Ibn Sina - Wikipedia
İbn Sina (fars. ابوعلی سینا، ابن سینا; tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna;[3] təq. 980[1][2][…], Afşona[d], Mavəraünnəhr, Samanilər dövləti[1] – 18 iyun 1037, Həmədan, Kakaveyhilər sülaləsi[1]) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli[4][5] olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir.
İbn Sina | |
---|---|
fars. ابن سینا | |
Doğum adı | أبو علي الحسين بن عبد الله بن الحسن بن علي بن سينا |
Doğum tarixi | təq. 980[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 1037 |
Vəfat yeri | |
Elm sahələri | tibb, fəlsəfə, məntiq, kəlam, poeziya, teologiya, yer haqqında elmlər, elmin fəlsəfəsi, fizika, psixologiya, astronomiya, kimya, geologiya, mexanika |
Tanınmış yetirmələri | Bəhmənyar |
Vikianbarda əlaqəli mediafayllar |
Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s.
Həyatı
redaktəİbn Sina (Avisenna) Buxara şəhərində Fars ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin. Əmirin icazəsini alan cavan oğlan kitabxanada olan bütün kitabları oxuyur. Sonra atası İbn Sinaya elm öyrətmək üçün müəllim tutur. XI əsrdə Buxara xanlığının görkəmli müəllimləri İbn Sinaya dərs verməkdən yayınırlar, İbn Sinanın müəllimlərinə verdiyi sualların əksəriyyətinə cavab tapa bilmədiklərindən ona müəllimlik etməkdən imtina edirdilər.[6] Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur.
17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük Buxara kitabxanası İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur.
18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Elmi işinin ən qızğın çağında İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilmişdi. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək oranı zəbt etmiş, İbn Sinanı azad edib İsfahana aparmışdı. Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qaçmışdı.
İbn Sina qalan 10 və ya 12 il Əbu Cəfərin xidmətində qaldı. Burada həkim , bir elmi məsləhətçisi kimi də işlədi və hətta döyüşlərdə iştirak etdi. Bu illərdə ədəbiyyat və filologiya ilə də məşğul oldu. Həmədan səfərindən sonra şiddətli bir xəstəliyə tutuldu. Həmədandan gəldikdən sonra ona verilən müalicəni yerinə yetirmədi və özünü talehin qismətinə buraxdı. Ölüm ayağında olarkən malları əhaliyə payladı , qulları azad etdi və hər üç gündən bir Quran oxudu. O, 1037-ci ilin Ramazan ayında 57 yaşında öldü. Qəbri Həmədan şəhərindədir.[7]
Onun tibb ensiklopediyası (4 cildlik), müxtəlif fəlsəfəyə aid kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
Elmi fəaliyyət
redaktə"Təbabət elminin qanunu" – (5 cildlik) XII yüzillikdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır:
- 1) qidaya;
- 2) geyimə;
- 3) burun vasitəsilə düzgün nəfəs almağa;
- 4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa;
- 5) xasiyyətini tarazlamağa;
- 6) bədənini "lazımsız tullantılardan" təmizləməyə;
- 7) fiziki və əqli aktivliyə.
Onun bu xarakteristikası günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini heç də itirməmişdir. İbn Sina tibb aləmində ilk psixodiaqnostik olmuşdur. Nəbzə görə xəstənin müayinəsi onun qeyri-adi istedadından xəbər verir. İnsanda vegetativ dəyişikliklərə uyğun insan beyninin vəziyyəti, psixoloji durumu ona bir çox şeyi xəbər verirdi. Sanki sonralar onun bu elmi nailiyyətindən istifadə edərək müxtəlif eksperimentlər aparılmış və "yalan detektoru" kimi aparatlar kəşf olunmuşdur.
İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə deyirdi: "Məni yaradan, məni mən tək idarə etməkdə gücsüzdür, bu xəstəliyi müalicə etmək əhəmiyyətsızdır". Şagirdi onun resepti ilə dərmanı düzgün hazırlamır və 57 yaşlı böyük alim mədə xorasının deşilməsindən dünyasını dəyişir. 1038-ci il 18 iyunda Həmədanda dəfn edilir. 1954-cü ildə onun mavzoleyi açılır.
Fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, tibb və musiqi kimi bilik və bacarığının müxtəlif sahələrində seçilən İbn Sina, riyaziyyat elmində riyazi terminlərin tərifi; astronomiya sahəsində isə həssas müşahidələrin aparılması mövzuları ilə maraqlanmışdır.
Astrologiya və əlkimyaya etibar etməyib Dəyişilmə nəzəriyyəsinin doğru olub olmadığını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə, hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.
İbn Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya, biri cismə müqavimət digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi.
İbn Sina, bu zidd vəziyyəti sezmiş, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil.
