Naxcivanin Iqlimi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvan Muxtar Respublikanın iqliminin tədqiqində İ. V. Fiqurovski, Ə. M. Şıxlınski, Ə. A. Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur. Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdir[1].
Naxçıvan MR özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər — günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, tipik dağlıq ölkə olan Naxçıvan MR-in müasir iqliminin yaranmasında relyef əsas rollardan birini oynayır. Şərqdən, şimal-şərqdən və şimaldan Zəngəzur və Dərələyəz dağları ilə əhatə edilməsi, Ermənistan və İran yaylaları ilə qonşu olması, həmçinin geniş su hövzələrindən xeyli uzaqlığı Muxtar respublikada xüsusi iqlim şəraitinin yaranmasına səbəb olmuşdur. Relyef amili öz növbəsində meteoroloji ünsürlərin — havanın temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar respublikanın ərazisində demək olar ki, bütün fiziki coğrafi ünsürlərin şaquli zonallığı müşahidə edilir. Məhz buna görə də landşaft qurşaqları ilə iqlim qurşaqları arasındakı mövcud əlaqəni nəzərə alaraq, iqlimin ayrı-ayrı ünsürlərinin tədqiqini şaquli zonallıq qanununa uyğun tərzdə aparılıb.[2]
Günəş radiasiyası
redaktəGünəş radiasiyasının gərginliyi əsasən günəşli saatların miqdarı ilə hesablanır. Naxçıvanın düzənlik və qismən alçaq dağlıq sahələrində günəşli saatların miqdarı (orta illik kəmiyyəti 2800 saata bərabərdir) Azərbaycanın digər rayonlarından çoxdur. İllik ümumi radiasiya (kkal/sm2-lə) Muxtar respublikanın orta dağlıq qurşağında müşahidə edilən günəşli saatların orta illik miqdarı (2600 saat) respublika ərazisinin ancaq düzənlik hissəsində (Kür-Araz ovalığı) və qismən alçaq dağlıq hissəsində (Abşeron yarımadası, cənub-şərqi Qobustan, Ceyrançöl və s.) müşahidə edilir. Yüksək dağlıq qurşaqda bu 2400 saata çatır. Ərazidə günəşli saatların çoxluğu nəticəsidir ki, burada ümumi radiasiyanın və radiasiya balansının miqdarı xeyli böyükdür. Qeyd etdiyimiz bu ünsürlərlə yüksəklik arasında sıx əlaqə mövcuddur. Radiasiya ən çox ərazinin düzənlik və dağlıq qurşaqlarında müşahidə edilir. İlin isti yarısında olan radiasiya soyuq dövrünə nisbətən iki dəfə artıqdır. Qeyd etmək lazımdır ki, Naxçıvan MR ərazisində müşahidə edilən (bütün yüksəkliklərdə) ümumi radiasiyaya ancaq Böyük Qafqazın yüksək dağlıq sahələrində rast gəlinir. Radiasiya balansı ilin dövr və fəsillərindən asılı olaraq maksimum qiymətə Arazboyu düzənlikdə 44–45, orta dağlıq qurşaqda 35–40, yüksək dağlıq qurşaqda isə 20 kkal/kv.sm qədərdir. İllik radiasiya balansının təxminən 50 faizi ancaq yay aylarının payına düşür. Ümumi radiasiya və radiasiya balansı iqlimin digər ünsürləri kimi aydın nəzərə çarpan illik gedişə malikdir. Bu ünsürlər maksimum qiymətə iyul, minimum qiymətə isə yanvar ayında çatır.[2]
Havanın temperaturu
