Kralica Annanin Yay Sarayi - Wikipedia
Kraliça Annanın Yay sarayı və ya Belveder sarayı (çex. Letohrádek královny Anny, Belvedér) – İntibah dövrünə aid saray; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. Saray 1538—1565-ci illərdə inşa olunmuşdur.
Kraliça Annanın Yay sarayı | |
---|---|
50°05′37″ şm. e. 14°24′19″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Covanni Spatsio (it. Giovanni Spazio) və Paolo della Stella (it. Paolo della Stella) |
Sifarişçi | I Ferdinand |
Tikilmə tarixi | 1538 - 1565 |
Üslubu | İntibah memarlığı |
Rəsmi sayt | old.hrad.cz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sarayın xüsusiyyətləri
redaktəİntibah üslubundakı Yay sarayı Müqəddəs Roma imperatoru I Ferdinandın əmri ilə 1538-1565-ci illərdə inşa edilmiş və ondan daha öncə yaradılan Kral bağlarının bir hissəsinə çevrilmişdi[1]. Saray onun həyat yoldaşı Anna Yagellonkaya hədiyyə kimi bağışlanmışdır. Lakin sevimli həyat yoldaşı 1547-ci ildə, özünün on beşinci uşağını doğarkən ölmüşdür və bu da Ferdinandın hədsiz qəm-qüssəsinə səbəb olmuşdur. İmperatorun özü isə 1541-ci ildə baş vermiş yanğın səbəbindən, Praqa şəhərini tərk etmək məcburiyyətində qalır və sarayın tamamlanmasını görə bilmir[2]. Həmçinin, son tədqiqat araşdırmaları onun göstərir ki, binanı bəzəyən çoxsaylı relyeflər və onların mifoloji mövzusu o zaman hakim olmuş avtoritar hakimiyyəti, yəni Mərkəzi Avropada uzun illər hökm sürmüş Habsburq sülaləsininin güc və qüvvətini nümayiş etdirirdi. Bununla belə, bu cür mövzunu hökmdarın şəxsi həyat yoldaşı üçün nəzərdə tutulmuş bir tikintidə deyil, daha çox reprezentativ məqsədlərlə istifadə edildiyini təxmin etmək olar.
Tikinti xronologiyası
redaktəSarayın tikintisi 1538-ci ilin aprel ayında, italyan memarı Covanni Spatsio və italyan bənna və heykəltəraşı Paolo della Stellanın iştirakı ilə başlamışdır. Della Stella öz həmvətənini tədricən sıxışdırıb aradan qaldırmışdır. Başlanğıcda Spatsionun yerinə tövsiyə olunmuş Covanni Maria Aostalli seçilmişdir, lakin çox keçməsən bütün tikinti işi üzrə rəhbərlik vəzifəsinə Stella şəxsən nəzarət etməyə başlamışdır. Onun 1552-ci ildə ölümündən sonra isə, boş qalmış rəhbər və nəzarətçi vəzifəsinə cənubi Almaniyadan olan memar Hans Tirol təyin olunmuşdur[3]. 1556-cı ildən sonra isə, binanın tamamlanma işlərini Bonifasiy Volmut öz üzərinə götürmüşdür[4]. Saray günümüzdə İtaliya xaricində intibah üslubunda inşa olunmuş ən gözəl binalardan biri, ümumilikdə isə bütün Çexiya ərazisində bu üslubda tikilmiş ilk tikililərdən hesab olunur[5]. Yay sarayının ətrafında nəhəng əraziyə yayılmış Kral bağında ekzotik növlü nadir ağaclar yetişdirilir. Həmçinin burada o dövrlərdə nadir olan güllər də əkilirdi. Onların içərisində Osmanlı sultanı tərəfindən imperator II Rudolfa hədiyyə olunmuş dağlaləsi və zanbaq güllərinin soğanaqları əkilmişdir[6].