İbn Sina, hər şeydən öncə həkimdir və bu sahədəki tədqiqatları ilə məşhurdur. Tibblə əlaqəli bir çox əsər qələmə almışdır; bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar diqqətə layiqdir. Ancaq İbn Sina dedikdə, onun adı ilə bütünləşmiş və Qərb ölkələrində 16-cı əsrin və Şərq ölkələrində isə 19-cu əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmiş "Əl-qanun fit-tibb" adlı əsəri yadımıza düşür.
Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı, anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlar verilmişdir.
İbn Sinanın bu əsəri araşdırıldıqda, mövzuları sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən İbn Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın vacibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yuxarı olduğu üçün dəbdə olmayan cərrahi müalicə ilə əlaqəli nümunələr vermiş və əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir.
Göz ilə də maraqlanmış İbn Sina, dövrünün seçilən fiziklərindən İbn Heysəm kimi, Göz-Şüa Nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının xaricə çıxması, davamlı ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar vermişdir.
Fəlsəfəsi
redaktəDin-fəlsəfə problemi islam fəlsəfəsində qızıl dövrün banisi hesab edilən[8] (65, 137) İbn Sinanın (980–1037) fəlsəfi təlimində ətraflı şəkildə öyrənilmişdir.[9] Farabidə olduğu kimi, İbn Sina da din-fəlsəfə problemi çərçivəsində fəlsəfəyə müstəqil elm olaraq toxunmuş, dinin bəzi etiqad məsələlərinin rasional təsvirini vermişdir. Bəzi tədqiqatçılar (Nəcib Taylan və s.) din-fəlsəfə probleminin həllində İbn Sinanın "rasional" uğurlarından söz açır, onun "din fəlsəfəsi" adlanan təlim yaratdığını iddia edirlər. Bu fikirlə razılaşmayan tədqiqatçılar (Dmitri Gutas, Əli Bulac və s.) vardır. Onlar bildirirlər ki, İbn Sina din fəlsəfəsi təsis etməmiş, əksinə, dinin etiqad ehkamlarını yunan fəlsəfəsinin rasional müddəalarına uyğunlaşdırmaq üçün onları qeyri-ənənəvi üsullarla məzmun dəyişikliyinə məruz qoymaqla ümumi fəlsəfi təlim yaratmışdır. Hər bir halda, İbn Sina fəlsəfəsi uyğunlaşdırıcı fəlsəfədir. O, Aristotel məntiqi, fizika və etikası, yeniplatonçu metafizika və psixologiya, "mürəkkəb" stoisizm məntiqi arasında uyğunluq yaratmaq, bununla da, "birləşdirilmiş" fəlsəfə ilə islamın kosmoqonik, ontoloji və metafizik təlimlərini "barışdırmaq" istəyirdi. Bu səbəbdən bəzi müəlliflər (Əli Bulac, Ömər Mahir Alpər) onu "iki fərqli dünyanın: ellinizm-yunan və Müsəlman dünyasının təmsilçisi" adlandırırlar. İki müxtəlif sahəni: din və fəlsəfəni bir-birinə uyğunlaşdırmağın asan olmayacağını yaxşı başa düşən İbn Sina "tərəflər"i kompromisə getməyə məcbur etməyi fikirləşirdi. Lakin İbn Sina əsərlərinin təhlili göstərir ki, o bu məsələdə fəlsəfəyə daha çox imtiyaz tanımışdı. Sonralar ilahiyyatçı İbn Teymiyyə İbn Sinanın rasional görüşləri haqqında yazacaqdı: "İbn Sina zındıqlardan müsəlmanların dininə aid bəzi şeyləri öyrənməyə başladığı vaxt ağlına güvənərək, bu insanlardan öyrəndiyi bilikləri sələflərindən ona gəlib çatmış (biliklərə) uyğunlaşdırmaq istəmişdi. Bu səbəbdən İbn Sinanın fəlsəfi təlimi sələflərinin nəzəriyyələri və onun bu nəzəriyyələrə etdiyi dəyişikliklərdən ibarətdir. Buraya onun peyğəmbərlik, röyaların simvolik yozumu daxildir. …İbn Sina sələflərinin müzakirə etmədiyi, ağıllarının qavramadığı, sahib olduqları bilik və elmlərin izah edə bilmədiyi… məsələlərdən söz açmışdı…".[10]
Peyğəmbərlik haqqında
redaktəDeməli, İbn Sinaya görə, fəlsəfə mövzu etibarilə bütün varlıqları, o cümlədən Allahı öyrənir. Onun məqsədi isə nəfsi kamilləşdirmək yolu ilə xoşbəxtliyə nail olmaqdır. İbn Sinanın fəlsəfi təlimində dinin mövzusu və məqsədi haqqında danışılır. Filosof belə hesab edirdi ki, insanlar təbiət etibarilə təkbaşına yaşamağa qadir deyillər. Kollektiv həyat tərzini kamilləşmənin şərti hesab edən İbn Sina deyirdi ki, seçilmiş şəxsin, yəni peyğəmbərin vəzifəsi – yaşadığı insanlar üçün ədalət və nizam-intizam qaydaları təsis etməkdir. Elə isə din peyğəmbərin vəhyə əsaslanaraq təsis və təbliğ etdiyi prinsip və qayda-qanunlardır. İbn Sinaya görə, peyğəmbərin insanlara öyrətmək istədiyi başlıca şey hər şeyi yaradan, Mütləq Qadir, gizli və aşkarı bilən Allahı tanımalarıdır. İtaətkarları xoş, asiləri isə pis aqibətin gözlədiyini deyən filosof bu görüşdədir ki, ancaq Allah haqqında biliklərlə məşğul olmaq üçün insanlar onlara çatdırılan ilahi biliyi diqqətlə dinləməlidirlər. İbn Sina Allah haqqında bilikləri "ali bilik" adlandırmış, bütün biliklərin nəticə etibarilə Allahı dərkə xidmət etdiyini bildirmiş, iddialarını isbatlamaq üçün Qurandan dəlillər göstərmişdir.