Baki Texnika Komitesi - Wikipedia
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan.[1]
Yaradılması və faəliyyəti
redaktəƏsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu.[1]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti
redaktəAzərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı. Neftin tərkibinin yoxlanması, onda kənar qarışıqların olub-olmamasının müəyyən edilməsi, yeni - aksiz rüsumundan azad olan neft emalı məhsullarının və tullantılarının yoxlanılması BTK-nin əsas vəzifələrindən idi. BTK öz fəaliyyətini Aprel işğalından (1920) sonra da davam etdirmişdir.[1]