Gilancay Korpusu - Wikipedia
Gilançay körpüsü — Orta əsrlər zamanı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Gilançay üzərində inşa edilmiş və ərazidən keçən ticarət karvanlarına xidmət etmiş körpülərdən biridir.
Coğrafi mövqeyi
redaktəOrdubad rayonunun Gilançay kəndindən bir az şimalda yerləşir və hazırda ancaq bir dayağı qalıb.
Memarlıq quruluşu və tikinti materialı
redaktəQalıqlarına əsasən məlum olur ki, körpü yonulmamış iri daşlardan əhəng məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Körpüdən qalan dayağa əsasən deyə bilərik ki, onun bəzi yerləri yonulmuş daşlarla üzlənmişdir. Gilançay kəndi bu körpünün salınmasından bir neçə əsr sonra, əvvəllər Biləv kəndinə məxsus biçənək sahələri və mal qışlağı olan ərazidə məskunlaşan biləvlilərin hesabına XX yüzilliyin əvvəllərində yarandığı üçün, əslən Biləvdən olan və Biləvin təbiətinə, toponimikasına, tarixinə və etnoqrafiyasına sanballı əsər həsr etmiş H. Aslanlı bu körpünü Biləv kəndi ərazisində yaradılan ikinci körpü kimi təqdim edir[1].
Şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına və bu yolla gedib gələn insanlara xidmət edən körpü kifayət qədər böyük olmuşdur. Orta əsrlər dövrünə xas üslubda tikilmiş, tikinti texnikasına görə bölgədəki digər körpülərlə eyniyyət təşkil edən körpünün uzunluğu təxminən 60 metr, eni 3 metr, hündürlüyü 6–7 metr olmuşdur. Körpü uzun müddət ticarət karvanlarının rahat hərəkətini təmin etmiş, lakin sonralar çay daşqınları nəticəsində dağıntıya məruz qalmışdır[2].
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.