Azuci Qesri - Wikipedia
Azuçi qəsri (安土城?) – Yaponiyanın Şiqa prefekturasının Omihaçiman şəhərində yerləşmiş qəsr. Oda Nobunaqanın əsas qəsrlərindən biri olmuşdur. Bir çox xüsusiyyətinə görə dövrünün müasir qəsrlərindən biri olmuşdur. 1582-ci ildə baş vermiş yanğından sonra məhv olmuşdur. Daş bünövrəsindən başqa heç bir hissəsi salamat qalmayıb, lakin Mie prefekturasında reproduksiyası yerləşir.
Azuçi qəsri | |
---|---|
安土城 | |
Omihaçiman ( Yaponiya) | |
Tipi | Azuçi-Momoyama qəsri |
Yer haqqında informasiya | |
Vəziyyəti | yanğında məhv olub |
Tikinti yerinin tarixi | |
Tikilib | 1576-1579 |
İnşaatçı | Oda Nobunaqa |
İstifadə illəri | 1579-1582 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXVI əsrin ortalarında portuqallar tərəfindən odlu silahların Yaponiyaya tanıdılmasından sonra ənənəvi qəsr modellərindən imtina edilmiş və feodallar odlu silahlara qarşı effektiv qəsrlər tikdirməyə başlamışdırlar. Azuçi qəsri bu baxımdan növünün ilk nümunələrindən biri olmuşdur. Qəsrin tikintisi Oda Nobunaqa tərəfindən 1576-cı ildə başladılmış və 1579-cu ildə tamamlanmışdır. Qəsr Biva gölünün sahilində, düzənliyə baxan təpənin üstündə, paytaxt Kiotoya gedən vacib nəqliyyat yollarının üstündə tikilmişdir. Əvvəlcə qəsr ancaq müdafiə qurğusu kimi nəzərdə tutulsa da, Nobunaqa qəsrdən iqamətgah kimi də istifadə etmişdir.[1]
Azuçi qəsri bir çox xüsusiyyətinə görə əvvəlki yapon qəsrindən fərqlənirdi. Böyük ölçüləri və əsasən daşdan tikilməsi odlu silahlara dözümlü olması üçün nəzərdə tutulmuşdu. Hündür müdafiə qüllələri və qəsrin dağ əvəzinə təpədə yerləşməsi isə müharibə taktikalarının dəyişməsinə görə tətbiq edilən digər yeniliklər idi. Bu xüsusiyyətlər düşmənləri odlu silahlarla daha uzaqdan qarşılamağa imkan verirdi.[2]
Nobunaqa tərəfindən qəsrin divarları xaricində yaradılmış qəsr şəhəri isə yeni növ qəsr şəhəri idi. Nobunaqa bəzi əsgərləri və təhkimliləri üçün evlər tikdirsə də, onlar yeni şəhərə gec köçdükləri üçün ancaq 2-3 il sonra şəhər məskunlaşılmışdır. Bunlardan əlavə, Nobunaqa tacir və sənətkarları cəlb etmək üçün də şəhərdə şərait yaratmışdır. O, 1577-ci ildə fərman buraxaraq şəhərdə alqı-satqı vergisinin alınmayacağını bildirmişdir. Bu dəyişiklik bir çox usta və taciri şəhərə cəlb etmişdir.[2]
Yaponiyaya gəlmiş rahib Qnecchi Orqantino və digər xristian rahiblər Azuçi qəsrində Nobunaqa tərəfindən qəbul edilmiş, hətta Nobunaqa onlara kilsə və ev tikdirmək təklifi etmişdir.[3]
21 iyun 1582-ci ildə Nobunaqanın ölümündən sonra Akeçi Mitsuhide Azuçi qəsrinə yerimiş və Nobunaqanın xəzinəsini müttəfiqlərinə paylamışdır. Mitsuhide qəsrə xətər yetirməsə də, tezliklə baş verən bir yanğın nəticəsində məhv olmuşdur. Yanğının necə və kim tərəfindən başladığı bilinmir, amma populyar fikrə görə Nobunaqanın oğlu atasının ölümündən çox sarsıldığı üçün qəsri yandırmaq qərarına gəlmişdir. Digər fikrə görə yanğına səbəb şəhər əhalisi olmuşdur. Yanğından sonra təkcə xəndəklər, divarlar və bünövrəsi salamat qalmışdır.[3]
Quruluşu
redaktəQəsrin tikintisi zamanı portuqalların təmin etdikləri sxemlərdən istifadə olunmuşdur. Buna görə Azuçi qəsri dövrün digər qəsrlərindən çox fərqlənirdi. Kiçik ordu qəsrin tikintisində istifadə olunan böyük daşları Azuçiyama qəsrinə daşımışdır. Qəsrin göl sahilində yerləşən hissəsi isə təxminən 180 metr hündürlüyündə olan dik uçurumla əhatə olunmuşdur. Qəsrin digər hissələri ilə dərin xəndəklər və 21 metr hündürlüyündə olan, uzun daş divarla əhatə olunmuşdu. Xarici istehkamların sayı dörd idi. Əsas qüllə 7 mərtəbəli və 52 metr hündürlüyündə idi. Nəhəng daş bünövrənin hündürlüyü 21 metr idi və birinci mərtəbəni əmələ gətirirdi. Birinci mərtəbənin ölçüləri 37x31 metr idi, işıqlandırma üçün 60 çıxışı var idi və 45 otaqdan ibarət idi.[4]
Orijinal tenşunun daş bünövrəsindən başqa heç bir hissəsi salamat qalmayıb, lakin həmin dövrə aid detallı təsvir qalıb. İkinci mərtəbədə bir çox dekorasiya otağı yerləşirdi və təbiəti əks etdirən rəsmlərlə bəzədilmişdi. Hətta otaqlardan biri qızılla örtülmüşdü və sakuralarla bəzədilmişdi. İkinci mərtəbədə qida, paltar, silah kimi ləvazimatları saxlamaq üçün anbar da yerləşirdi. Üçüncü mərtəbədə bir çox mənzil var idi. Dördüncü mərtəbənin mənzərəli bağçası malik idi. Beşinci mərtəbə rəsmlərlə bəzədilmişdi, lakin altıncı mərtəbənin 4 oktaqonal otağı var idi və bu otaqların qırmızı rəngli xarici sütunları və qızılı rəngli daxili sütunları var idi. Yeddinci mərtəbə müşahidə platforması idi, qızılı vərəqlərlə və əjdaha rəsmləri ilə bəzədilmişdi.[4]
Həmin dövrdə Yaponiyaya gəlmiş portuqal Luiş Froiş qəsr haqqında yazmışdır. O yazmışdır ki, Nobunaqanın vassallarının otaqları qızılla bəzədilmişdi. Müşahidə qüllələri divarların üzərində yerləşirdi.[4] Divarlar yaxşı quraşdırılmış dəmirlə örtülmüşdü və tövlələr o qədər təmiz idi ki, hətta yuxarı zümrədən olan şəxslər də orada qala bilərdi. Qəsrin xarici tərəflərində Nobunaqanın baş vassallarının malikanələri, anbarlar və dini ehtiyaclar üçün bir məbəd yerləşirdi.[2]
İstinadlar
redaktə- ↑ Schmorleitz, 1974. səh. 65
- ↑ 1 2 3 Schmorleitz, 1974. səh. 67
- ↑ 1 2 Schmorleitz, 1974. səh. 68
- ↑ 1 2 3 Schmorleitz, 1974. səh. 66
Ədəbiyyat
redaktə- *Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. 65–68. ISBN 0-8048-1102-4.