Azerbaycan Selaleleri - Wikipedia
Azərbaycan şəlalələri — Azərbaycan ərazisində mövcud şəlalələr.
Azərbaycanın ən yüksək şəlaləsi Mucuq şəlaləsidir. Qəbələ rayonu ərazisində, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.
Böyük Qafqazın ən əzəmətli dağlarından biri - Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur.
Qusar rayonunun dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü (hündurluyu 150 m-ə qədər) şəlalələr axır.
Yardımlı rayonunun Peştəsər və Ostayır kəndinindəki şəlalələr də məşhurdur. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsi də turistlərin diqqətini cəlb edir.[1]
İsmayıllı rayonu ərazisində hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürlükdən axan İstisu, Pirbənövşə və Mədrəsə şəlalələrini misal göstərmək olar.[2]
Laçın rayon Ağbulaq kəndi ərazisində yerləşən Ağbulaq şəlaləsi 36 metrə çatan hündürlükdədir.
Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Şəlalə Zaqatala dövlət təbiət qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Katexçay şəlaləsi Azərbaycanın ən bolsulu şəlaləsidir.[3]
Oğuz-Qəbələ yolunun kənarında yerləşən Yeddi gözəl şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir. Qax rayonundakı İlisu şəlaləsinin hündürlüyü təxminən 25 metrdir.
İstinadlar
redaktə- ↑ İctimai TV. "Tarixən strateji əhəmiyyətə malik olan Təkdam şəlaləsi" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ "Azərbaycan təbiətinin möcüsəsi". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-17.
- ↑ "Balakən turizm potensialını reallaşdırır". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-17.
Xarici keçidlər
redaktə- Azərbaycanın çayları, gölləri və su anbarları Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine