Fazil Derbendi - Wikipedia
Fazil Dərbəndi (1785–1870)— islam alimi, teoloq
FAZİL DƏRBƏNDİ | |
---|---|
Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahid | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi |
Həyatı
redaktəFazil Dərbəndi təqribən 1785-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Mənbələrdə bu böyük şəxsiyyət Dərbəndi, Şirvani, Tehrani və Hairi nəsəbləri ilə xatırlanır.
Qədim Azərbaycan şəhəri Dərbəndin yetirməsi olan Fazil Dərbəndi 19-cu əsrin ən məşhur ruhani alimlərindən və qələm sahiblərindən sayılırdı. Fazil Dərbəndinin əsl adı Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahiddir. Yüksək elmi dərəcəsinə görə ona "Fazil Dərbəndi" (yəni Dərbəndli fəzilət sahibi) ləqəbi verilmişdi. Tarixdə bir neçə məşhur ruhani alimə ehtiram məqsədilə "Fazil" ləqəbi ilə müraciət edilmişdir. Məsələn, Fazil İrəvani, Fazil Miqdad, Fazil Bəstami, Fazil Şərabiyani və b.
Onun "Şirvani" adlandırılmasının səbəbi isə Dərbəndin vaxtilə Şirvan vilayətinə aid edilməsi ilə bağlıdır. Fazil Dərbəndi uzun müddət Tehranda və Kərbəlada (Kərbəla şəhərinin başqa adı Hairdir) yaşayıb-yaratdığı üçün, ona "Tehrani" və "Hairi" nəsəbləri də verilmişdir.
Fazil Dərbəndi məşhur müctəhidlər Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfi və Şeyx Mürtəza Ənsari ilə müasir olmuş, Kərbəlada Şərifu'l-uləma Mazandaranidən dərs almışdır. "Şərifu'l-uləma" ləqəbli Molla Məhəmmədşərif ibn Molla Həsənəli Amuli bütün İslam elmlərinin, xüsusilə, usuli-fiqhin mahir bilicisi hesab edilirdi. Onun Kərbəladakı dərslərində 1000 nəfərdən artıq tələbə iştirak edirdi. Şərifu'l-uləma Mazandaraninin tələbələri arasında Şeyx Mürtəza Ənsari, Səidu'l-uləma Barfuruşi, "Sahibi-Zəvabit" Seyyid İbrahim Qəzvini, Molla İsmail Yəzdi kimi elm nəhənglərinin adlarını çəkmək olar. Şərifu'l-uləma hicri 1245-ci (miladi 1829–30) ildə Kərbəlada taun epidemiyası zamanı vəfat etmiş və İmam Hüseyn məqbərəsinin cənub tərəfində torpağa tapşırılmışdır.
Fazil Dərbəndi belə qüdrətli alimdən şəriət elmlərinin incəliklərini kamil şəkildə mənimsəmiş, müəllimin bütün qeyd və nəzəriyyələrini diqqətlə incələmiş və öz fikir süzgəcindən keçirmişdir. Hələ gənclik illərindən Fazil Dərbəndi şəriət hökmlərinin əsaslandırılmasında diqqətcilliyi ilə seçilir, ictihadi məsələlərə dərin və əhatəli nəzər salmağa çalışırdı. Tarixi məlumatlarda xəbər verilir ki, Fazil Dərbəndi bəzən öz ustadı Şərifu'l-uləmanın irəli sürdüyü fiqhi nəzəriyyələrə tənqidi yanaşaraq deyirdi ki, filan məsələyə qarşı azı 40–50 etiraz (işkal) irəli sürə bilərəm. Şərifu'l-uləma isə cavabında deyirdi: "Əgər bircə tutarlı etiraz söyləsən, bəsdir, ikincisinə ehtiyac yoxdur".
Bəzi məlumatlara görə, Fazil Dərbəndi Nəcəfdə Şeyx Cəfər Kaşifu'l-Qitanın oğlu Şeyx Əlidən də dərs almışdır.
Fazil Dərbəndini "yüksək dərəcəli, diqqətli alim, əqidəli fəqih, rical elmini yaxşı bilən, mübahisədə mahir, araşdırıcı" və s. epitetlərlə tərif etmişlər. Müasirlərinin yazdığına görə, o, fəsahət və bəlağətdə tayı-bərabəri olmayan, ərəb dilinə agahlıqda bənzərsiz alim idi. Rical (hədis ravilərinin şəxsiyyəti) elmində onun nəzəriyyələri alimlərin müraciət və etimad mənbəyi sayılırdı.
