Estoniyada Vergiler - Wikipedia
Estoniyada vergilər — Estoniya Respublikasının vergi sistemi.
Rəsmi orqan
redaktəÖlkədə qanun çərçivəsində vergi və gömrük sahəsində nəzarət, məcburetmə səlahiyyətlərini həyata keçirən dövlət orqanı Estoniya Vergi və Gömrük Şurasıdır. Bu Şura Estoniya Maliyyə Nazirliyinin tərkibinə daxildir. Dövlət gəlirlərinin idarə edilməsi, dövlətin vergi və gömrük siyasətinin həyata keçirilməsi və iqtisadi fəaliyyətin təşviq edilməsi Şuranın əsas funksiyalarıdır.
2012-ci ildə Şurada 1555 əməkdaş çalışmış, onun vasitəsi ilə dövlət büdcəsinə 6,1 milyard dollar həcmində vəsait toplanmışdır. Bu vəsait birbaşa vergilərdən 10,8%, dolayı vergilərdən 47,6%, sosial fondlardan 40,5% və 1,1% isə digərlərindən ibarət idi.
Vergi növləri
redaktəMənfəət vergisi
redaktəDigər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Estoniyada qeyri-ənənəvi mənfəət vergi sistemi tətbiq olunur. Bu ölkədə mənfəət vergisi ilə bağlı ən mühüm cəhət budur ki, müəssisələr klassik şəkildə mənfəət vergisi ödəyicisi deyildir. Bunun əvəzinə müəssisələr mənfəətin bölüşdürülməsindən bölüşdürmə vergisi ödəyirlər. 2012-ci ildə bölüşdürmə vergisi bölüşdürülən xalis mənfəətdən 21/79 dərəcə – təxminən 26,6% ilə tutulur. Ümumi bölüşdürmə – bölüşdürmə üstəgəl bölüşdürmə vergisi məbləğindən isə 21% dərəcə ilə tutulurdu[1]. 2015-ci ildən bu vergi 20/80 və ya 20% dərəcə ilə tutulması qərara alınmışdır[2]. Digər tərəfdən, müəssisələr bölüşdürmə vergisindən başqa, ƏDV, topaq vergisi, aksizlər və sosial sığorta ödənişləri ödəyirlər.
Ölkə qanunvericiliyinə uyğun olaraq Estoniyada təsis edilmiş müəssisə rezident hesab olunur.
Estoniyada bölüşdürmə vergisinin ödəyiciləri aşağıdakı qurumlar hesab olunur:
- Rezident ictimai məhdud müəssisələr (AS) və özəl məhdud müəssisələr (OÜ);
- Rezident ümumi ortaqlıqlar (TÜ) və məhdud ortaqlıqlar (UÜ);
- Rezident kooperativlər, assosiasiyalar və fondlar, həmçinin ictimai hüquqa əsasən təsis olunmuş hüquqi şəxslər.
Qeyd olunanlar rezident şəxslər olduqlarından qeyri-məhdud vergi öhdəliyi daşıyırlar. Qeyri-rezidentlərə münasibətdə isə yalnız Estoniya mənbəyindən olan gəlirlər üzrə vergi öhdəliyi yaranır. Qeyri-rezidentin daimi nümayəndəliyi rezident mənfəət vergisi ödəyiciləri kimi bölüşdürmə vergisinə cəlb olunur.
Rezident müəssisənin dünya üzrə əldə etdiyi gəlirlərin yalnız bölüşdürülən hissəsi bölüşdürmə vergisinə cəlb olunur. Müəssisə daxilində saxlanılan gəlir həmin vergiyə cəlb olunmur.
