Kraudfandinq - Wikipedia
Kraudfandinq (ing. dilindən crowdfunding — kütləvi maliyyələşdirmə, crowd — "kütlə", funding — "maliyyələşdirmə") — hər hansı bir layihəni geniş kütlə tərəfindən maliyyə və ya digər vəsaitlərlə təmin etmə praktikasıdır. Maliyyə vəsaitlərinin toplanması müxtəlif məqsədlərə xidmət edə bilər — təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək, siyasi kampaniyaların dəstəklənməsi, yeni başlayan şirkətlərin və kiçik müəssisələrin maliyyələşdirilməsi, cavan incəsənət nümayəndələrinə dəstək, cəmiyyətin azgəlirli təbəqəsinin tibbi xərclərin qarşılanması, sosial-ictimai layihələrə dəstək və s[1].
Kraudfandinqi həyata keçirmək üçün, əvvəlcə bir məqsəd göstərilməli sonra bu məqsədə çatmaq üçün lazımi miqdarda pul təyin olunmalı, bütün xərclərin hesablanması aparılmalı və kraudfandinq prosesinin gedişatı haqqında olan məlumat hər kəsə açıq olmalıdır.
Tarix
redaktəİnternet üzərindən keçirilən kraudfandinq, ilkin mərhələdə daha çox incəsənət və musiqi icmaları arasında məşhurluq qazandı. Musiqi sahəsində kütləvi maliyyələşmənin ilk diqqətəlayiq nümunəsi 1997-ci ildə oldu. İngiltərədən olan Marillion musiqi qrupunun fanatları, 1997-ci ildə Marillion qrupunun ABŞ turunu maliyyələşdirmək üçün internetdə təşkil etdikləri kampaniya nəticəsində $ 60 000 toplaya bilib. Bir müddət sonra, Marillion qrupu Anoraknophobia, Marbles və Happiness Is the Road kimi albomlarını yazmaq və təşviq etmək üçün artıq özü bu üsuldan istifadə etdi. Film sahəsində müstəqil yazıçı/rejissor Mark Tapio Kines 1997-ci ildə o dövrdə yarımçıq qalmış "Xarici Müxbirlər" filminin davamını maliyyələşdirmək üçün kraudfandinqdən istifadə etdi. Bunun üçün xüsusi veb-sayt yaratmış Mark Tapio Kines, filmini bitirmək üçün 1999-cu ilin əvvəlinə qədər, ən azı 25 fanatından $ 125 000 vəsait toplaya bildi.
2004-cü ildə, İngiltərənin Spanner Films şirkəti iqlim dəyişikliyi ilə bağlı "Axmaqlar əsri" adlanan filmin istehsalına başlamışdır. Frenni Armstronqun rəhbərlik etdiyi komanda, filmin istehsalı və tanıdılması üçün beş il ərzində (2004-cü ilin dekabrından 2009-cu ilədək) $ 1,000,000-dan daha çox pul yığmağı bacardı. Filmin çəkiliş heyətinin əmək haqqı çox az idi, lakin eyni zamanda heyət maaşdan əlavə kraudfandinq səhmləri adlanan qiymətli kağızlar da alırdı. Müqavilənin şərtlərinə görə, filmin yayımlandığı andan on il ərzində, kraudfandinqdə iştirak edən investorlara və çəkiliş heyəti üzvlərinə ildə bir dəfə royalti-dividendlər ödənilirdi.
1999-cu ildə Endi Uayt, İngiltərədəki freelancerlər üçün nəzərdə tutulmuş ticarət birliyini yaratmaq üçün 2000 podryatçılara müraciət edir. O, öz müraciətində ticarət birliyinin yaradılması üçün lazım olan £ 100 000 məbləğini toplamaq üçün hər bir podryatçıdan £ 50 dəyərində maliyyə bağışlanmasını xahiş edir. 5 günündən sonra artıq 2002 podryatçı pul köçürür və toplanılan məbləğə təşkilat yaradılır. Bu gün həmən təşkilatın üzvləri 14 mindən çox britaniyalıdır.
Hal-hazırda, kraudfandinqin dəstəyi ilə toplanılan məbləğlər xeyli artmışdır. 2012-ci ildə Double Fine Adventure və Wasteland 2 videooyun layihələri Kickstarter kraudfandinq saytı vasitəsilə hər biri $ 3 336 371 və $ 3 040 299 toplaya bilmişdir. Ümumi maliyyədə 87 mindən çox insan iştirak etmişdir.
Kraudfandinq konseptinin 2000-ci illərdən öncə istifadəsinə baxmayaraq, bu sözün ilk dəfə işlənməsi 2006-cı ilin Avqust ayında qeydə alınmışdır.