Fazil Dərbəndi özü də öz elmi səviyyəsindən xəbərdar idi və dini biliklərinin dərin olduğunu gizlətmirdi. Elmi mübahisələr aparmaq həvəsi onu tez-tez zəmanəsinin güclü alimləri ilə qarşı-qarşıya gətirirdi. Deyilənlərə görə, məşhur Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfi məclislərin birində 30 illik zəhmətinin bəhrəsi olan "Cəvahiru'l-kəlam" kitabı ilə fəxr edəndə Fazil Dərbəndi ona belə cavab vermişdi: "Bizim xəzinələrimizdə sizin cəvahiratdan çox var" (Fazil Dərbəndi burada özünün "Xəzainu'l-ehkam" və Şeyx Məhəməmmədhəsənin "Cəvahiru'l-kəlam" kitablarına işarə etmişdir).
Fazil Dərbəndi İslam elmlərinin müxtəlif sahələrində öz qələmini məharətlə sınamışdır. Onun yazdığı əsərlər fiqh, usuli-fiqh, tarix, əqaid, rical, astronomiya, əl-kimya və s. elmləri əhatə edir. Fazil Dərbəndini ən çox məşhurlaşdıran əsər – "Əsraru'ş-şəhadət" kitabıdır. İmam Hüseynin şəhadətini təsirli dillə, parlaq boyalarla əks etdirən bu əsər ərəb dilində yazılmışdır. Kitab müqəddimə, 11 məclis və xatimədən (sonluqdan) ibarətdir. Müqəddimə şəhadətin mənasından və üstünlüyündən və imamların öz iradələri ilə şahidliyə niyə razı olduqlarından bəhs edir. 11 məclisdən ibarət əsas hissədə İmam Hüseynin Mədinədən çıxmasından başlayaraq, əsirlər karvanına olunan zülmlərə qədər hadisələr əhatə olunur. Xatimə bölümündə isə Peyğəmbərlər və imamların qatillərinin, o cümlədən, Kərbəla cinayətkarlarının cəzasından, böyük günahlardan və s. mövzulardan söhbət açılır. Kitab boyunca yeri gəldikcə, Quran ayələrinə və hədislərə istinad olunur. "Əsraru'ş-şəhadət" – bu mövzuda qələmə alınmış ən əhatəli mənbələrdən sayılır.
Bəzi mənbələrdə bu kitabın adı həm də "İksiru'l-ibadat fi əsrari'ş-şəhadat" kimi xatırlanır. Kitab hicri 1272-ci (miladi 1856) ildə yazılmış, 1284-cü (miladi 1867–68) ildən başlayaraq dəfələrlə çap olunmuşdur.
"Əsraru'ş-şəhadət" kitabı Mirzə Məhəmmədhüseyn ibn Əliəkbər Şəriətmədar tərəfindən fars dilinə tərcümə edilmiş və "Ənvaru's-səadət" adı ilə hicri 1311-ci (miladi 1893–94) ildə Təbrizdə çap olunmuşdur.
Qeyd etmək yerinə düşər ki, Fazil Dərbəndi özü "Əsraru'ş-şəhadət" kitabını ixtisarla fars dilinə tərcümə edərək, "Səadati-Nasiriyyə" adlandırmışdır. Kitab İran şahı Nasirəddin şah Qacara ithaf edildiyi üçün belə adlanırdı. 13 babdan ibarət olan kitab hicri 1278-ci (miladi 1861–62) ildə qələmə alınmış və 1292-ci (1875) ildə Tehranda çap olunmuşdur.
