Bolqaristan Yaponiya Munasibetleri - Wikipedia
Bolqarıstan–Yaponiya münasibətləri (bolq. Отношения между България и Япония; yap. 日本とブルガリアの関係) – Bolqarıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Bolqarıstan–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1877–1878-ci illərdə baş vermiş Rusiya-Osmanlı müharibəsi zamanı Yaponiya hökuməti Bolqarıstan ərazisindəki döyüşləri müşahidə etmək üçün Seyqo Yamazavanı Rusiyaya göndərmişdir. Sadəcə müşahidə etmək üçün göndərilsə də, Bolqarıstanın Plevna şəhərinin mühasirəsində iştirak etmiş və Osmanlı əsgərlərinə qarşı döyüşmüşdür.[1]
1878-ci ildə elan olunmuş Bolqarıstan knyazlığı ilə Yaponiya arasındakı ilk yazılı əlaqə 1879-cu ilə aiddir. Aleksandr Battenberq İmperator Meyciyə məktub göndərərək knyaz olması barədə onu məlumatlandırmışdır. 1908-ci ildə qurulmuş Bolqarıstan krallığı ilə Yaponiya arasında ilk əlaqələr isə 1909-cu ilə aiddir. Yaponiya şahzadəsi Kuni Kuniyoşi 1909-cu ilin martında Bolqarıstanda olmuş və Bolqarıstanın I dərəcəli "Müqəddəs Aleksandr" ordeni ilə təltif olunmuşdur. Yaponiya hökuməti Bolqarıstanın müstəqilliyini 1909-cu ildə tanımışdır.[1]
28 oktyabr 1934-cü ildə Sofiyada Bolqarıstan–Yaponiya Ticarət Palatası yaradılmışdır. Təşkilatın məqsədi ölkələr arasında mədəni və iqtisadi əlaqələri gücləndirmək idi və "Bulgarian-Japanese Review" adlı ikidilli jurnal nəşr etdirirdi.[1]
Bolqarıstan ilə Yaponiya arasında rəsmi diplomatik əlaqələr 1939-cu ildə qurulmuşdur. 4 dekabr 1939-cu ildə Yaponiyanın Bolqarıstandakı ilk diplomatik nünmayəndəsi Teruo Haçiya Sofiyaya gəlmişdir. 1939-cu ildə Sofiyada Yaponiyanın diplomatik missiyası, 1942-ci ildə Tokioda Bolqarıstanın diplomatik missiyası açılmışdır. Bolqarıstanın Yaponiyadakı ilk səfiri Yanko Peyev olmuşdur. 11 fevral 1943-cü ildə Yanko Peyev ilə Yaponiyanın xarici işlər naziri Tani Masayuki arasında "dostluq və mədəni əməkdaşlıq müqaviləsi" imzalanmışdır. Həmin il Tokioda Yaponiya–Bolqarıstan Dostluq Cəmiyyəti yaradılmışdır. İkinci dünya müharibəsi səbəbilə 1944-cü ilin sentyabrında ölkələr arasındakı əlaqələr dayansa da, 12 sentyabr 1959-cu ildə bərpa olunmuşdur.[1]
Səfərlər
redaktəYaponiya şahzadələrindən Mikasa 1987-ci ildə, Sayako 1996-cı ildə, Akişino isə 2009-cu ildə Bolqarıstanda olmuşdur. Yaponiya baş naziri Şinzo Abe 2018-ci ildə Bolqarıstana səfər etmişdir. Bolqarıstan prezidentlərindən Jelyu Jelev 1990-cı ildə, Pyotr Stoyanov 1997-ci ildə, Georgi Pırvanov 2009-cu ildə, Rumen Radev isə 2019-cu ildə Yaponiyada səfərdə olmuşdur. Todor Jivkov (1970, 1978 və 1985), Simeon Borisov (2004) və Boyko Borissov (2011) kimi Bolqarıstan baş nazirləri Yaponiyanı ziyarət etmişdirlər.[2]
Mədəniyyət
redaktəBolqarıstan ilə Yaponiya arasındakı qarşılıqlı mədəni əlaqələrın qızıl dövrü 1970-ci illər hesab olunur. 1970-ci ildə Osaka prefekturasında keçirilmiş Ekspo '70 tədbirində Bolqarıstan pavilyonu ən çox ziyarət edilən pavilyon olmuşdur. Yaponlar bu tədbir vasitəsilə bolqar qızılgülü və yoqurtu, antik Frakiya mədəniyyəti ilə tanış olmuşdurlar. Xüsusilə də, Lüdmila Jirkovanın ölkələr arasındakı mədəni əlaqələrin inkişafında vacib rolu olmuşdur. Onun təşəbbüsü ilə Yaponiyada "Bolqar Frakiya xəzinəsi" sərgisi baş tutmuşdur.[3]
1980–1985-ci illərdə Bolqarıstanın 1300 illiyini qeyd etmək məqsədilə Yaponiyada bir sıra mədəni təbirlər keçirilmişdir. "Bolqar ədəbiyyatı və mədəniyyəti günləri", Yaponiya Kalliqrafiya Muzeyində "Qədim bolqar əlyazmaları", "Bolqar ədəbiyyatı və mədəniyyəti simpoziumu" bu cür tədbirlərə nümunələrdir.[3]
1990-cı ildən etibarən hər il Bolqarıstanda "Yapon mədəniyyət günləri" keçirilir. Bu tədbir vasitəsilə Bolqarıstanda Yaponiya mədəniyyəti tanıdılır. 1994–1997-ci illərdə Tokioda "Bolqar mədəniyyət həftələri" keçirilmişdir. Bolqarıstan Milli Radiosunun uşaq xoru və Sofiya Milli Teatrı tez-tez Yaponiyada konsertlər verir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Kandilarov, Evgeniy. "Bulgarian State Archives as a Source of Studying Modern Japanese History" (PDF) (ingiliscə). EAJRS. 2023-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 mart 2023.
- ↑ 1 2 "Japan-Bulgaria Relations (Basic Data)" (ingiliscə). Xarici İşlər Nazirliyi (Yaponiya). 25 sentyabr 2020. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ 1 2 Gadjeva, Nadejda. "Bulgarian Cultural Diplomacy before and after the 1990s: The case of Japan" (PDF). 2023-01-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 mart 2023.