Bölüşdürmə vergisinə aşağıdakı gəlirlər qrupu cəlb olunur:
- hədiyyələr, ianələr və əyləncə xərcləri müəssisə tərəfindən işçiyə verilən hədiyyələr bölüşdürmə vergisinə cəlb olunur. Bölüşdürmə vergisinə cəlb olunmuş bu cür ödəmələr resipiyentin – işçinin gəliri kimi bir daha vergiyə cəlb olunmur. Digər tərəfdən isə bu cür ödəmələr işçinin muzdlu işdən gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb oluna bilər;
- əlavə güzəştlər – natural ödəmələr, işçinin ev kirayəsinin müəssisə tərəfindən ödənilməsi, işçi tərəfindən sahibkarın nəqliyyat vasitələrindən qeyri-sahibkarlıq məqsədilə pulsuz istifadə edilməsi, sahibkar tərəfindən işçinin xeyrinə ödənilən sığorta ödənişləri və s. bu cür ödəmələr işçiyə ödənilərkən işə götürənin xərcləri kimi vergiyə cəlb olunur. Bu cür ödəmələrdən resipiyentin, yəni işçinin gəliri kimi bir daha vergi tutulmur. Alternativ olaraq işəgötürən bu cür ödəmələri işçinin muzdlu işdən gəlirinə daxil edə bilər, bu halda işçinin əldə etdikləri muzdlu işdən gəlir kimi ödəmə mənbəyində vergiyə cəlb oluna bilər;
- dividendlər pul və ya qeyri-pul şəklində olduqda da bölüşdürmə vergisinə cəlb olunur.
Qeyri-sahibkarlıq xərclərindən də bölüşdürmə vergisi tutulur. Bu cür xərclərə aşağıdakılar aiddir.
- İcbari cərimələr və gec ödənilən vergilərə görə faizlər;
- Vergi ödəyicisindən müsadirə olunan əmlakın dəyəri;
- Ətraf mühitə atılmış tullantılara görə ödəmələr;
- Qeyri-kommersiya təşkilatlarına ödənilən üzvlüyə qəbul və üzvlük haqları, lakin müəssisənin bu cür təşkilatlarda iştirakı onun sahibkarlıq fəaliyyəti hesab olunur;
- Müəssisənin mühasibat tələblərinə uyğun olaraq sənədlə təsdiq edilə bilməyən xərcləri;
- Müəssisənin qeyri-sahibkarlıq məqsədilə istifadə edilməsi üçün alınan xidmətlərin dəyəri;
- Qeyri-sahibkarlıq məqsədilə istifadə edilməsi üçün alınan əmlakın dəyəri;
- Aşağı vergi dərəcəsi tətbiq olunan ölkələrdə yerləşən hüquqi şəxslər tərəfindən buraxılan qiymətli kağızların əldə edilməsinə çəkilən xərclərin dəyəri;
- Aşağı vergi dərəcəsi tətbiq olunan ölkələrdə yerləşən hüquqi şəxslərdə iştirak paylarına çəkilən xərclərin dəyəri;
- Aşağı vergi dərəcəsi tətbiq olunan ölkələrdə yerləşən hüquqi şəxslərə məhkəmənin qərarı olmadan ödənilən gecikmə cərimələri və kompensasiya ödənişlərinin dəyəri;
- Qeyri-qanuni ödənişlər.
Fiziki şəxslərin gəlir vergisi
redaktəEstoniyada fiziki şəxslər milli səviyyədə gəlir vergisinin ödəyiciləridir[3]. Ümumilikdə ailəli cütlüklərdən hər birinin, eləcə də uşaqların gəlirləri ayrıca vergiyə cəlb olunur, lakin cütlüklər birgə bəyannamə təqdim edə bilərlər. Ortaqlıqlar ayrıca vergiyə cəlb olunan şəxslər hesab edilir[3].
Fiziki şəxslər vergi ilindən sonrakı təqvim ilinin 31 martınadək vergi bəyannaməsini təqdim etməlidirlər. Rezident evli cütlüklər birgə bəyannamə təqdim edə bilərlər, bu zaman məcmu gəlir cütlüklər arasında yarı bölünür[3].
