Ernest Fenollosa - Wikipedia
Ernest Fransisko Fenollosa (ing. Ernest Francisco Fenollosa; 18 fevral 1853[1][2][…], Salem[d], Massaçusets – 21 sentyabr 1908[1][2][…], London) – ABŞ pedaqoqu, sosioloqu və yapon incəsənətinin tarixçisi. Tokio Universitetinin professoru olmuşdur. Yaponiyada yapon incəsənətinin tədqiqi və mühafizəsi istiqamətində fəaliyyət göstərmişdir.
Ernest Fenollosa | |
---|---|
Doğum tarixi | 18 fevral 1853[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 sentyabr 1908[1][2][…] (55 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | professor, sənətşünas, yaponşünas[d], tərcüməçi, şair, filosof, şərqşünas |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəErnest Fenollosa 1853-cü ildə ABŞ-nin Massaçusets ştatının Salem şəhərində doğulmuşdur. 1874-cü ildə Harvard Universitetinin fəlsəfə və sosiologiya fakültəsindən məzun olmuşdur. Təqaüd qazanaraq fəlsəfə və teologiya təhsilinə davam etmişdir. 1877-ci ildə Harvard Universitetindəki təhsilini yarımçıq qoyaraq Boston Təsviri İncəsənət Muzeyində rəssamlıq öyrənməyə başlamışdır.[3]
Yaponiyada həyatı
redaktəTokio Universitetinin zooloqu olan Edvard Morze 1878-ci ildə onu Yaponiyaya dəvət etmişdir. Fenollosa Yaponiya hökumətinin təklifini qəbul edərək Tokio Universitetində fəlsəfə və siyasi iqtisadiyyat (1878–1880), eləcə də, fəlsəfə və məntiq (1880–1886) müəllimi olmuşdur. İnoue Tetsuciro, Naqao Ariqa, Miyake Setsurey, Tsubouçi Şoyo, Hozumi Yatsuka, Kanay Noburu, Takata Sanae, İnoue Enryo, Kano Ciqoro, Vadaqaki Kenzo kimi şəxslər onun tələbələri olmuşdurlar.[3]
Fenollosa müəllim kimi uğur qazansa da, ənənəvi yapon incəsənətini qorumaq və nümayiş etdirmək istiqamətində gördüyü işlərə görə tanınır. Kano Hoqay və Haşimoto Qaho kimi ənənəvi rəssamların hamisi olmaqla yanaşı yapon incəsənətinin Yaponiyada yenidən qiymət tapması üçün çalışmışdır. O, bir çox sənət əsərini məhv olmaqdan xilas etmiş və öz şəxsi kolleksiyasını yaratmışdır.[3] Ukiyo-e sənətini dünyaya tanıtmış, buddizmi qəbul etmişdir.[4] 1886-cı ildə Təhsil Nazirliyinin təklifini qəbul edərək bütün fəaliyyətini yapon incəsənətinə həsr etməyə başlamışdır. 1887-ci ildə Tokio Təsviri İncəsənət Məktəbinin yaradılmasında iştirak etmişdir. 1886–1890-cı illərdə incəsənət administrasiyası, metodları və proqramlarını araşdırmaq üçün ABŞ və Avropaya göndərilmiş imperator komissiyasının tərkibində olmuşdur.[3]
Fenollosa 1890-cı ildə Bostona qayıdaraq Boston Təsviri İncəsənət Muzeyinin şərqşünaslıq bölməsinin rəhbəri təyin olunmuşdur. 1897-ci ildə Yaponiyaya qayıdaraq tədqiqat və mühazirələrinə davam etmiş, Tokioda yerləşən İmperator Normal Məktəbində ingilis dili müəllimi olmuşdur. 1900-cü ildə ABŞ-yə qayıdaraq Kolumbiya Universitetində dərs deməyə başlamışdır.[3] 1908-ci ildə Avropaya səyahət etmiş və Londonda ölmüşdür. Külləri Şiqa prefekturasında yerləşən Onco məbədində basdırılmışdır.[4]
Əsərləri
redaktəƏsas əsəri olan "Çin və yapon incəsənətinin dövləri" ölümündən sonra – 1912-ci ildə nəşr olunmuşdur. Digər əsərlərinə "Ukiyo-enin ustaları" (1896), "Yaponiyanın dəyişməz nəcib tamaşaları" (1916), "No və ya nailiyyət, Yaponiyanın klassik dövrünün tədqiqi" (1916) daxildir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Ernest Fenollosa // Internet Philosophy Ontology project (ing.).
- ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 251
- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1975
- ↑ Kodansha Encyclopedia of Japan. səh. 252
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 251–252. ISBN 0-87011-622-3. İstifadə tarixi: 15 avqust 2024.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. İstifadə tarixi: 2024.