Fazil Dərbəndi Əhli-beytin sədaqətli aşiqlərindən idi. Xüsusilə, İmam Hüseynə böyük məhəbbəti vardı. Elə yazdığı kitabların bir neçəsinin mövzusu da bunu göstərir. Fazil Dərbəndi məhərrəmlik mövsümündə təziyə məclisləri təşkil edər, aşura müsibətlərinin xatirəsini yaddaşlarda canlandırar, atəşin moizələri ilə ürəklərdə hüzn və kədər qığılcımları yaradardı. Hətta aşura günlərində başdan əmmaməsini açar, yaxasını cırar, təziyə karvanının önündə başına torpaq tökərək addımlayardı. Elə "Əsraru'ş-şəhadət" kitabındakı bəzi zəif rəvayətləri də onun İmam Hüseynə olan sonsuz sevgisi ilə əlaqələndirmişlər. Mərhum hədis ustadı Şeyx Hüseyn Nuri "Lu'lu və mərcan" kitabında, Şəhid Mürtəza Mütəhhəri "Həmaseyi-Hüseyniyyə" əsərində bu kitabdakı bir çox rəvayətlərin qeyri-mötəbərliyinə işarə vurmuş və onu tənqid etmişlər.
Müasirləri Fazil Dərbəndinin bəzi kəramətlərini nəql etmişlər ki, bu kəramətlərin çoxusu onun İmam Hüseyn əzadarlığında göstərdiyi səylərlə bağlıdır. Əliəkbər Mehdipurun "Əcsami-cavidan" ("Diri meyitlər") kitabında bu kəramətlərdən biri təsvir edilir:
"Məlumdur ki, Fazil Dərbəndi Təbrizin Cümə məscidində, Məscidi-Ya Əli şəbistanında məhərrəmliyin ilk 10 günündə minbərə qalxıb moizə söyləyər, on minlərlə adam ona qulaq asardı. Həmçinin, onu dinləmək üçün Təbrizin Siqqətu'l-İslam, Xalaoğlu, Ağa Mirzə Sadiq ağa məscidləri və Talibiyyə mədrəsəsinin həyəti dolu olardı.
Bir dəfə məhərrəm ayının 9-da Fazil Dərbəndi camaata elan edir: "Sabah Həzrəti Əbu'lfəzl Abbasın rövzəsini oxumaq istəyirəm. Hər kimin evində əlacsız xəstə varsa, sabah bura gətirsin ki, Bəni-Haşimin məhparəsindən şəfa alsın".
Ertəsi gün ayaq üstə gəzən xəstələrdən əlavə, 27 nəfər əlacsız mərizi məscidə gətirir və bir guşədə yerləşdirirlər (Bu xəstələrin bir çoxu müalicə üçün həkimlərə müraciət etsələr də, rədd cavabı almışdılar).
Mərhum Dərbəndi minbərə qalxmazdan əvvəl xəstələrə baş çəkir və onlara belə deyir: "Bir neçə dəqiqə də səbir edin, inşallah, hamınız öz ayaqlarınızla buradan evinizə qayıdacaqsınız".
Sonra minbərə qalxıb, Kərbəla bayraqdarının fəziləti haqqında gözəl bir nitq söyləyir, Bəni-Haşim məhparəsinin ruhuna xitab edərək deyir: "Mən Sizin kəramət və səxavətinizə arxayın olub, bu adamlara söz vermişəm. Sizin səxavət və kəramətiniz buna yol verməz ki, dərgahınızın nökəri bu qədər adamın qabağında xar olsun".
Fazil Dərbəndi bundan sonra çox yanıqlı bir rövzə oxuyur. Həzrəti Əbu'lfəzlin bərəkətindən xəstələrin hamısı məsciddən sağalmış halda çıxıb evlərinə gedirlər.
Biblioqrafik mənbələrdə Fazil Dərbəndinin qələmindən çıxmış bir neçə kitab haqqında məlumat verilmişdir. Aşağıda onlardan bəzilərinin adını qeyd edirik:
- "Cəvahiru'l-iyqan" – fars dilində yazılmış bu kitabda İmam Hüseyn müsibəti təsvir olunub. Kitab hicri 1285-ci (miladi 1868) ildə Təbrizdə çap olunub.
- "Xəzainu'l-ehkam" – Seyyid Bəhru'l-ulumun "Əd-Durrətu'l-mənzumə" adlı əsərinin şərhindən ibarətdir.
- "Xəzainu'l-usul" – iki cildlik kitabın birinci cildi usuli-fiqh, ikinci cildi isə əqaid, dirayə, rical və s. elmlər sahəsindəki bilikləri əhatə edir. Hicri 1267-ci (miladi 1851) ildə Tehranda çap olunmuşdur.