[11] Dinin məqsədi haqqında İbn Sina bildirmişdir ki, din insanlara Allahı və axirəti davamlı xatırlama şüuru aşılayır, peyğəmbərlərin vəfatından sonra bu şüurun yox olmağına əngəl olur. Deməli, insanların ibadət etməsi, cihada çıxması və başqa əməlləri yerinə yetirməsi dində vacib hesab olunur. Bu əməlləri yerinə yetirmək insanlara həmişə Allahı və axirəti xatırladacaq, nəfslərini tərbiyə edəcək, onlara xoşbəxtlik – axirət səadəti və Allahın razılığını qazandıracaqdır.[12]
Məlum olur ki, İbn Sinaya görə peyğəmbərlərin gətirdiyi biliklər əsasında Allahı dərk etmək dinin mövzusudur. Dində vacib hesab edilən əməlləri yerinə yetirməklə nəfs kamilləşir, nəticədə insan Allahın razılığını qazanır, xoşbəxt olur. Amma bizi başqa məsələ düşündürür: Necə oldu ki, İbn Sina dinlə fəlsəfənin mövzu və məqsəd baxımından oxşar olmağı qənaətinə gəldi? Filosofun bizə məlum əsərlərini araşdırdıqda görürük ki, o, fəlsəfəni iki yerə ayırır: "Varlıqlardan bəhs edən, tətbiq etməyimiz deyil, öyrənməyimiz tələb olunan hikmət (fəlsəfə) "nəzəri hikmət" adlanır".[13] "Əməli şeylərdən danışan, həm bilməyimiz, həm də tətbiq etməyimiz tələb olunan hikmətə isə "praktik hikmət" deyilir".[13] Deməli, İbn Sinaya görə, fəlsəfə nəzəri və praktik qollara ayrılır. Varlıq aləminin qayda-qanunlarını və İlk Varlığı öyrənmək nəzəri fəlsəfənin mövzusunu əmələ gətirir. Praktik fəlsəfə isə yerinə yetirilməli vacib məsələlərdə rasional bilikləri tətbiq etməklə praktik fəaliyyəti doğru əməllərlə kamilləşdirməyi öyrənir.
Həm nəzəri, həm də praktik fəlsəfədə qarşıya qoyulmuş məqsəd insan nəfsini nəzəri və praktik üsullarla kamilləşdirmək, bununla da xoşbəxtliyi təmin etməkdir:[14] "Kim öz nəfsini bu iki hikmət növü ilə kamilləşdirərsə, çoxlu fayda qazanar".[15] Deməli, fəlsəfə həqiqi xoşbəxtliyi təmin etmək məqsədilə nəzəri və əməli vasitələrlə kamilləşmə məsələsini tədqiq edir.
İbn Sina göstərmişdi ki, fəlsəfədə olduğu kimi, dinin də nəzəri və praktik tərəfləri vardır. Öyrənməklə varlıqları dərk etmək dinin nəzəri tərəfini əmələ gətirir. "Ən-nicat" kitabında filosof yazır ki, peyğəmbərin gətirdiyi din insanlara, başlıca olaraq, Allahın mövcud olduğunu öyrətmək istəyir. Allaha və atributlarına dair biliklər üstün biliklərdir, odur ki din insanları ancaq belə bilikləri öyrənməyə çağırır. Gəlinən nəticə budur ki, din nəzəri olaraq Allah haqqında biliklərdən ibarətdir. Dinin praktik funksiyası isə nəfsi kamilləşdirməkdir. Beləliklə, filosof mövzu və məqsəd baxımından dinlə fəlsəfənin bir-birinə uyğun gəldiyini istisna etmir. O da qeyd olunmalıdır ki, İbn Sinanın fəlsəfi təlimində din və fəlsəfə ayrı-ayrı sahələr kimi nəzərdən keçirilir.[16] Sual yaranır: Əgər məqsəd və mövzu cəhətdən dinlə fəlsəfə arasında fərq yoxdursa, onda onlardan biri nə üçün əsas götürülməsin? İbn Sina bu məsələyə sələfləri – yunan fi losofl arı və Farabinin fəlsəfi təlimlərində öz əksini tapmış "seçilmişlər və kütlələr" ideyası əsasında münasibət bildirmişdi. O deyirdi ki, dində və fəlsəfədə müraciət olunan insanlar seçilmişlər və kütlələrə ayrılır. Din hər kəsə, o cümlədən kütlələrə xitab edir. Fəlsəfə isə seçilmişlərin elmidir. Seçilmişlər ağıl və dəlildən, kütlələr isə təxəyyüldən istifadə edirlər. Mücərrəd həqiqət və əqli dəlillər seçilmişlərin, maddi sübut və müraciətlər (xitablar) isə kütlələrin işinə yarayır. Deməli, fəlsəfə və dinin tək həqiqətin fərqli "təmsilçilər"i olmağı insanların düşünmə və dərketmə qabiliyyətlərinin müxtəlifliyinə görədir.
