Antoniu Di Oliveyra Salazar - Wikipedia
Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru.
Antoniu di Oliveyra Salazar | |
---|---|
António de Oliveira Salazar | |
Portuqaliyanın 101-ci baş naziri | |
5 iyul 1932 – 25 sentyabr 1968 | |
Prezident | Antonio Oskar Karmona (5 iyul 1932–18 aprel 1951) özü (müvəqqəti) (18 aprel 1951–9 avqust 1951) Fransisko Kraveyro Lopez (9 avqust 1951–9 avqust 1958) Ameriku Tomaş (9 avqust 1958–25 sentyabr 1968) |
Əvvəlki | Dominqas Oliveyra |
Sonrakı | Marselu Kaetanu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vimieyru, Santa-Komba-Dan, Beyra-Alta, Portuqaliya |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Lissabon, Portuqaliya |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi |
Dəfn yeri | Santa-Komba-Dan |
Partiya |
1) Mərkəzçi Xristian Demokratlar 2) (sonradan) Milli birlik |
Təhsili | Koimbra Universiteti |
İxtisası | hüquqşünas |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, pedaqoq, universitet müəllimi[d] |
Atası | Antonio di Oleveyra |
Həyat yoldaşı | evlənməyib |
Uşağı | yoxdur |
Dini | Katolik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | professor (İqtisadiyyat/Siyasi-iqtisad) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyətə yüksəlişi
redaktə1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir.
"Estado Novo"
redaktəSalazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu.
Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi. Salazarın həyata keçirdiyi islahatlar cəmiyyətin yüksək təbəqələri üçün əlverişli olsa da, aşağı təbəqələrin vəziyyəti pisləşirdi. Onun özünə tabe olan və dissidentləri təqib edən gizli polis xidməti (PIDE) var idi. Lakin, digər müasir diktaturalardan fərqli olaraq Portuqaliyada ölüm cəzası tətbiq olunmadığı üçün Salazar rejimi digərlərinə nəzərən daha az qan axıtmışdı.
İkinci dünya müharibəsi dövründə
redaktəİkinci dünya müharibəsi dövründə Salazar orta xətti tutdu. O, diktator olmasına və respublikaçılarla mübarizə dövründə Franko İspaniyasını dəstəkləməsinə baxmayaraq, heç vaxt alman nasistləri ilə əlaqəyə girməmişdi. 1939-cu ildə o, Frankoya İberiya neytralitet Paktını imzalamağı təklif etdi. Lakin, müharibə dövründə o, müttəfiqlərin Portuqaliyaya məxsus olan Azor adalarından hərbi məqsədlərlə istifadə etməsinə icazə vermişdi. Almaniyanı dəstəkləmək Portuqaliyanın Britaniyaya qarşı müharibə elan etməsi kimi qəbul oluna bilərdi ki, bu da portuqal müstəmləkələri üçün təhlükəli idi.
Müharibədən sonra
redaktə1945-ci ildə Portuqaliya Azor adaları, Madeyra, Afrikada Kabo-Verde, San-Tome və Prinsipi, Anqola, Qvineya-Bisau, Kabindu və Mozambik, Hindistanda Diu, Daman və Qoa, Çində Makao və Cənub-şərqi Asiyada Şərqi Timor üzərində nəzarətini saxlayırdı.
Salazar ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu artırmaq istəyirdi və çoxsaylı koloniyalarının olması ona bu imkanı yaradırdı, lakin, eyni zamanda Portuqaliya qapalı dövlət olaraq qalırdı. 1949-cu ildə Portuqaliya NATO-ya qəbul olunur.
1961-ci ildə Hindistanın öz ərazisindəki portuqal müstəmləkələrini ələ keçirməsindən sonra, Salazarın ölümünədək koloniyalar, xüsusilə Afrikada apardığı müharibələr Portuqaliya üçün başağrısına çevrilir.
Vəfatı
redaktə1968-ci ildə öz yay evində stuldan yıxılması nəticəsində keçirdiyi insultdan sonra səhhəti kəskin pisləşən Salazar sentyabrın 27-də prezident Ameriku Tomaş tərəfindən baş nazir vəzifəsindən kənarlaşdırılır. Antoniu Salazar 1970-ci il iyulun 27-də Lissabonda vəfat edir. O, doğulduğu Santa-Komba-Danda dəfn olunmuşdur.