redaktəHavanın orta illik temperaturu Arazboyu düzənlikdə və alçaq dağlıq qurşaqda 14–12 dərəcə, orta dağlıq qurşaqda 8–5 dərəcə, yüksək dağlıq qurşaqda isə (2500–3000 metr) 2–1 dərəcə arasında dəyişir. Zəngəzur silsiləsinin cənub-şərqində yerləşən ən yüksək qayalıq hissədə (3500 metr) orta illik temperatur mənfi 4 dərəcəyə qədər enir. İlin ən soyuq ayının (yanvar) orta aylıq temperaturu Arazboyu düzənlikdə və alçaq dağlıq hissədə mənfi 6–10 dərəcə, yüksək dağlıq qurşaqda isə mənfi 10–14 dərəcə (bəzən ondan da aşağı) arasında dəyişir. İlin əsas isti ayının (iyul) orta aylıq temperaturu düzənlik və alçaq dağlıq qurşaqda 28–24 dərəcə, orta dağlıq qurşaqda 20–16 dərəcə, yüksək dağlıq qurşaqda isə 8–6 dərəcə arasında tərəddüd edir. Qeyd etmək lazımdır ki, Naxçıvan MR ərazisinin düzənlik hissəsində iyul ayında olan orta aylıq temperatura (28 dərəcə) Azərbaycan ərazisinin heç yerində rast gəlinmir. Belə yüksək temperatur ancaq Orta Asiya ərazisində müşahidə edilir. Qış aylarında güclü soyuma nəticəsində burada bəzən kəskin şaxtalar olur. Havanın temperaturunun orta mütləq minimumu düzənlik, qismən də alçaq dağlıq qurşaqda mənfi 15–18 dərəcə olduğu halda, orta dağlıq qurşaqda mənfi 18–22 dərəcəyə, yüksək dağlıq qurşaqda isə mənfi 30 dərəcəyə qədər aşağı düşür. Deməli, orta mütləq minimum düzənlikdən yüksək dağlara doğru mənfi 15 dərəcəyə qədər dəyişir. Arazboyu düzənlikdə müşahidə olunan mütləq minimum Cənubi Qafqazın digər yerlərində müşahidə edilmir. Orta dağlıq qurşaqda (1400–2500 m) müşahidə edilən mütləq minimum (mənfi 26–30 dərəcə) Azərbaycanın Kiçik və Böyük Qafqaz hissəsinin ancaq yüksək dağlıq sahələrində (2500–4500 m) qeyd olunur. Ərazi üçün havanın mütləq minimum temperaturu hələlik mənfi 30,2 dərəcədir. Bu, 1933-cü ilin yanvarında müşahidə edilmişdir. Yay ayları yüksək termik şəraitlə fərqlənir. Havanın mütləq maksimum temperaturu düzənlik və alçaq dağlıq ərazidə 40–43 dərəcəyə, orta dağlıq qurşaqda 30–40 dərəcəyə, yüksək dağlıqda isə 10–20 dərəcəyə çatır. Hündürlüklər üzrə havanın orta illik maksimum və orta mütləq minimum temperaturu aşağıdakı cədvəldəki kimi müəyyənləşdirilmişdir:
t. / H. (m.) | 1000 | 1500 | 2000 | 2500 | 3000 | 3500 |
---|---|---|---|---|---|---|
Orta illik | 11,8 | 8,6 | 5,4 | 2,2 | -1,0 | -4,2 |
Orta mütləq maksimum | 40 | 35 | 31 | 26 | 21 | 16 |
Orta mütləq minimum | -18 | -20 | -22 | -25 | -27 | -29 |
Yuxarıda deyilənlərdən aydın olur ki, Naxçıvan MR ərazisində istər orta aylıq (yanvar, iyul) və istərsə də havanın minimum və maksimum temperaturu arasında fərq çox kəskindir. İqlimin kontinental əmsalı Arazboyu düzənlikdə 80-dən çoxdur. Burada müşahidə edilən temperatur amplitudası 70 dərəcədən artıqdır. Termik şəraitin isti və soyuq dövrdə belə kəskin dəyişməsi, səth örtüyünün formalaşmasına, kontinental qurşaqlara xas olan bitki və torpaq örtüyünün yaranmasına səbəb olur. Bitkilərdə vegetasiya dövrünün başlanma və qurtarmasını səciyyələndirmək üçün orta sutkalıq temperaturun müxtəlif hədlərdən keçmə müddətinin təyin edilməsi çox vacib