Yuxarıda qeyd olunub ki, İbn Sina eyni həqiqətin "təmsilçilər"i olduğu üçün din və fəlsəfə arasında uyğunluq yaratmağın mümkünlüyündən söz açmışdı. Filosof deyirdi ki, mövzu və məqsəddə oxşar olduqları üçün fəlsəfə və din eyni həqiqəti ifadə edir.[17] İbn Sina bu iddianı isbatlamaq üçün fəlsəfəni ayrıca həqiqət olaraq nəzərdən keçirmir, ağılı həm ontoloji, həm də epistemoloji mahiyyət hesab edirdi; ağıl varlıqdır, "südur" nəticəsində Zəruri Varlıqdan (Allahdan) emanasiya yolu ilə meydana gəlmişdir: "İlk Bir"dən ancaq bir olan meydana gəlir ki, bu da "birinci ağıl"dır".[18] İbn Sinanın iyerarxik kosmoqoniya təlimində göstərilir ki, "İlk Bir"in özünü dərk etməsindən "birinci ağıl", sonuncunun Allahı dərk etməsindən "ikinci ağıl", daha sonra Allahın nəzərində mövcudluğu zəruri sayılan nəfs, nəhayət, maddə (cisim) meydana gəlir.[18] Varlıq aləminin sonrakı iyerarxiyasını isə emanasiya yolu ilə meydana çıxan "fəal ağıl", minerallar, bitkilər, heyvanlar və insan əmələ gətirir.
Epistemologiya
redaktəEpistemoloji baxımdan ağılın həqiqəti təmsil etdiyini deyən filosof dərk edən və əməli (təcrübi) ağıl formalarından söz açmışdı. Dərk edən ağıl sayəsində insan başa düşür ki, əsas məqsədi xoşbəxtliyə çatmaq olmalıdır. Bu ağılda bütün varlıqların mahiyyəti haqqında biliklər öz əksini tapmışdır. Maddi varlıqlar haqqında mücərrəd biliklər dərk edən ağıl vasitəsilə nəfsə təlqin edilir. Deməli, bu biliklər həqiqidir. Dərk edən ağıl həqiqi bilikləri – həqiqəti kəsb etmək üçün hər bir maddi və mücərrəd varlığa ümumi mahiyyət gözü ilə nəzər salmalıdır. Ağıl mücərrəd varlıqları necə varsa elə dərk edir, onlara aid təzahürlərindən deyil, mahiyyətdən faydalanır. Maddi varlıqlar haqqında biliklər kəsb etmək üçün onları mücərrədləşdirmək lazım gəlir. Maddi olanın mücərrədləşməsi İbn Sinanın fəlsəfi təliminə görə, idrak prosesinin dörd mərhələsini keçməlidir: Duyğularla başlanan idrak prosesində beyində materiyanın mahiyyəti və təzahür formaları haqqında təsəvvürlər yaranır. İkinci mərhələ xəyalən dərketmə mərhələsidir. Amma təsəvvürlər materiya haqqında bütöv biliklər meydana gətirə bilmir. Çünki xəyalən meydana gələn biliklər materiyanın bu və ya digər təzahür forması haqqında təsəvvürlərdən ibarətdir. İbn Sina idrak prosesinin üçüncü mərhələsini illüzion dərketmə (idrak əl-vəhm) adlandırır. Bu mərhələdə ağıl mücərrəd bilikləri kəsb etməyə yaxın olur. Buna baxmayaraq, üçüncü mərhələ həqiqi biliklərin meydana çıxması üçün kifayət etmir. Nəhayət, idrak prosesi rasional dərketmə ilə başa çatır. İbn Sinaya görə, bu mərhələdə materiyaya aid biliklər onun ayrı-ayrı təzahürlərini deyil, onun özünü bütöv şəkildə təsəvvür etməklə yaranır. Məsələn, bəşəriyyət dedikdə ayrı-ayrı insanlara aid biliklər deyil, küll anlayış – "bəşəriyyət" başa düşülür[19] (36, 178–181; 111, 204; 46, 227; 119, 98–100).
