Momine Xatun - Wikipedia
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuş və onun vəfatından sonra Şəmsəddin Eldəniz ilə ailə həyatı qurmuş səlcuqlu xatunu.
Möminə Xatun | |
---|---|
| |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan |
Həyat yoldaşları |
Sultan II Toğrul (1132-1134) Şəmsəddin Eldəniz (1136-1175) |
Uşaqları |
Məhəmməd Cahan Pəhləvan Qızıl Arslan qız (adı bilinmir) |
Dini | Islam |
Tanınır | dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu. |
Həyatı
redaktəMöminə Xatunun həyatı barədə geniş məlumat yoxdur. O, Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. Sultan II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində istər II Toğrula, istərsə də Şəmsəddin Eldənizə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. Xüsusilə də Sultan II Toğruldan olan Arslanla Şəmsəddin Eldəniz arasında Möminə xatunun vasitəçiliyi barədə salnaməçi Sədrəddin əl-Hüseyni belə yazırdıː
Sultan Arslan yalnız formada, Eldəniz isə həqiqətdə hakim idi. [Atabəy] əmrlər verir, torpaqlan iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkənin hər hansı bir yerinə köçürərək, onlann ixtiyarını əlində saxlayırdı. Sultan isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən onun sinəsi atabəy Eldənizin idarə işlərindəki mütləqiyyətindən, əmrlər [verməsindən], istədiyi adama iqta paylamasından sıxılırdı. Sultan bu barədə danışanda, onun anası Möminə xatun belə cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı. [Bundan başqa] o, özünün ən qiymətli xeyirxahlığını əsirgəməmiş, səni sultan [taxtına] çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqilərin içərisində səndən böyükləri nə qədər var, ancaq həbslərdə yatırlar və həyatları sıxıntılı keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər, qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar! Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər, sən və sənin könlün isə bütün bunlardan azaddır! Atabəy hər nə edirsə - bağışlayır və ya geri alır - bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O ki sənin məmlükündür! O, öz anasından bunları eşitdikcə susurdu.[1] |
Möminə xatun dövlət işlərində yaxından iştirak edir və bəzən Atabəyə məlumatı çatdırmaq üçün səfərlrə belə edirdi. Məsələn gürcülərə Azərbaycana yürüşü vaxtı - hicri tarixi ilə 569-cu il qışın ortalarında, miladi tarixi ilə 1174-cü ilin yanvarında Möminə xatun Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirmişdi.
Hicri tarixi ilə 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır.[2] Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" (Səlcuq dövləti haqqında xəbərlər) əsərində[3] onun haqqında qeyd edirdi:
Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir. |
Filmoqrafiya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ziya Bünyadov. Azərbaycan Atabəylər Dövləti (1136-1225-ci illər). Bakı: Şərq-Qərb. 2007. s.55 (e-versiya)
- ↑ Ziya Bünyadov. Azərbaycan Atabəylər Dövləti (1136-1225-ci illər). Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-066-2. (#accessdate_missing_url)
- ↑ "Cəmiyyətin gender şəkli intibah şərtlərində: Şərq və Avropa" (PDF). Azərbaycan Gender İnformasiya Mərkəzi. 2021-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 avqust 2016.