Gəlir vergisi il ərzində ödəmə mənbəyində tutulur və ya cari ödənişlər şəklində toplanır. Fərdi sahibkarlar əvvəlki vergi ilindəki vergi öhdəliyinin 1/4-i şəklində cari ödəmələr etməlidirlər. Ödəmə mənbəyində tutulmuş və ya cari ödəmələr şəklində ödənilmiş məbləğlər yekun vergi öhdəliyində nəzərə alınır[3].
Yekun vergi öhdəliyi üzrə gəlir vergisi hesabat ilindən sonrakı təqvim ilinin 1 iyul tarixinədək ödənilməlidir. Sahibkarlıq gəlirləri və kapital artımından gəlirlər üzrə son tarix isə 1 oktyabrdır. Artıq ödəmələr qaytarılır[3].
Fiziki şəxslər aşağıdakı şərtlərə cavab verdikdə rezident hesab olunurlar[3]:
- Estoniyada yaşayış yerinin olması;
- Estoniyada istənilən 12 aylıq dövr ərzində 183 gündən artıq qalması.
Fiziki şəxslər Estoniya rezidentliyi hallarının yaranması və ya bu halın dəyişməsi barədə məlumatı il ərzində vergi orqanına təqdim etməlidirlər. Rezident fiziki şəxslər dünya üzrə əldə etdikləri pul və ya pul dəyəri şəklində gəlirlərdən gəlir vergisi ödəyirlər[3].
Fiziki şəxslərin gəlirləri 3 növə bölünür[3]:
- adi gəlirlər;
- sahibkarlıq gəlirləri;
- mülkiyyət barədə sərəncam verilməsindən gəlirlər.
Sahibkarlıq və mülkiyyət üzrə xalis gəlirlər icazə verilən çıxılmalar nəzərə alınmaqla ayrıca hesablanır və adi gəlirlərlə cəmlənir. Fərdi güzəşt və çıxılmalar məcmu gəlirə tətbiq edilir[3].
Fərdi sahibkarlar müəssisələrdə olduğu kimi əlavə güzəştlərdən bölüşdürmə vergisi ödəyirlər[3].
Gəlir vergisinin vahid sabit dərəcəsi əvvəllər 21% olmuş, 2015-ci ildən isə 20%-dir. Kapital artımından gəlirlər üçün ayrıca dərəcə yoxdur və bu ümumi gəlirə aid edilməklə ümumi dərəcə ilə vergiyə cəlb olunur[3].
Vergidən azad olunan gəlirlərə aşağıdakılar aiddir[3]:
- daxili natural gəlirlər – bu növ gəliri əldə edən şəxslərin gəliri kimi deyil, ona bu cür gəlirləri verən müəssisələrin bölüşdürülmüş gəliri kimi vergiyə cəlb olunur;
- bəzi pensiya növləri;
- fərdi yaşayış evləri, bağ evlərinin satışından gəlirlər;
- xaricdə muzdlu işdən qazanılmış konkret sahələrdən gəlir;
- faizlərin, daxili dividendlərin və xarici dividendlərin konkret növləri, bəzi kapital artımından gəlirlər;
- dövlət təqaüdləri və hökumət tərəfindən qəbul olunmuş digər təqaüdlər;
- bir sıra dövlət subsidiyaları və sosial təyinatlı ödənişlər, aliment ödənişləri, alınmış hədiyyələr, miraslar;
- sığorta müqavilələri üzrə ödənişlər.
Estoniyada fərdi güzəşt və çıxılmalar fiziki şəxsin məcmu gəlirinə tətbiq edilir. Əgər fiziki şəxsin gəlirinin 75%-i xarici mənbədən əldə olunursa və onun bir hissəsi Estoniyada vergidən azaddırsa, fiziki şəxs yalnız Estoniya mənbəyindən əldə olunan və vergidən azad olmayan hissə üçün güzəşt tələb edə bilər[3].
