Abide - Wikipedia
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur.
Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər.
Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Əksər tarixi abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən tənzimləmə zonası yaradilir ki, belə zona abidənin mühafizə zonası adlanır.
Haqqında
redaktəAbidə ölkənin, xalqın, bəşəriyyətin mədəni irsinin bir hissəsini təşkil edən obyektdir (arxeoloji, tarixi, incəsənət abidələri və s.). Abidələr insanları və ya hadisələri əbədiləşdirmək üçün yaradılan incəsənət əsərləridir; məsələn, heykəllərdən ibarət qrup, heykəl, büst, relyef və ya yazı həkk olunan lövhə, triumf arkası, sütun, obelisk və s. Abidələrin ən inkişaf etmiş növü memorial tikililərdir. Abidə irsin, dövrün, xalqın, dövlətin nailiyyətlərinin, onun mədəniyyətinin bir hissəsidir.
1983-cü ildə YUNESKO yanında yaradılmış Abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şuranın (İKOMOS) Assambleyasında ümumdünya mədəni irsin müxafizəsi və qorunub saxlanılması məsələlərinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə 18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü elan edilib.
Abidələrin növləri
redaktəAbidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər.
- Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə,
- daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.
Tipləri:
- arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.;
- memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;
- tarixi abidələr — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;
- sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;
- incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;
- qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;
- adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.[1]
Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür.
-
Atəşgah
-
Lahıcda ev
-
Şəki Xan Sarayı
-
Qarabağlar türbəsinin baştağı
-
Bərdədə məscid
İstinadlar
redaktə- ↑ "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu". 2014-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-20.