Sonrakı taleyi
redaktəYay sarayında II Rudolf özünün kolleksiyasını saxlayırdı. Binanın odaları rəsədxanaya çevrilmiş və bütün lazımi əşyalarla təchiz edilmişdir. Məhz burada astronomlar Tixo Brahe və İohann Kepler öz müşahidələrini aparırdılar. Rəsədxananı çox vaxt imperatorun özü ziyarət edirdi. Lakin çox keçmədən imperator öz titulunu itirir və 1612-ci ildə sarayda olarkən qəflətən həlak olur. Onun ölümündən sonra, saray tədricən yararsız vəziyyətə düşür[7].
1648-ci ildə İsveçlilər tərəfindən təşkil edilən hücum zamanı Yay sarayı talan edilir, o cümlədən heykəltəraşlıq nümunələrin əksəriyyəti oğurlanır. Həmçinin, bağçada yetişdirilən güllər də yandırılaraq məhv edilir.
İmperator II İosifin hakimiyyəti dövründə, sarayın interyeri tamamilə korlanmışdı. XVIII əsrin sonunda Praqa şəhəri Avstriya ordusu tərəfindən işğal olunarkən, sarayda artilleriya laboratoriyası yerləşdirilməsi üçün orduya təhvil verilmişdi[8].
1836-cı ildə qraf Karel Çotek bütün isveçli əsgərləri saraydan qovur və memarlar Bernard Qruber və Peter Nobile dərhal binanı bərpa etməyə başlayırlar. Onlar sarayı bərpa edərək, onu "Vətənpərvər İncəsənət Dostlarına" həsr olunmuş şəkil qalereyasına çevirdilər. Ümumilikdə, saray geniş yenidənqurma işlərinə məruz qalmışdır; bina kəskin şəkildə interyer və qismən eksteryerdə görünüşünü dəyişir. İlk növbədə künc salonun yerində böyük bir pilləkən inşa olunmuşdur. Akademiyanın direktoru Kristian Ruben tərəfindən Çexiya tarixinin ən vacib hadisələrini əks etdirən çoxlu rəsm əsərləri tərtib edilmişdir. Həmin əsərlər sarayın əsas zalını bəzəmişdir.
1989-cu ildə həyata keçirilən yenidən qurma işləri zamanı dam örtüyündə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində, damın örtüyünə zərər dəymişdir.
Hal-hazırda Yay sarayı daha çox incəsənət sərgiləri üçün istifadə olunur[8]. Bəzən də bura Çex Respublikasının Prezidenti tərəfindən keçirilən rəsmi tədbirlərə xidmət göstərir. Bütün Kral bağları kimi, diqqətəlayiq saray da aprel ayından oktyabra kimi ziyarət üçün açıqdır[8].
Memarlıq
redaktəMemarlıq baxımından saray "villa-suburban" sayılır və keçmiş zamanlarda "lusthaus" (əyləncə evi) və ya "letohrádek" adlanırdı. Böyük bağın bir hissəsi olan bina, həmçinin saray mərasimləri üçün nəzərdə tutulmuşdur. Bununla belə, bura heç bir zaman yaşayış üçün uyğunlaşdırılmamışdır. Yay Sarayı qapalı Kral bağının bir hissəsi idi.
Düzbucaqlı iki mərtəbəli binanın hər tərəfindən tağlı arkada əhatə edir. Həmin arkadanın tağlarında qeyd olunan rekyeflər yerləşir. Qabartmalı, bir az ornamental və bədii dekorasiya həmçinin sütun kürsülüyünə və qalereyanın friz karnizinə yerləşdirilmiş və qapı və pəncərələrin üzərində quraşdırılmış supraporta elementlərinin bir hissəsinə çevrilmişdir[9].
