Nasos - Wikipedia
Nasos və ya Tulumba[1][2][3] - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır.
Tarixi
redaktəNasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir. XVIII əsrə qədər nasoslar su qaldıran maşınlardan az tətbiq olunur. Ancaq buxar maşınının ixtirası ilə geniş tətbiq olunmağa başlayır. XIX əsrdə istilik və elektrik mühərriklərinin ixtirası ilə nasosların tətbiqi daha da vüsət alır. 1838-ci ildə rus mühəndisi Salbukov düzəltdiyi ventilyator əsasında ilk mərkəzdənqaçma üsulu ilə işləyən gəmi mühərrikini düzəldir.
Nasosların təsnifatı
redaktəNasoslar tətbiq olunan gücün xarakterinə görə iki qrupa bölünürlər: həcmi, burada təzyiq qüvvəsi təsir edir və dinamik, burada ətalət qüvvəsi təsir edir.
İşçi kameranın nasosun girişi və çıxışı ilə birləşdirmə xarakterindən asılı olaraq nasoslar periodik (həcm) və daimi (dinamik) olaraq fərqlənirlər. Həcmi nasoslar mayeni bir yerdən başqa yerə vurmaq üçün tətbiq edilir.Bu nasoslarda bir enerji çevrilməsindən istifadə edilir. Mühərrikin enerjisi bir başa mayenin enerjisinə çevrilir. Bu yüksək təzyiqli nasoslar olub, mayelərin çirkliliyinə çox həssasdırlar. Həcmi nasoslarda iş prosesi stabil deyil, ona görə də onlar üçün massiv bünövrə qurmaq lazımdır. Onların üstün cəhətləri ondan ibarətdir ki, onlar quru sorma ilə işləyə bilirlər.
Dinamik nasoslar üçün ikili enerji çevrilməsi xarakterikdir (I etap: mexaniki=> kinetik+potensial, II etap kinetik => potensial). Bu nasoslarda çirkli sular vurmaq olar. Onlar stabil iş prosesinə malikdirlər. Ancaq həcmi nasoslardan fərqli olaraq onlar quru sorma qabiliyyətinə malik deyillər.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
- ↑ https://obastan.com/tulumba/89482/?l=az tulumba. насос
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=236887&pno=129 R. Axundov, Rusca-türkcə lüğət, Bakı, 1928-ci il (s.238)
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=142936&pno=126 Sultan-Məcid Qənizadə, Lüğət Rusi və Türki, Bakı, 1922-ci il (s.244)