məslələrdən biridir. Yaz fəslində sutkalıq orta temperaturun 0 dərəcədən keçid vaxtı düzənlik və alçaq dağlıq qurşaqda martın 1-nə, orta dağlığın yuxarı hissəsində martın 20-nə, yüksək dağlığın aşağı sərhəddinə yaxın yerlərində isə aprelin 10-na düşür. Sutkalıq orta temperaturun 0 dərəcədən keçid vaxtı payız fəslində ən tez oktyabrın 10-da (yüksək dağlıq qurşaqda), ən geci isə dekabrın 10-da (alçaq dağlıq qurşaqda) başlanır. Beləliklə, ilin hər iki fəslində (yaz və payız) 0 dərəcədən keçid vaxtının başlanması ilə qurtarması arasındakı fərq 40 günə bərabərdir. Sutkalıq orta temperaturun 5 dərəcədən keçid vaxtı yaz aylarında alçaq dağlıq qurşaqda martın 20-də, orta dağlıq qurşaqda aprelin 10-da, yüksək dağlıq qurşaqda isə aprelin 30-da başlanır. Sutkalıq orta temperaturun 5 dərəcədən keçid vaxtı payız fəslində yuxarıda deyilən qurşaqlara müvafiq olaraq noyabrın 20-də, oktyabrın 3-da və oktyabrın 20-də başlanır. Kənd təsərrüfatının, xüsusilə əkinçiliyin intensiv inkişaf etdiyi düzənlik və alçaq dağlıq qurşaqda sutkalıq orta temperaturu 5 dərəcədən yuxarı olan günlərin temperatur cəmi 4500 dərəcəyə, 15 dərəcədən yuxarı isə 3500 dərəcəyə bərabərdir. Həmin temperaturun hər biri orta dağlıq qurşaqda 1000 dərəcədən (1500 m) 2000 dərəcəyə (2500 m) qədər azalır. Sutkalıq orta temperatur 5, 10 və 15 dərəcədən yuxarı olan temperatur cəminin hündürlüklərlə əlaqədar olaraq dəyişməsi aşağıdakı cədvəldəki kimidir[2]: (Ə. M. Şıxiinskiyə görə)
Dövr / H. (m.-lə) | 1000 | 1500 | 2000 | 2500 | 3000 | 3500 |
---|---|---|---|---|---|---|
5 dərəcədən yuxarı | 4500 | 3500 | 2500 | 1500 | 1000 | 200 |
10 dərəcədən yuxarı | 4200 | 3200 | 2000 | 1000 | 200 | 0 |
15 dərəcədən yuxarı | 3500 | 2400 | 1200 | 0 |
Atmosfer yağıntıları
redaktəNaxçıvan MR ərazisində yağıntı qeyri-bərabər paylanmışdır. Bu fərq ayrı-ayrı dağlıq qurşaqlarda özünü daha aydın göstərir. Arazətrafı maili düzənliklərdə də orta illik yağıntının paylanması eyni dərəcədə deyildir. Orta illik yağıntının miqdarı Culfada (712 m) 215 mm, Dərvişlərdə (900 m) 220 mm, Naxçıvanda (910 m) 251 mm, Ordubadda (928 m) 276 mm, Qıvraqda isə (910 m) 210 mm-ə bərabərdir. Göründüyü kimi, maili düzənliklərdə ən az yağıntı Qıvraqda, ən çox yağıntı isə Ordubadda müşahidə edilir.
Mütləq yüksəkliyi nisbətən az olan dağlıq sahələrdə (1000–1300 mm) ən çox yağıntı Şahbuzda (365 mm), ən az isə Cəhridə (276 mm) düşür. Yüksəkliklərlə yağıntı arasındakı əlaqə əyrisindən aydın olur ki, 1000 metr yüksəkliyə malik olan sahələrdə orta illik yağıntı 320 mm, 1500 m-də 470 mm, 2000 m-də 630 mm, 2500 m-də 750 mm, 3000 m-də 720 mm, 3500 m-də 640 mm-dir. Orta illik yağıntı təxminən 2500–3000 m-ə qədər tədricərı artır, ondan yuxarılarda isə yenidən azalmağa başlayır. Yüksək dağlıq qurşaqda yağıntılar 660 mm ilə (Biçənək 2100m) 768 mm (Kvanus 2500 m) arasında dəyişir. İllik yağıntının miqdarı ayrı-ayrı yüksəklik qurşaqları üzrə aşağıdakı cədvəldəki kimi paylanmışdır.