- "Risaleyi-əməliyyə" – fars dilində yazılmış bu kitab təqlid, təharət və namaz bəhslərini əhatə edir.
- "Əl-Qəvamis fi ilmi'r-rical" – hədis və rical terminlərinin şərhi barədə yazılmış bu kitab 10 fəsildən ibarətdir. Hədis rəvayətçiləri (ravilər) 15 təbəqə üzrə qruplaşdırılmışdır. Oxşar istilahlar arasındakı fərqlər də kitabda təfsilatı ilə qeyd olunmuşdur. Biblioqrafik mənbələrdə bu kitab öz mövzusunda ən dəyərli əsərlərdən biri kimi xarakterizə edilir. Zənnimizcə, Molla ağa Dərbəndiyə aid edilən "Qəvamisu'l-qəvaid", "Qəvamisu's-sənaə fi fusuli'l-əxbar" və s. kitablar da haqqında danışılan əsərlə eynidir.
- Hucciyyətu'l-usuli'l-musəbbitə bi-əqsamiha" – usuli-fiqhin mübahisəli mövzularından birinə həsr olunmuş bu əsərdə Fazil Dərbəndi öz mövqeyini tutarlı sübutlarla müdafiə etmişdir. Həmin dövrün bəzi məşhur müctəhidləri (məsələn, Hacı Mirzə Mahmud Şeyxülislam Təbrizi) tərəfindən əsərə rəddiyyələr və etirazlar yazılmışdır.
- "Əl-Cövhərə" və ya "Cövhəru's-sənaə" – astronomik cihazlardan olan üstürlabın (astrolyabiya) iş prinsipi haqqındadır. Fazil Dərbəndi bu kitabı hicri 1273-cü (miladi 1857) ildə öz şagirdi Seyyid Mirzə Məhəmməd Rəzi xan Musəvi Hindi (ləqəbi Mirzə Əlicah Bəhadur xan) üçün qələmə almışdır. Kitab müqəddimə, 25 bab və xatimədən ibarətdir. Hicri 1280-ci (miladi 1863–64) ildə Hindistanın Lakhnau şəhərində çap olunmuş kitabın sonunda müəllifin həmin tələbəsinə ictihad icazəsi də dərc edilmişdir. Məşhur biblioqraf-alim Ağa Büzürg Tehrani "Əz-Zəriə" kitabında (cild 5, səh. 291) bu əsəri "öz mövzusunda misli-bərabəri olmayan" kitab kimi təsvir etmişdir.
Bunlardan əlavə, Fazil Dərbəndinin usuli-fiqh mövzusunda "Ənavinu'l-ədillə", İslam əqaidi mövzusunda "Əl-Fənnu'l-əəla fi'l-itiqadat" əsərlərinin, habelə, "Fənnu't-təmrinat", "Risalə dər iksir" və s. kitablarının olduğu məlumdur.
Fazil Dərbəndi hədis və rəvayətlərə hədsiz ehtiramla yanaşır, məsumların dilindən söylənilən kəlamlara sonsuz sayğı göstərirdi. Müasirlərinin xatirələrində qeyd edilir ki, o, Şeyxu't-taifə Tusinin "Təhzibu'l-ehkam" kitabını və sair hədis məcmuələrini hər dəfə əlinə götürəndə öpüb ehtiramla başı üstünə qaldırır və deyirdi: "Hədis kitabları da Qurani-məcid qədər möhtərəmdir".
Fazil Dərbəndi Kərbəla və Tehran şəhərlərində dərs demiş, bir neçə görkəmli ruhani alimin yetişməsində xidmət göstərmişdir. Onun şagirdlərindən aşağıdakıların adları tarix kitablarında qeyd olunmuşdur:
- Mirzə Həbib ibn Məhəmməd Haşim Xorasani (hicri 1266–1327).
- Mirzə Nəsrullah Farsi Şirazi Sənabadi (vəf. hicri 1290).
- Ayətullah Mir Axur oğlu (vəf. hicri 1328).
- Seyyid Mirzə Məhəmməd Rəzi xan Musəvi Hindi (Mirzə Əricah Bahadur xan).
- Mirzə Məhəmməd Tənkabuni (vəf. hicri 1302), "Qısəsu'l-uləma" kitabının müəllifi və b.
