Balabey Elibeyov Diplomat - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Balabəy Əlibəyov (1855, Naxçıvan – XX əsr) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu.
Balabəy Əlibəyov | |
---|---|
Balabəy Əlibəyov | |
Doğum tarixi | 1855 |
Doğum yeri | |
Vəfat tarixi | XX əsr |
Həyatı
redaktəHələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B. Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L. Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B. Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş"[1]. Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir.
Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir.
Balabəy 1903–1908-ci illərdə polis zabiti, 1908–1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu və rus, türk, fars və digər dillərə yaxşı bələd olması onu xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə o 1911–1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur. Bu üçillik müddətdə o Urmiyada polismeyster kimi fəaliyyət göstərmişdir.
1920-ci ildən başlayaraq Sovet müəssisələrində xidmət etmiş Balabəy Əlibəyovun Naxçıvanın Qarsdakı müvəkkili kimi fəaliyyəti 1924-cü ilin mart-aprelindən 1925-ci ilin əvvəllərinə qədərki dövrdə təsadüf edir. İ. Hacıyev və E. Kəlbizadə "Naxçıvanlı diplomatlar" kitabında yazırlar ki, 1925-ci ilin aprelində B. Əlibəyovun artıq diplomatik fəaliyyətdə olmadığı məlumdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov Naxçıvan SSR Xalq Maliyyə Komissarlığının maliyyə agenti kimi mühakimə edilmiş və nəticədə işdən çıxarılmışdır.
Mənşəcə köklü bəy nəslindən olan və uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Balabəy Əlibəyov həm də məşhur kolleksioner olmuş və Naxçıvanın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə aid ən müxtəlif əşyaları toplamışdır. Balabəyin hələ 1917–1918-ci illərdə Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində yerləşən mülkündə muzey təşkil etməsi onun tariximizə, mədəniyyətimizə nə qədər böyük məhəbbətlə yanaşdığının təzahürü olmuşdur. Qeyd edək ki, Nizami Rəhimovun "Balabəy Əlibəyovun Naxçıvan Muzeyi" ı məqaləsində yazdığına görə bu mülk şəhərin mərkəzində indiki Atatürk (keçmiş Kirov) küçəsindəki və son illərədək komunal və məişət müəssisələri kombinatının yerləşdiyi binanın yerində olmuşdur. Qeyd edək ki, hal hazırda həmin ərazidə (Kapital Bankın Naxçıvan Muxtar Respublika idarəsinin yaxınlığında) yeni ictimai yaşayış binası inşa edilmişdir.
Beləliklə, 1925-ci ilin aprelində Xalq Maaliyyə Komissarlığının maliyyə agenti vəzifəsindən azad edilən Balabəy Əlibəyovun sonrakı dövr taleyində təşkil etdiyi şəxsi muzeyi əhəmiyyətli rol oynamışdır. Belə ki, Naxçıvan MSSR Xalq Komissarları Şurasının 30 oktyabr 1924-cü il tarixli qərarı ilə yaradılan Naxçıvan Tarix Etnoqrafiya Muzeyinin təşkil edilə bilməməsi Balabəy Əlibəyovun şəxsi muzeyinin respublika mülkiyyətinə keçməsi haqqında qərarla nəticələnmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-cı il tarixli qərarı ilə muzey respublika mülkiyyətinə qəbul edilmiş, Balabəy Əlibəyov isə ayda 40 manat məvacib almaqla ömürlük olaraq muzeyin direktoru təyin edilmişdir. Naxçıvanı Öyrənən Elmi Cəmiyyətin 12 fevral 1927-ci il tarixli 33 nömrəli protokolunda da muzeyin direktoru kimi Balabəyin adı çəkilmişdir.[2]
Balabəy Əlibəyovun vəfatı ilə əlaqədar dəqiq tarixi müəyyənləşdirə bilməsək də bəzi tədqiqatçılar onun XX əsrin 40-cı illərinə qədər yaşadığı fikrindədirlər.
İstinadlar
redaktəMənbə
redaktə- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s. [ölü keçid] , s. 51–54
- Xəlilov F. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı:Nurlan, 2005, 196 s. [ölü keçid]
- İvanov R. Basqın, Moskva, 2008, 463 s.
Xarici keçidlər
redaktə- Kəlbizadə E. Bir adın izi ilə [ölü keçid], "Şərq qapısı" qəzeti, 22.04.2014-cü il
- Кельбизаде Э. Уполномоченный Нахчывана в Карсе-История дипломатии