Qurşaq / H./m. | Arazboyu düzənlik (600–1000 m.) | Alçaq dağlıq (1100–1300 m.) | Orta dağlıq (1500–2000 m.) | Yüksək dağlıq (2100–3900 m.) |
İllik yağıntının miqdarı | 275 mm | 331 mm | 536 mm | 707 mm |
Yuxarıdakı cədvəldən aydın olur ki, yağıntıların orta illik miqdarı Arazətrafı düzənliyə nisbətən (275 mm) alçaq dağlıq qurşaqda (331 mm) 56 mm, orta dağlıq (536 mm) qurşaqda 261 mm, yüksək dağlıq (707 mm) qurşaqda isə 432 mm artıqdır. Yağıntının miqdarı ancaq şaquli istiqamətdə, yəni düzənlik hissədən dağlara doğru deyil, həm də üfüqi istiqamətdə, yəni qərbdən şərqə doğru dəyişir. Belə ki, Naxçıvan MR-in qərb hissəsində təxminən 900'm mütlək yüksəklikdə düşən 250 mm orta illik yağıntı, Muxtar respublikanın şərqində 700 m mütləq yüksəklikdə, başqa sözlə, Arazboyu düzənliyin Dəstə və Ordubad düzlərində müşahidə edilir. Lakin bu fərq 1000 metrlik mütləq yüksəklikdə demək olar ki, tamamilə yox olur. Daha doğrusu, 1000 metrlik mütləq yüksəkliyin hər yerində demək olar ki, ildə 300 mm yağıntı düşür. 1000 metrdən yuxarı, 2000 metr yüksəkliyə qədər yağıntıların üfüqi istiqamət üzrə miqdarı təqribən bərabərdir. 2000–2500 m mütləq yüksəklikdə və ondan yuxarıda bu bərabərlik bir qədər pozulur. Bu, suayrıcından bəzi yerlərin alçaqda (2300 m-ə qədər), digər yerlərin isə yüksəkdə (3500 m-dən artıq) yerləşməsi ilə izah edilməlidir. İlin isti və soyuq dövrlərində yağıntı yüksəkliyin dəyişməsi ilə əlaqədar olaraq dəyişir. İsti dövrdə ən az yağıntı düzənlikdə (160 mm), ən çox isə 3000 m-də (420 mm) düşür. İlin soyuq aylarında ən az yağıntı isti dövrdə olduğu kimi düzənlikdə müşahidə edilir (160 mm), lakin ilin isti dövründən fərqli olaraq ən çox yağıntı 3000 m yüksəklikdə deyil, 2500 m yüksəklikdə (350 mm) düşür. Soyuq dövrdə 2000 metrlə 3000 metr arasında düşən yağıntı təqribən bir-birinə bərabərdir (300 mm).
Fəsillər üzrə tərtib edilmiş əlaqə qrafiklərinə əsasən müxtəlif yüksəkliklər üzrə yağıntıların miqdarının paylanmasını aşağıdakı cədvəldə görmək olar.