Qeyd edək ki, bəzi mənbələrdə Fazil Dərbəndinin xasiyyətinin ağır olduğu, bəzən öz şagirdləri ilə münasibətdə kobudluğa yol verdiyi də yazılır. Həmin mənbələrdə məlumat verilir ki, məhz bu səbəbdən onun dərsləri tez-tez pozulur və tələbələri dağılıb gedirdi.
Fazil Dərbəndi ömrü boyu İslam maarifinin təbliği, cəfəri məzhəbinin güclənməsi naminə çalışır, İslam dinini zəiflətməyə xidmət edən təxribatçı hərəkat və cərəyanlarla mübarizə aparırdı. Babilər Kərbəlada öz zərərli fikirlərini yayarkən, Fazil Dərbəndi cəsarətlə onlara etiraz edir. Nəticədə, babilər Fazilin evinə basqın edərək, onu öldürməyə çalışırlar. Şücaətli alim özünü müdafiə edərkən sifəti əzilib yaralanır. Ömrünün sonuna kimi bu yaranın yeri onun sifətində qalıbmış.
Bu hadisədən sonra Fazil Dərbəndi Kərbəlada qalmağın öz həyatı üçün təhlükəli olduğunu görərək, Tehrana köçür, Nasirəddin şah Qacarın himayəsi altında yaşayıb-yaratmağa başlayır.
Fazil Dərbəndi Tehrana daxil olarkən camaat tərəfindən böyük hörmət və məhəbbətlə qarşılanır. Hətta Nasirəddin şah şəxsən onun görüşünə gəlir. Fazil Dərbəndi şahla görüşündə də özünəməxsus cəsarət və qorxmazlığını nümayiş etdirir, həqiqətləri aşkar etmək yolunda heç nədən çəkinmədiyini göstərir. Şah uzun bığ saxladığına görə, Fazil Dərbəndi ona etirazını bildirir və bığlarını qısaltmağı məsləhət görür (İslam əxlaqına görə, bığları qısa saxlamaq məsləhətdir). Nasirəddin şah Fazil Dərbəndinin nüfuzunu nəzərə alaraq, onun tənqidi qeydi ilə razılaşmalı olur, elə həmin məclisdə bığlarını bir az kəsdirib qısaldır. Bu hadisə Fazil Dərbəndinin nə qədər nüfuz və təsir gücünə malik olduğunu açıq-aşkar sübuta yetirir (Seyyid Mustafa Hüseyni Dəşti – "Məarif və məariyf", cild 5, səh. 373–374).
Bu böyük ruhani alim hicri 1285, yaxud 1286-cı (miladi 1868–70-ci illər arası) ildə Tehran şəhərində vəfat etmiş, vəsiyyətinə əsasən Kərbəlada dəfn olunacağı vaxta kimi əmanət olaraq cəsədi Tehranda torpağa basdırılmışdır. Bircə qızından savayı övladı qalmamışdır.
Fazil Dərbəndinin vəfatından 6 ay sonra vəsiyyətinə uyğun olaraq nəşinin Kərbəlaya aparılması üçün qəbri açıldıqda şahidlərin gözü qarşısında maraqlı bir mənzərə canlanır: Fazil Dərbəndinin cəsədi qətiyyən çürüməmişdi. Ağa Büzürg Tehrani "Nuqəbau'l-bəşər" kitabında bu hadisəni belə təsvir edir:
"Etibarlı bir şəxs Tehranda yaşayan Əllamə Seyyid Hüseyn Qumminin dilindən mənim üçün nəql edib: Axund Molla ağa Dərbəndinin vəfatından 6 ay sonra cəsədini Tehrandan müqəddəs Kərbəlaya aparmış Azərbaycanlı zəvvarlar dəstəsi mənə danışmışdı ki, cəsədi əmanət olaraq qoyulmuş yerdən çıxaranda onun tər-təzə və çürüməmiş halda olduğunu görmüşdülər, sanki mərhum indicə hamamdan çıxmışdı" (Əliəkbər Mehdipur – "Əcsami-cavidan", səh. 235–236).
Fazil Dərbəndinin cəsədi Kərbəlada İmam Hüseynin məqbərəsinin kiçik həyətində, "Sahibi-Riyaz" ləqəbli Seyyid Əli Təbatəbainin oğlu Seyyid Məhəmməd Mehdinin məzarının yanında dəfn olunmuşdur.