Dünyada kraudfandinqin maraqlı istifadələri
redaktə- 2000-ci ildən bəri kraudfandinq, Amerika Birləşmiş Ştatlarında siyasi məqsədlər üçün geniş istifadə olunan alətlərdən biridir. 2008-ci ildə, Barak Obama seçkiqabağı kampaniyasında "donorlardan" ümumilə $ 750 milyon toplamışdır. Bu məbləğin $ 600 milyonu www.barackobama.com saytının köməyi ilə 3 milyon insan tərəfindən bağışlanmışdır[2].
- 2013-cü ildə, TOR şəbəkəsində yüksək vəzifəli şəxslərin öldürülməsini maliyyələşdirmək üçün bir kraudfandinq platforması yaradılmışdır. Nisbətən yüksək məbləğlər ($ 75 000 dollardan bir qədər çox) yalnız Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke və ABŞ prezidenti Barak Obamaya (müvafiq olaraq 124 və 40 bitkoin) qarşı toplanmışdır. Buna baxmayaraq, bu saytın saxta olmadığına dair heç bir zəmanət yox idi[3].
- 2014-cü ilin yayında Zak Braun adlı şəxs, Kickstarter adlı kraudfandinq platformasında kartof salatı hazırlamaq üçün $ 55 492 vəsait toplaya bilmişdir. Bu, kraudfandinq tarixində ən uğurlu komik layihələrdən biridir[4].
- "Xalqın Xidmətçisi" serialında prezident seçkiləri kampaniyası üçün pul toplayan baş qəhrəman, bunu məhz kraudfandinqin köməyi ilə edir. Serialın ikinci bölümü üçün hazırlıqlar gedəndə isə, "Kvartal-95" studiyasının inkişaf üzrə direktoru ikinci bölümün çəkilişləri üçün maliyyəni kraudfandinq vasitəsilə toplamağı təklif etmişdir. O zaman "Kvartal-95" studiyasının rəhbəri olmuş Vladimir Zelenski, bu təkliflə razılaşmamışdır[5].
Məşhur kraudfandinq platformaları
redaktə- Kickstarter — daha çox texnologiya və yaradıcılıq üzrə fokuslanan sahibkarlara yönələn bu platforma, kraudfandinq mövzusunun ən böyük adlarından biridir. 2019-cu ilə qədər bu platforma vasitəsilə ümumilikdə $ 4 milyard toplanılıb.
- Indiegogo — istifadəçiləri adətən texnoloji yeniliklər, yaradıcı işlər və icma layihələri üçün kampaniyalar yaradırlar. Kraudfandinq platforması, Kickstarter-ə bənzər şəkildə işləyir, lakin əsas fərqlərindən biri, "tam və ya heç nə" modelinin olmamasıdır.
- Causes — sosial, siyasi və mədəni mövzulara yönəlmiş dünyanın ən böyük onlayn təşviqat platformasıdır.
- Patreon — YouTube, podkast və blog fəaliyyəti ilə məşğul olan insanlar arasında populyardır. Burada istifadəçilər Kickstarter, İndiegogo və Causes-dən fərqli olaraq maliyyəni müəyyən vaxt çərçivəsində deyil, davamlı olaraq qəbul edə bilirlər.
- GoFundMe — daha çox şəxsi layihələr üçün yönələn kraudfandinq platformasıdır. Burada istifadəçilər xeyriyyə işləri, tibbi məqsədlər, müxtəlif təbii fəlakətlərdən xəsarət almış insanlar və heyvanlar üçün maliyyə vəsaitlərini toplayırlar. 2017-ci ildə Las Vegas şəhərində baş vermiş hücum zamanı həlak olmuş şəxslərin ailələrinə kömək məqsədi GoFundMe platformasında kampaniya yaranmışdır. Kampaniya nəticəsində yalnız bu sayt vasitəsilə $ 11.8 milyon toplanmışdır.
- CircleUp — istehlak markası qurucuları üçün yönəlmiş bu kraudfandinq platforması 196 startap üçün $ 260 milyon toplamağa kömək etmişdir. Platforma həm kapital, həm də kredit maliyyələşdirməsini təklif edir.
- LendingClub — şəxsi kreditlər üçün $ 40 000 və biznes kreditləri üçün $ 300 000 qədər təmin edən bir platformadır. Banklara nisbətən, burada kredit şəklində verilən maliyyəni daha asan və rahat almaq mümkündür[6].
İstinadlar
redaktə- ↑ "Crowdfunding". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "A Framework for Political Crowdfunding: Lessons From President Obama". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "Meet The 'Assassination Market' Creator Who's Crowdfunding Murder With Bitcoins". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "THIS IS WHAT A $55,000 KICKSTARTER POTATO SALAD PARTY LOOKS LIKE". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "Это не шутка Комик Владимир Зеленский — главный украинский политик. Илья Жегулев рассказывает его биографию". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "The 7 Best Crowdfunding Sites of 2019". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.