Fəsillər / H. (m.) | 1000 | 1500 | 2000 | 2500 | 3000 | 3500 |
---|---|---|---|---|---|---|
Yaz | 120 | 200 | 260 | 320 | 300 | 270 |
Yay | 40 | 60 | 80 | 110 | 130 | 100 |
Payız | 90 | 110 | 140 | 180 | 170 | 150 |
Qış | 70 | 100 | 150 | 140 | 120 | 100 |
Yaz fəslində yağıntı ən az 1000 m yüksəkliyə qədər (120 mm), ən çox isə 2500m yüksəklikdə (320 mm) düşür. Həmin dövrdə 3000 m-də yağıntı 300 mm, 3500 m-də isə 270 mm-ə qədər azalır. Yazda yağıntınm miqdarı 2500 metrdə maksimuma (320mm) çatdığı halda, yayda bu maksimum özünü 3000 metr yüksəklikdə (130mm) göstərir. Payız fəslində ən az yağıntı 1000 m-ə qədər (90 mm), ən çox yağıntı isə 2500 m-lə (180 mm) 3000 m (170 mm) arasında düşür. İlin qış fəslində ən çox yağıntı 2000 m-lə (150 mm) 2500m (140 mm) yüksəklik arasında, ən az yağıntı isə 1000 m-ə qədər (70 mm) yüksəkliklərdə düşür. 1500 m və 3500 m-də yağan yağıntı (100 mm) bir bərabərdə olduğu halda, 3000 m-də 120 mm-ə çatır. Yaz fəslində yağıntının ən çox yağması bitki örtüyünün canlanmasına əhəmiyyətli dərəcədə zəmin yaradır, çayların suyu artır. Yay aylarında isə yağıntının az olması bitkilərin vegetasiya dövrünü qısaldır, landşaftın quraq iqlim şəratində inkişaf etməsinə səbəb olur. Yağıntı və termik rejimin təsiri nəticəsi olaraq səth örtüyü daim dəyişir. Məhz buna görə də yağıntıların isti dövrdə ayrı-ayrı aylar üzrə paylanmasını vermək məqsədəuyğundur:
İsti dövrdə yağıntıların aylar üzrə paylanması
Aylar / H. (m.) | 1000 | 1500 | 2000 | 2500 | 3000 | 3500 |
---|---|---|---|---|---|---|
Aprel | 45 | 60 | 100 | 115 | 125 | 120 |
May | 50 | 80 | 110 | 125 | 135 | 130 |
İyun | 25 | 40 | 50 | 65 | 75 | 70 |
İyul | 7 | 13 | 18 | 20 | 20 | 12 |
Avqust | 8 | 14 | 18 | 23 | 23 | 20 |
Sentyabr | 10 | 15 | 25 | 32 | 40 | 38 |
Oktyabr | 22 | 30 | 40 | 50 | 58 | 56 |
Yuxarıdaki cədvəldən göründüyü kimi, ilin isti yarısında bütün aylar üzrə ən çox yağıntı 3000 m-də (20–135 mm), ən az yağıntı isə 1000 m-də (7–50 mm) düşür. İyul və avqust aylarında 2500 metrdə yağıntının miqdarı 3000 m yüksəkliyin yağıntısına (20 mm və 23 mm) bərabərdir.
İlin isti dövründə bütün əraziyə ən çox yağıntı aprel və may, ən az yağıntı isə iyul və avqust aylarında düşür. Aprel və may aylarındakı yağıntı bitkilərin vegetasiya dövründə suya olan ehtiyacını ödəyir və əlavə su ehtiyatı yaratmağa imkan verir. İyul və avqust aylarında isə yağıntı az olduğuna görə əkinlərin becərilməsi tamamilə sün'i suvarmadan asılı olur. Hesablamalar göstərir ki, çoxillik dövr ərzində müşahidə edilən ən çox və ən az yağıntıların miqdarı nəzərə çarpacaq dərəcədə dəyişir. Culfada ən çox (çoxillik dövr ərzində) 355 mm, ən az 90 mm, Dərvişlərdə ən çox 385 mm, ən az 95 mm, Şahbuzda ən çox 545 mm, ən az 200 mm, Biçənəkdə ən çox 985 mm, ən az 410 mm və s. yağıntı müşahidə edilmişdir. Yağıntıların sutkalıq miqdarı da müxtəlifdir. Ən çox sutkalıq yağıntı Ordubadda 43 mm, Culfada 36 mm, Dərvişlərdə 33 mm və Naxçıvanda isə 32 mm qeyd edilmişdir. Ən çox sutkalıq yağıntı əsasən Arazboyu düzənlik rayonda olur. Leysan xarakteri daşıyan belə yağışlar zamanı çox hallarda yarğan və dərələrdən sel axır, təsərrüfata bəzən xeyli ziyan dəyir[2] .