İbn Sinanın fəlsəfi təlimində "ağıllar" nəzəriyyəsi mühüm yerə malikdir. Filosofa görə, dərk olunan varlıqları (mə`qulat) "fəal ağıl" vasitəsilə qavramaq bir neçə zəka səviyyəsi ilə mümkündür; əşya və hadisələri dərk etmək potensial ağıl (əl-əql bil-qüvvə) səviyyəsi ilə başlanır, "qazanılmış ağıl" (ələql əl-müstəfad) səviyyəsinə qədər davam edir. İbn Sinanın "ağıllar" nəzəriyyəsi həqiqi bilikləri kəsbdə ayrı-ayrı təsəvvürlərdən (cüzidən) bütövə (küllə) doğru baş verən idrak prosesini izah etmək, aşağıda görəcəyimiz kimi, insan zəkasının bu prosesdə nisbi rol oynadığını isbatlamaq, ağılın qneseoloji funksiyasını açıb göstərməklə həqiqi biliklərin sintezi "mexanizm"ini şərh etmək baxımından çox əhəmiyyətlidir.
İbn Sina "həqiqi bilikləri ontoloji və epistemoloji cəhətdən təmsil edən ağıl"dan söz açsa da, həqiqəti birbaşa dərkdə onun rolunu şişirtmir. Filosofa görə, ağıl vasitəsilə əşya və hadisələri qavramaq onların mahiyyətini birbaşa dərk etməklə baş vermir. Çünki ağıl başlanğıcda həqiqətin özü haqqında deyil, ayrı-ayrı əlamətləri, təzahür və xassələri haqqında təsəvvürlər yaradır, idrak prosesinin dörd mərhələsindən keçir, nəhayət, həqiqətə dair ümumi biliklər meydana gəlir.
İbn Sinanın idrak təlimində "fəal ağıl" hər şeyi mahiyyətcə birbaşa qavrayan vasitə deyildir. Filosofa görə, ağıl nisbi anlayışdır, həqiqət haqqında bilikləri əlahiddə tərəf olaraq təmsil edə bilmir, varlıqların mahiyyətinə nüfuz etməkdən məhrumdur, ancaq təzahür və xassələri dərk edir. Əlahiddə varlıq kateqoriyası olan ağıl "südur" yolu ilə Ali Varlıqdan törəmişdir. İlk Varlıq ağılın mövcudluğunu vacib edir. Elə isə ağılın mövcudluğu həqiqətin mövcudluğudur, deməli, ağıl həqiqətin özüdür. Həmçinin epistemoloji baxımdan ağıl həqiqəti təmsil edir. İdrak prosesinin dörd mərhələsindən keçən insan "fəal ağıl" səviyyəsinə yüksəlir, ondan birbaşa biliklər kəsb edir. Ağılın kəsb etdiyi biliklər həqiqətə aid olduğundan, ağıl həqiqətin özünü təmsil edir. Buradan belə bir qənaət hasil olur ki, həmin biliklərin məcmusu sayılan fəlsəfə həqiqətin özüdür. Təsadüfi deyildir ki, İbn Sina yaradıcılığında fəlsəfə "əl-fəlsəfə əl-üla" (birinci fəlsəfə) adlandırılır, Allahı öyrənən elm – ilahiyyat kimi təqdim edilir (137, 2–3; 139, 31).
Həqiqət haqqında
redaktəDinin də həqiqəti təmsil etdiyini bildirən İbn Sina onu fəlsəfənin əsasında izah etməyə cəhd göstərmişdir. Bu məqsədlə o, peyğəmbərlik, vəhy, dini biliklərin dil üslubu və tə`vil məsələlərinə münasibət bildirmişdi.[20] İbn Sinanın peyğəmbərliklə əlaqəli görüşlərində Farabinin təsiri hiss olunur. Buna baxmayaraq, İbn Sina peyğəmbərliyi zəruri edən amilləri (səbəbləri) özünəməxsus şəkildə izah etmiş, onun fəlsəfədən üstün olduğunu bildirmişdir.[21] Filosofa görə, peyğəmbərliyi şərtləndirən amillərin bəzisi sosialdır, bəzisi də zərurətdən irəli gəlir. Cəmiyyəti əmələ gətirən insanlar ayrı-ayrılıqda öz maddi tələbatlarını ödəyə bilmədikləri kimi, mənəvi tələbatlarını da fərdi şəkildə ödəyə bilmirlər. Elə buna görə sosiallaşma zərurəti yaranır. Sosiallaşma kafi deyildir, insanların kamilləşib, xoşbəxt olmağı üçün qanunlar təsis edilməli, ədalət təmin olunmalıdır. Bu da öz növbəsində insanlara yol göstərən şəxsin – peyğəmbərin meydana çıxmağını zəruri edir. İnsanları çəkişmələr və konfliktlər içərisində başlı-başına buraxmağın ədalətsizlik olduğunu deyən İbn Sina bu konfliktləri aradan qaldıran şəxsin – peyğəmbərin zühurunu mütləq zərurət hesab edir. Bu mütləq zərurət, həm də ilahi zərurətdir. Çünki Allaha insanlara yaşamaq üçün zəruri sayılan hər şeyi bəxş etmişdir. Zəruri maddi nemətlərlə müqayisədə daha zəruri hesab olunan peyğəmbəri cəmiyyətə bəxş etməmək absurd olmazdımı?! Allahın bunu nəzərə almamağı mümkün deyildir. Elə isə insanlara peyğəmbər göndərmək zəruri işdir.