bir, Osloda, 1682-ci ildən fəaliyyətdə olan Norveç qanunlarının xronoloji ardıcıllıqla toplanması və nəşri üniversitetin hüquq fakültəsi tərəfindən həyata keçirilir). Norveç hüququnun mühüm mənbəyi qismində çox zaman əsas rolun məxsus olduğu ticarət sahəsindəki adətlər çıxış edir. Çox zaman adətlər fəaliyyətdə olan qanunlar, o cümlədən konstitusiya hüququ sahəsində əhəmiyyətli əlavələr rolunu oynayır, müvafiq qanunların olmaması zamanı isə, hüquq münasibətlərini müstəqil olaraq tənzimləyirlər.
Norveç hüququnun mühüm mənbələrindən biri kimi məhkəmə presedentləri də çıxış edir. Ali məhkəmənin, bəzən digər məhkəmə instansiyalarının konkret işlər üzrə qərarları mahiyyətcə, "inandırıcı presedent" qüvvəsinə malik olur və analoji məzmunlu hüquqi məsələlərin meydana çıxdığı işlər üzrə qərarlar qəbul edən məhkəmələr tərəfindən ciddi olaraq öyrənilir. Bu zaman Norveç Ali Məhkəməsinin öz qərarlarında ümumiləşdirilimiş hüquq normaları deyil, baxılan işlərin konkret vəziyyətinə aid olan müddəaları ifadə etməyə səy göstərdiyi qeyd olunmalıdır. XIX əsrin əvvəllərindən başlayaraq, Norveç hüququnun mənbələri içərisində əvvəllər ancaq adətlər və ya məhkəmə presedentləri tərəfindən tənzimlənən məsələlər üzrə nəşr olunan qanunverici aktların rolu artır.
1880-ci ildən Norveçlə digər Skandinaviya dövlətlərinin ticarət, dənizçilik, həmçinin ailə, vərəsəlik hüququ və s. məsələlər üzrə qanunlarının yaxınlaşma meyli hiss olunur. Bu prosesdə sonradan müvafiq dövlətlərin parlamentləri tərəfindən baxılacaq qanun layihələrini işləyib hazırlayan bütün Skandinaviya dövlətlərinin nümayəndələrindən ibarət olan komitələr mühüm rol oynayırdılar. Norveçdə hüquqi tədqiqatlar, əsasən Oslodakı universitetin hüquq fakültəsi tərəfindən aparılır.
Ədəbiyyat
redaktə- "Hüquqi Dövlət və Qanun", 2007, N 1.