Qar örtüyü
redaktəNaxçıvan MR-də qar örtüyünün qalınlığı, yaranması və ərimə vaxtları müxtəlifdir. Qar örtüyünün yaranması orta hesabla alçaq dağlıq qurşaqda dekabrın 20-dən, orta dağlıq qurşağın aşağı hissəsində dekabrın 15-dən, yüksək dağlığın yuxarısında isə oktyabrın 15-dən başlayır. Qar örtüyü alçaq dağlıq qurşaqda ən tez noyabrın 15-də, orta dağlıq qurşaqda isə sentyabrın 15-dən yaranır. Davamlı qar örtüyünün əriməsinin orta vaxtı alçaq dağlıq qurşaqda fevralın 25-də, orta dağlıq qurşaqda aprelin 1-də, yüksək dağlıq qurşaqda isə mayın 1-də başlayır. Qurşaqlar üzrə qar örtüyü davamlı olan günlərin sayı da il ərzində müxtəlifdir. Arazboyu düzənlikdə qar örtüyü 40 gün, orta dağlıq qurşaqda 80 gün, yüksək dağlıq qurşaqda isə təqribən 200 gün davam edir. İl ərzində qar örtüyünün maksimum qalınlığından alınan orta hündürlük ən az düzənlik və alçaq dağlıq qurşaqda (15 sm), ən çox isə yüksək dağlıq qurşaqdadır (40 sm), orta dağlıq qurşaqda bu, 25–30 sm-ə çatır. Qar örtüyünün qalınlığı və davamlılığı kənd təsərrüfatı bitkilərinin inkişafında, səth və yeraltı suların artmasında, torpağın nəmliyinin çoxalmasında mühüm rol oynayır[2].
Mümkün buxarlanma və buxarlanma
redaktəTermik rejimin yüksəkliyinin təsiri nəticəsi olaraq, Naxçıvan MR ərazisində mümkün buxarlanma il ərzində düzənlik hissədə 1200–1400 mm arasında tərəddüd edir. Bu isə Qafqazda ən yüksək kəmiyyətdir. illik mümkün buxarlanma 1000 m yüksəklikdə 1120 mm-ə, 1500 m-də 860 mm-ə, 2000 m-də isə 640 mm-ə bərabərdir. Ondan yuxarı illik mümkün buxarlanma 500 mm-dən (2500 m) 320 mm-ə qədər (3500 m) enir. İsti dövrün buxarlanma buxarlanması illik mümkün buxarlanmanın əsas hissəsini təşkil edir. Məsələn, 1000 m yüksəklikdə illik mümkün buxarlanma 1120 mm olduğu halda, həmin yüksəklikdə ilin isti dövründə 1010 mm-ə çatır. Ərazidə atmosfer yağıntılarının xeyli azlığı burada buxarlanma miqdarının aşağı düşməsi ilə nəticələnir. Belə ki, Muxtar respublika ərazisində illik buxarlanma düzənliklərdə cəmi 160–200 mm-ə, 2500 m-də isə maksimuma — 380 mm-ə çatır. 3500 m-dən yuxarı o yenidən azalmağa başlayır (3500 m-də 280 mm). İsti dövrdə müşahidə edilən buxarlanma onun illik kəmiyyətinin 60–70 faizini təşkil edir. Yay aylarında buxarlanma minimuma (60–80 mm) düzənlikdə, maksimuma isə (180–190 mm) 2500 metr yüksəklikdə çatır[2].