[22] Amma zərurətə baxmayaraq, peyğəmbərlərin sayı məhduddur.[23] Çünki bəşəri xüsusiyyətlər peyğəmbərlik kimi ali məqama çatmağa münasib deyildir. Farabidən fərqli olaraq, İbn Sina peyğəmbəri filosofla eyniləşdirməmiş, əksinə, ondan üstün hesab etmişdir.[22]
Peyğəmbərlərin xüsusiyyətləri haqqında
redaktəİbn Sinaya görə, peyğəmbərliyin üç xüsusiyyəti var. Birinci xüsusiyyət düşünmə bacarığının yüksək olmağıdır (əqli gücdür). İbn Sina hesab edir ki, peyğəmbər "fəal ağıl" səviyyəsinə çatdıqda idrak prosesi olmadan həqiqətə dair bilikləri qazanır: "… düşünməyə ehtiyac hiss etmədən, qısa zaman kəsiyində küll bilikləri intuitiv olaraq kəsb edən ali ruha sahib nadir insanlar mövcuddur ki, onlar da peyğəmbərlərdir. Bu vaxt "fəal ağıl"da olan bütün "dərk olunan şeylər" (mə`qulat) … bir cəhddə peyğəmbərin zəkasına həkk olunur".[24] İbn Sina intuisiyanı təkcə peyğəmbərlərə aid etməmiş, filosoflarda ilham, övliyalarda isə kəramət hallarından danışmışdır. Lakin İbn Sina peyğəmbərlərdə intuisiya halının daha ali olduğunu bildirmiş, peyğəmbərlərin adi insanlardan, o cümlədən filosoflardan fərqli olduğunu demişdir; peyğəmbərlər həqiqət haqqında bilikləri idrak proseslərinə ehtiyac hiss etmədən öyrənirlər, həqiqəti kəsbdə həssas intuisiyadan istifadə edirlər. Peyğəmbərliyin ikinci xüsusiyyəti təxəyyüllə əlaqəlidir. Lakin adi insanların təxəyyülündən fərqli olaraq, peyğəmbərlərdə təxəyyül prosesi xarici aləmdən gələn qıcıq və məlumatlar əsasında meydana çıxır. İbn Sinaya görə, peyğəmbərdə təxəyyül prosesi ətraf aləmlə əlaqədar deyildir. Belə təxəyyül zamanı "fəal ağıl" peyğəmbərə intiqal edir, onun nəfsini dərk edilənlərlə işıqlandırır (işraq), yəni təsəvvürlər axaraq (feyz), nəfsdə yerləşir.[25] Peyğəmbərliyin üçüncü xüsusiyyətinin möcüzəgöstərmə olduğunu deyən İbn Sina iddia edirdi ki, insan bədənindən bütövlükdə asılı olmayan güclü nəfslər Allahın köməyi ilə daha ali məzmun kəsb edir, ətrafdakı bədən və nəfslərə təsir göstərir. Peyğəmbərlərin möcüzələri ona görə vacibdir ki, insanları əməli olaraq kamilləşdirsin. İbn Sina deyirdi ki, peyğəmbərlik həm dərk edilən, həm də əlçatmaz məqamdır. Peyğəmbərliyin əsas məqsədi insanlara doğru yolu göstərmək, xoşbəxtlik bəxş etməkdir; peyğəmbərlik insanları xoşbəxtliyə – həqiqətə çatdıran qurumdur. Bu o deməkdir ki, peyğəmbərlik haqqı öyrədən, təsisatı ehtiva edən din həqiqətin özüdür.
Vəhy haqqında
redaktəDinin həqiqəti ifadə etdiyini deyən İbn Sina öz müddəasını sübut etmək üçün vəhy məsələsinə də toxunmuşdur. Filosofa görə, vəhy mələkdən emanasiya yolu ilə hasil olan və həqiqəti ifadə edən ilahi feyzdir. Vəhy idrak proseslərinə ehtiyac qalmadan peyğəmbərin qəlbinə sızdırılır və peyğəmbər bu sızdırılanları öz təxəyyül bacarığı ilə qavrayır. İbn Sina vəhylə peyğəmbərliyi eyniləşdirmiş və bildirmişdi ki, peyğəmbərlik həqiqəti ifadə vasitəsi olduğundan vəhy həqiqəti təmsil edir[26] (36, 199). Deməli, vəhy həqiqət haqqında bilikdir, elə isə həqiqətin özüdür.