Çevrilmiş gəminin kilinə bənzəyən mis dam yaşılabənzər mavi rəngə boyanıb və Çexiya krallığını simvolizə edən müxtəlif şəkillər ilə bəzədilib. Saray relyef cizgilərlə bəzədilib. Onlardan birisi kraliçaya gül hədiyyə edən, sinəsində isə qızıl dərili qoyun ordeni olan kral I Ferdinandı təsvir edir. Əsrarəngiz konstruksiyalar, sarayı ziyarət edən hər bir qonağı valeh edir[10].
Paolo della Stella saraya təmtəraqlı görünüş vermək üçün heç bir şeyə qənaət etmirdi. O tanış bənnalar ilə birlikdə qalereyanın arkadasında çoxlu relyeflər yaratmışdı. Ornament və fiqurlarla bəzədilmiş gözəl bordür, toskan kapitellərlə tamamlanan xarici qalereyanın 36 sütunu Belvederin qonaqlarına xüsusi bir zövq hissi bağışlayır[11].
-
Qapı üzərində yerləşən relyef və ornamentlər
-
Sarayın arkadaları
-
Çevrilmiş gəminin kilinə bənzəyən mis dam
Oxuyan fontan
redaktəOxuyan fontan Yay sarayının qarşısındakı parterli renessans bağının tam mərkəzində yerləşir. Bürünc fontan saray rəssamı F.Terzionun eskiz və modelləri əsasında, 1564-68-ci illərdə Brnolu zəng və silah tökməçisi, usta Tomaş Yaroş tərəfindən hazırlanmışdır. Əvvəlki daş hovuzun yerinə fontan 1586-cı ildə quraşdırılmışdı. Onun bu cür adlandırılmasının əsas səbəbi, metal kasalara düşən su damcılarının melodik səslər çıxartması ilə əlagələndirilir. Zəng ustasının universal istedadı burada da özünü göstərdi. Fontanın mərkəzində çoban təsvir edilmişdi - bu yunan meşə və bulaqlarının qoruyucusu "Pan" tanrısının rəmzidir. Fontanın yuxarı hissəsində, musiqiçi fiquru quraşdırılmışdı. Fontanın "musiqisini" daha yaxşı dinləmək üçün aşağı kasanın yanında əyləşmək lazımdır.
Ədəbiyyat
redaktə- Letohrádek královny Anny na webu Pražského hradu
- PREISS, Pavel: Italští umělci v Praze, Panorama, Praha 1986, s. 20-30.
- Antonín Balšánek. "Belvedere : Letohrádek královny Anny na Hradčanech" (çex). Topič (Praha). 1897.[ölü keçid]
- Karel Vladislav Zap. "Popis královského hradu, hlavního chrámu u sv. Víta a všech jiných kostelův a světských stavení na Hradčanech v Praze". Královská zahrada a milohrádek (Belvedere) (çex). Kober (Praha). 1868.[ölü keçid]
- Antonín Mihulka. "Královský letohrádek zvaný Belvedere na Hradě Pražském". Zkrácený otisk dizertační práce se zabývá historií vzniku, architektonickou podobou, výtvarnou výzdobou i významem pražského letohrádku královny Anny zvaného Belvedér. (çex). Kruh pro pěstování dějin umění (Praha). 1939.[ölü keçid]
İstinadlar
redaktə- ↑ BAŽANT, Jan, Pražský Belvedér a severská renesance, Academia, Praha 2006. s. 65-98.
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 219-236.
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 11-20.
- ↑ Vlček, Pavel, and České vysoké učení technické v Praze. Fakulta architektury. Dějiny Architektury Renesance a Baroka Vyd. 1. Praha: Česká technika — nakladatelství ČVUT, 2006
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 11-25.
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 20-25.
- ↑ "BELVEDERE, HRADSCHIN, PRAGUE-—THE SINGING WELL". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-05.
- ↑ 1 2 3 Летний дворец королевы Анны Arxivləşdirilib 2011-04-23 at the Wayback Machine(младшая статья) на сайте Пражского града
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 25-32.
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 32-38.
- ↑ BAŽANT, Jan. (cit. v pozn. 1) s. 28-38.