Nisbi rütubətlənmə
redaktəNisbi nəmlənmə yağıntının mümkün buxarlanmaya nisbəti olub, faizlərlə ifadə edilir. Naxçıvan MR-də nisbi nəmlənmə yüksəklikdən asılı olaraq dəyişir. İllik nisbi nəmlənmənin ən kiçik qiyməti düzənlik və alçaq dağlıq sahədə müşahidə edilir (20 faizə qədər). Orta dağlıq qurşağın mərkəz hissəsindəki geniş sahədə nisbi nəmlənmə 40–50 faizə çatır. Hündürlük artdıqca nisbi nəmlənmə də çoxalıb. 2000 m yüksəklikdə 110 faiz, 2500 m-də 150 faiz təşki) edir. 1500 m və ondan yuxarı hissədə illik nisbi nəmlənmə ilin isti yarısında olan nisbi nəmlənmədən orta hesabla 25–50 faiz artıqdır. Buxarlanma çatışmazlığı da Naxçıvan MR ərazisində eyni dərəcədə paylanmamşdır. Arazboyu düzənlikdə buxarlanma çatışmazlığı 1200–1100 mm-ə çatır. Belə maksimal buxarlanma çatışmazlığına Qafqazda ancaq Qobustanın cənub-şərq hissəsində rast gəlinir. Ərazinin atmosfer yağıntıları ilə rütubətlənmə dərəcəsini çatışmayan buxarlanma ilə daha aydın göstərmək mümkündür. Daha doğrusu, bu, mövcud termik şəraitdə mümkün buxarlanma ilə buxarlanma arasındakı fərqlə müəyyənləşdirilir ki, o da nəticədə suvarma normasını verir. il ərzində buxarlanma çatışmazlığı 1000 m yüksəklikdə 1500 m-ə nisbətən iki dəfə, 2000 m-ə nisbətən dörd dəfə, 3000 m-ə nisbətən isə 16 dəfə artıqdır. Bu fərq özünü ilin isti və yay dövründə də göstərir. Yay dövründə suvarma tədbirləri çox olduğu sahələrdə belə, buxarlanma çatışmazlığı 520–260 mm-ə çatır[2].
Külək rejimi
redaktəNaxçıvan MR ərazisində müşahidə edilən küləklər əsasən yerli küləklərdir. Onların istiqaməti çox hallarda mürəkkəb relyef quruluşundan asılı olur. Bəzən əraziyə müxtəlif tip hava kütlələrinin daxil olması nəticəsində bu ümumi qanunauyğunluq pozulur. Muxtar respublika ərazisində ilin soyuq dövründə əsasən şimal-şərq və şimal-qərb, ilin isti dövründə isə qərb və cənub küləkləri əsir. Yanvar ayında Arazboyu düzənlikdə şimal küləkləri 20–30 faiz təşkil edir. İyun-avqust aylarında qərb, cənub-qərb küləkləri 30–70 faizə, şimal-şərq və şərq küləkləri isə 0–4 faizə çatır. Yüksək dağlıq qurşaqda (2000–3200 m) ilin isti dövründə əsasən şimal, şimal-şərq və şərq küləkləri müşahidə edilir. Küləklərin istiqaməti dağlıq ərazidə dərələrin istiqamətinə uyğun gəlir. Arazboyu düzənlikdə isə dəyişkəndir. Muxtar respublika ərazisində ən güclü küləklər xüsusilə iyul-avqust aylarında şərq küləkləri, ən zəif küləklər isə şimal küləkləridir. Arazətrafı düzənlikdə ilin soyuq dövründə küləklərin sürəti 1–2 m/san, iyul-avqust aylarında 3–5 m/san çatır. Yüksək dağlıq qurşaqda ilin soyuq dövründə küləyin sürəti 3–7 m/san bərabər olur. Ağ yel və isti quru küləklər əsəndə havanın temperaturu 30 dərəcədən yuxarı qalxır, rütubət isə 30 faizdən aşağı enir. Bu növ küləklər Arazboyu düzənlikdə (aprel-sentyabr ayları ərzində) 50–70 gün, alçaq dağlıq qurşaqda 30–4,9 gün, orta dağlıq qurşaqda 10–29 gün, yüksək dağlıq qurşaqda isə 10 günə kimi müşahidə edilir. Yuxarıda qeyd etdiyimiz ayrı-ayrı iqlim ünsürlərinin təhlili bir daha göstərir ki, Naxçıvan MR-nin ərazisi yüksək termik şəraiti və cüzi rütubətlənməsi ilə respublikanın digər fiziki-coğrafi vilayətlərindən kəskin fərqlənir və Cənubi Qafqazda müstəsnalıq təşkil edir. Məhz buna görədir ki, ərazinin səth örtüyü quraqlığa davamlı bitkilərdən ibarətdir[2].