Peyğəmbərlər vəhy vasitəsilə aldıqları ilahi bilikləri sadə xalq kütlələrinə onların başa düşdükləri üslubda çatdırırlar. Çatdırma zamanı elə müraciət forması və dil üslubu seçilməlidir ki, sadə xalq ilahi biliyi başa düşə bilsin. Bu mövzuya toxunan İbn Sina üçüncü məsələ – dini biliyin ifadə olunduğu maddi qabıq, yəni dinin dili (lisan əş-şəriət) məsələsindən söz açır. Bu məsələnin əsas məzmunu ondan ibarətdir ki, dini biliklər xalqın başa düşəcəyi dildə nazil edilmişdir və bu dil bənzətmələr və rəmzləşdirmələrdən (ət-təşbih və ət-təmsil) ibarətdir. Allah və atributları, axirət həyatı kimi irrasional mahiyyətlər haqqında dolğun təsəvvür yaratmaq üçün bu mahiyyətləri insanlara məlum əşyalara bənzətmək, rəmzləşdirmək lazımdır. Allahın qüdrəti və əzəmətini, axirətlə əlaqədar məfhumları, o cümlədən əzab və mükafat anlayışlarını insanların başa düşəcəyi bənzətmələrlə təsvir etmək insan zəkasının qavranılması qeyri-mümkün irrasional (qeybi) məsələləri dərk etməsi üçündür.[27] Həmçinin irrasional olanın rasional – rəmzi izahı ona görə lazımdır ki, metafiziki qeybi mahiyyətləri insanlara olduğu kimi çatdırmaq qeyri-mümkündür. Dini mətnlərdə Allahın mövcudluğu simvolik olaraq kainatdakı kamillik və dəqiqliklə əlaqələndirilsə də, Onun substansiyası heç bir halda izah edilməyib. Amma insan Allaha iman gətirməklə ilahi substansiyaya da inanmış olur. Həmçinin dini mətnlər axirətdə mükafatlandırılma və əzaba dair çoxlu bənzətmə və rəmzi ifadələrlə zəngindir. Əgər bu məsələlər olduğu kimi insanlara çatdırılsaydı, ağıl onları dərk edə bilməzdi. Məhz bu səbəbdən din bənzətmə və rəmzləşdirmə üslubundan istifadə etməklə, insanların ilahi həqiqətləri qavramasını təmin edib.[28]
İrrasional mahiyyət daşıyan məsələlərin dini mətnlərdə rasional ifadəsi, əslində, onu göstərir ki, "ilahi" biliklər öz maddi qabığında bütövlüklə əks olunmayıb; rəmz və bənzətmələr ali mahiyyətin təzahürüdür. Bu səbəbdən ilahi biliklərin dilini zahirən, olduğu kimi qəbul etmək doğru deyildir. Elə isə din dilinin izahına – tə`vilinə ehtiyac yaranır.
Din-fəlsəfə problemi
redaktəİbn Sinaya görə, dinlə fəlsəfənin uyğunluğu iki məsələdə mümkündür: a) mövzu və məqsədlərdə oxşarlıq; b) həqiqəti ifadə. Yəni, din və fəlsəfə istifadə olunan üsullara görə bir-birindən fərqlənsə də, eyni mövzudan bəhs edir, eyni məqsədə can atırlar. İbn Sinanın "Risalə ət-təbiiyyat" (Təbiət elmləri haqqında traktat) adlanan traktatının "Üyun əl-hikmət" (Hikmətin (fəlsəfənin) mənbələri) fəslində fəlsəfəyə belə bir tərif verilmişdir: "Hikmət (fəlsəfə) şeylərin mümkün təsəvvürü, nəzəri və əməli həqiqətlərin təsdiqi ilə insan nəfsinin kamilləşməsidir".[29] Filosofun "əş-Şifa" adlanan başqa əsərinin müqəddiməsində deyilir ki, fəlsəfə "öz imkanları çərçivəsində insan oğlunun varlıqların mahiyyətini öyrənməsi"dir.[30] "Risalə fi əqsam əl-ülum əl-əqliyyə" (Rasional elmlərin növləri haqqında traktat) adlanan kitabın "Hikmətin mahiyyəti" fəslində İbn Sina fəlsəfə haqqında yazmışdı: "Hikmət nəfsin şərəflənib kamilləşməsi, dərk olunan aləmə çevrilməsi və axirətdəki uzaq xoşbəxtliyə hazırlaşması üçün insanın hər bir varlıq haqqında mümkün qədər düşünməsidir".[31] O da maraqlıdır ki, İbn Sina Aristotel fəlsəfəsinin təsiri ilə fəlsəfəni metafizika (əl-fəlsəfə əl-üla) ilə eyniləşdirmiş, "ən üstün olanı (Allahı) öyrənən fəzilətli bilik" adlandırmışdır. Bu tərifdən məlum olur ki, metafizika və ya Zəruri Varlıq fəlsəfənin mövzusunu təşkil edir. Buna görə də İbn Sina fəlsəfənin mövzusu olaraq Allahın və mücərrəd varlıqların mövcudluğunu isbatlamaq, bütün varlıq kateqoriyalarının Allahla əlaqəsini ontoloji cəhətdən izah etmək, insanın kainatdakı məqamını müəyyənləşdirməkdir.[32]
