Edvard Morze - Wikipedia
Edvard Silvester Morze (18 iyun 1838[1][2], Portlend[d], Men ştatı – 20 dekabr 1925[1][2], Salem[d], Massaçusets) – ABŞ-li zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur.
Edvard Morze | |
---|---|
Doğum tarixi | 18 iyun 1838[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1925[1][2] (87 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri |
|
İş yeri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illəri
redaktə1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu. Morze quru ilbizlərini araşdırmağa başlayıb, lakin kollec təhsilini davam etdirmək üçün dəmiryolu dükkanında eskizçi kimi işləməli olub. Burada işləyərkən eskiz və rəsm bacarıqlarını inkişaf etdirmişdir.[3]
Karyerası
redaktə1859–62-ci illərdə Harvard Universitetinin nəzdində olan Lourens Elm Məktəbinin xüsusi tələbəsi olmuşdur. Daha sonra universitetin müqayisəli zoologiya muzeyinin zooloqu olan Luis Aqassizin yanında köməkçi kimi işləmişdir, lakin elmi dərəcə əldə etməmişdir. Morzenin Harvard Universitetindəki həmkarlarının bir çoxunun parlaq elmi karyerası olmuşdur.[3]
1863–64-cü illərdə Salem şəhərində yerləşən Esseks İnstitutuna qoşulmuşdur. İnstitutun muzeyində təbiətşünaslıq və etnologiyaya dair böyük kolleksiya var idi və Morze balıqqulağı kolleksiyasından məsul idi. 1868-ci ildə Morze 3 həmkarı ilə birlikdə "American Naturalist" elmi nəşrini yaratmışdır. Morze nəşr üçün məqalələr yazmış və illüstrasiyalar çəkmişdir. O, elm və darvinizm haqqında mühazirələr vermişdir.[3]
Morze 1871–74-cü illərdə Boudoin kollecində zoologiya və müqayisəli anatomiya professoru olmuşdur. 1875-ci ildə "Zoologiyada ilk kitab" adlı dərsliyi nəşr olunmuşdur. Molyuskları araşdıran Morze oxşarlığa baxmayaraq onların çiyinayaqlılarla yaxın qohum olmadıqları qənaətinə gəlmişdir. Daxili orqanları və yumurtaların yaranmasını öyrənən Morze onların qurdlara daha yaxın olduqlarını demişdir.[3]
Yaponiyada bir çox çiyinayaqlı növü müəyyən edildiyi üçün 1877-ci ildə Yaponiyaya səyahət etmiş və Enoşimada dənizkənarı laboratoriya qurmuşdur. Tezliklə Tokio Universitetinə professor kimi dəvət edilmişdir. 1877–80-ci illərdə burada işləmiş və işlədiyi müddətcə Yaponiya mədəniyyətinə böyük maraq göstərmişdir. Bəzi tələbələri zooloq olmuşdurlar.[3]
1880-ci ildə ABŞ-də qayıtdıqdan sonra 1916-cı ilə kimi Salemdəki Pibodi muzeyinin direktoru olmuşdur. Muzeyin kolleksiyasını yenidən tərtib etmiş, sərgi metodlarını inkişaf etdirmiş və muzeyi genişləndirmişdir. 1925-ci ildə Salem şəhərində ölmüşdür.[3]
Elmi töhfələri
redaktəMorze ilk olaraq Men ştatındakı yeni quru ilbizi növlərini təsnif etmiş, növbəti illərdə molyusk və çiyinayaqlıları öyrənmişdir. Astronomiyaya da maraq göstərmiş, Louell rəsədxanasında 34 gecə keçirmiş, Marsı müşahidə edərək eskizlərini hazırlamışdır. 1906-cı ildə "Mars və müəmması" adlı əsəri nəşr olunmuş, Fransa və Belçikanın astronomiya cəmiyyətlərinə qəbul edilmişdir.[3]
1877-ci ildə Enoşimadan Tokioya gedən qatarda ikən təsadüf nəticəsində qədim balıqqulağı yığınlarını kəşf etmişdir. Həmçinin Yaponiyada antik dulusçuluğu tədqiq etmiş, yapon dulusçuluq məmulatlarının kolleksiyasını toplamışdır. 1880-ci ildə Morze yapon dulusçuluq kolleksiyasını Boston muzeyinə yerləşdirmişdir və həmin kolleksiyanın nəzarətçisi olmuşdur. 1901-ci ildə muzey bu kolleksiyanın kataloqunu nəşr etmiş və kataloq Yaponiya hökuməti tərəfindən yapon dilinə tərcümə olunmuşdur. 1898-ci ildə Morze imperator tərəfindən "Yüksələn günəş" ordeninə layiq görülən ilk amerikalı olmuşdur. O, həmçinin Yaponiyanın "Müqəddəs xəzinə" medalı ilə də təltif edilmişdir.[3]
Yaponiyada yaşayarkən və 1882–83-cü illərdə Yaponiyaya etdiyi səfər zaman yapon evlərinə böyük maraq göstərmişdir. 1888-ci ildə "Yapon evləri və onların ətrafı" əsəri nəşr olunmuş, əsərdə 300-dən çox eskizi yer almışdır. Daha sonra maraq dairəsini Çinə yönəltmiş və 1882-ci ildə Çində səyahətdə olmuşdur. 1906-cı ildə "Çinə nəzər və Çin evləri" əsəri çapdan çıxmışdır.[3]
Morze bir çox elmi cəmiyyətin üzvü olmuş, 1886-cı ildə Amerika Elmin İnkişafı Assosiasiyasının prezidenti seçilmişdir. 1876-cı ildə ABŞ Milli Elmlər Akademiyasına seçilmişdir.[3]
Şəxsi həyatı
redaktəMorze 1863-cü ildə Ellen Elizabet Ouenlə evlənmiş və 2 uşağı olmuşdur. Dişlərindəki problemlərə görə ABŞ Vətəndaş müharibəsində İttifaq ordusuna qəbul edilməmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bleed P. Edward Sylvester Morse // Morse, Edward Sylvester (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T059742
- ↑ 1 2 3 4 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Elizabeth Noble Shor. "Morse, Edward Sylvester". American National Biography (ingiliscə). fevral 2000. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2021.