Gəlirdən icazə verilən çıxılmalar bunlardır[3]:
- Fiziki şəxslər avrozona rezidenti olan kredit təşkilatları və maliyyə institutlarına ödədikləri faizləri, həmçinin şəxsi evlərin alınması və yenidənqurulması təmir istisna olmaqla, məqsədilə Avropa maliyyə institutlarından alınan kreditə görə ödənilən faizləri öz gəlirindən çıxa bilər. Təhsil xərcləri vergi ödəyicisinin özünə və ya 26 yaşdan aşağı valideyn himayəsindəki uşaqlarına görə dövlət təhsil müəssisələrinə, lisenziya almış özəl təhsil müəssisələrinə və bu statusda xarici təhsil müəssisələrinə ödənilərsə, həmin məbləğ gəlirdən çıxıla bilər. Vergi ödəyicisi qeyri-kommersiya təşkilatlarına verdiyi hədiyyələri sənədlə sübut etməklə onların dəyərini gəlirindən çıxa bilər. Lakin bu cür çıxılmaların limiti vergi ödəyicisinin vergi ili ərzində əldə etdiyi gəlirin 5%-i həcmində müəyyənləşdirilib. İşsizliyə görə ödənilən sığorta haqları da gəlirdən çıxılır.
Fərdi güzəştlər bunlardır[3]:
- İllik baza güzəşti 1728 avro təşkil edir. Muzdlu işçinin əsas iş yerində baza güzəşti məbləğini 12 aya bölərək aylıq 144 avro məbləğində tətbiq etmək hüququ vardır. Ailəli cütlüklərdən birinin ikinci uşaqdan başlayaraq bu məbləği 18 yaşdan aşağı olan hər bir uşaq sayına tətbiq etmək hüququ vardır. Əgər 18 yaşadək uşaq hər hansı gəlir əldə edirsə, güzəştin məbləği baza güzəşti ilə uşağın əldə etdiyi gəlirin fərqi ilə məhdudlaşır. Bundan əlavə, əgər fiziki şəxs Avrozona qanunlarına və ya sosial sığorta müqaviləsinə əsasən pensiya alırsa, onun illik 2304 avroya qədər hissəsi gəlir vergisindən azaddır.
Qida məhsullarına vergi
redaktəAvropa İttifaqı ölkələri arasında Estoniya qida məhsullarına dövriyyədən vahid vergi tətbiq edən az ölkələrdən biridir[4]. Vergi məbləği 20%-dir ki, bu da çox yüksəkdir[4]. Çünki digər Avropa İttifaqı ölkələrində qida məhsulları və alkoqolsuz içkilər ya güzəştli vergiyə cəlb edilir, ya da ümumiyyətlə vergidən azaddır[4].
Vergi cinayətləri
redaktəEstoniyada vergi cinayətləri ilə Təhqiqat İdarəsi və Vergilər İdarəsi məşğul olur[5]. Həmçinin bu ölkədə vergi cinayətləri vergi orqanı ilə birlikdə daxili işlər orqanının birgə fəaliyyəti sayəsində araşdırılır[5].
İstinadlar
redaktə- ↑ "Tax rates in Estonia". 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-18.
- ↑ "Taxation of profits in Estonia | Estonian Tax and Customs Board". www.emta.ee. 2021-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Xarici ölkələrin təcrübəsi Estoniya Respublikasının vergi sistemi: fiziki şəxslərin gəlir vergisi Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine. vergiler.az (az.)
- ↑ 1 2 3 Estoniyada qida məhsullarına yüksək vergilər tətbiq edilir[ölü keçid]. vergiler.az (az.)
- ↑ 1 2 Vergilər Nazirliyinin nümayəndə heyətinin Estoniyaya səfəri Arxivləşdirilib 2017-11-27 at the Wayback Machine. taxes.gov.az, 18.09.2016 (az.)