İqlim tipləri
redaktəAzərbaycan Respublikasının, o cümlədən Naxçıvan MR-in iqliminə və xüsusilə onun ayrı-ayrı ünsürlərinin səciyyəsinə bir sıra elmi məqalələr həsr edilmişdir. Nəticədə Naxçıvan MR-in iqlimini beş tipə ayırmışlar.
Birinci tip yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimidir. Arazboyunca yerləşən maili düzənlik və qismən alçaq dağlıq sahələri (600–1100 m) əhatə edən bu iqlim tipi daxilində orta illik temperatur 10–14 dərəcə, orta illik yağıntı 300 mm-ə qədər, mümkün buxarlanma isə 1200–1400 mm-ə qədərdir. Ən isti (iyul) ayın temperaturu 29 dərəcə, ən soyuq (yanvar) ayın temperaturu isə 3–6 dərəcədir. İldə qar örtüyü 20 gündən 40 günə qədər davam edir.
İkinci tip yayı quraq və isti keçən soyuq iqlimidir. Bu tip alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın isə aşağı (1100–1600 m) hissəsini əhatə edir. Burada orta illik temperaturu 8–10 dərəcə, orta illik yağıntı 300–350 mm, mümkün buxarlanma isə 800–1100 mm-dir. Birinci iqlim tipinə nisbətən burada orta temperatur bir qədər aşağı düşərək yanvar ayında mənfi 5–6 dərəcəyə, iyul ayında isə müsbət 21–26 dərəcəyə çatır.
Yayı quraq və sərin keçən üçüncü iqlim tipi orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın isə aşağı (1600–2600 m) hissəsini əhatə edir. Burada orta illik temperatur 6–10 dərəcə, ən isti (iyul) ayın temperaturu 15–20 dərəcə, ən soyuq ayın (yanvar) temperaturu isə mənfi 6–10 dərəcədir. İllik mütləq maksimum 37 dərəcəyədək, illik mütləq minimum isə mənfi 30 dərəcəyədək çatır. Orta illik yağıntının miqdarı ən azı 400 mm, ən çoxu isə 800 mm-dir. Bunun 300 mm-dən 400 mm-ə qədəri ilin isti yarısısında, 200 mm-dən 400 mm-ə qədəri isə ilin soyuq yarısında düşür.
Yayı quraq və çox sərin keçən soyuq iqlim ancaq Zəngəzur silsiləsinin cənub-qərb yamacında yüksək dağlıq qurşağın demək olar ki, mərkəz zolağında 2600 m-lə 3200 m arasında yayılmışdır. Bu iqlim tipinin əhatə etdiyi ərazidə yağıntıların orta illik miqdarı 600–700 mm-ə qədərdir. Havanın orta illik temperaturu 1–3 dərəcə, ən soyuq ayın (yanvar) orta temperaturu mənfi 10 dərəcədən mənfi 13, dərəcəyədək, ən isti ayındakı isə (avqust) 8–12 dərəcədir. Qeyd etmək lazımdır ki, bu və bundan yüksəkdə yerləşən zonada müşahidə edilən ümumi radiasiyanın miqdarı (150–160 k/kal. sm²) bütün Cənubi Qafqaz üçün maksimum miqdar hesab olunur.
Ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edən dağ tundra iqlimi, qış və yayın soyuq olması və yağıntının bundan əvvəlki zonaya nisbətən azalması ilə səciyyələnir. Orta illik temperatur mənfi 3–8 dərəcə, ən soyuq ayın orta temperaturu mənfi 13–16 dərəcə, ən isti ayınkı isə 2–8 dərəcədir[2].