Qeyd olunanların xülasəsi budur ki, İbn Sina yaradıcılığında dinlə fəlsəfə arasında fəlsəfi nöqteyi-nəzərdən körpü yaradılmağa cəhd göstərilmişdir. Din və fəlsəfə vahid həqiqəti tədqiq edən ayrı-ayrı sahələrdir. Onların bir-birinə uyğunluğu ona görə mümkündür ki, həm məqsəd və məzmun, həm də həqiqəti ifadə baxımından oxşardırlar. İbn Sina bir sıra qeyb məsələlərini rasional cəhətdən izah etsə də, bəzi dini anlayışların fəlsəfi məfhumlardan daha ali mahiyyətə sahib olduğunu bildirmişdir. Məsələn, Farabidən fərqli olaraq, İbn Sinaya görə, peyğəmbərlər filosoflardan üstündürlər. Bu üstünlük peyğəmbərlərə xas üç xüsusiyyətlə əlaqədardır: a) üstün düşünmə bacarığı; b) xüsusi təxəyyül bacarığı; c) möcüzəgöstərmə.[33] Bununla yanaşı, İbn Sina dörd məsələdə dinlə fəlsəfənin bir-birinə zidd olmağını iddia etmişdir.
Buraya yaradılma, Allahın hər şeyi bilib-bilməməyi, axirət və peyğəmbərlik məsələləri daxildir.[34] İbn Sina yaradılma məsələsi ilə əlaqədar dini və fəlsəfi təsəvvürləri bir-biri ilə uyğunlaşdırmaq üçün "südur-feyz" (çıxıb-axma) təlimini təqdim etmişdir. Bu təlimin başlıca məzmunu budur ki, bütün varlıq kateqoriyaları, o cümlədən materiya Allahdan Onun iradəsi ilə "çıxmışdır". İyerarxik olaraq materiya Allahdan sonra gəlir. Amma Allahın materiyanın "axıb-çıxması"nı zaman baxımından əvvəl və ya sonra istəməsi mümkün deyildir. Çünki Allah üçün zaman anlayışı yoxdur. Varlıq aləminin Allahdan "axıb-çıxması" qəbul edildiyindən, onun zaman baxımından yaranması mümkün deyildir. Zaman 129 kəsiyi daxilində yaranma Allahın da zamanda mövcud olmağı qənaətini doğura bilər. Bu isə qəbuledilməzdir.[35] İbn Sinanın heç bir əsərində belə bir iddia açıq şəkildə mövcud deyildir. Amma onun "südur" təliminin bu cür izahlara açıq olmağı ənənəvi ehkamçıların nəzərindən yayınmamışdır. Onlar da öz növbələrində fi losofu ilahi kreasionizm anlayışını rədd etməkdə təqsirləndirmişdilər. Allahın hər şeyi bilib-bilməməyi məsələsinə toxunan İbn Sina göstərmişdir ki, Allah öz zatını (substansiyasını) dərk edir. Zatı dərk isə zatın mövcudluğunu zəruri edir. Əgər Allah öz zatını dərk edirsə, deməli, zatından emanasiya yolu ilə "çıxmış" varlıqlardan da xəbərdardır. Odur ki Allah zatını dərk etdiyindən "küll" ona yaxşı məlumdur. Çünki "küll"ü bilmək "küll"ün mahiyyəti ilə əlaqədardır. Allahdan emanasiya yolu ilə "axıb-çıxan" varlıqlar ayrı-ayrı varlıqlardır – "cüzi" varlıqlardır. Belə "cüzi" varlıqların mahiyyətindən Allahın xəbərdar olmağı məsələsində İbn Sina Farabidən fərqli düşünür: Allah həm "külli", həm də "cüzi" varlıqları bilir.[36] Ancaq bu məsələdə bəzi ziddiyyətli məqamlar mövcuddur. Belə ki İbn Sina Allahı həm bilən, həm də bilinən (bilik) adlandırır, bununla da biliklə biləni eyniləşdirir: bilik Allahın substansiyasını (zatını) təmsil edir. Varlıqlar bir-birindən növ baxımından fərqləndiyi üçün onlara dair biliklər də müxtəlifdir. Əşyalar dəyişildikcə əlaqədar biliklər də dəyişilir ki, bu da Allahın substansiyasında (zatında) dəyişilmələrin baş verməsi deməkdir.[37] Bu məsələdə ənənəçilər, o cümlədən Əbu Hamid əl-Qəzali İbn Sinanı tənqid etmiş, "biliyin dəyişilməsi ilə bilənin dəyişilməməyi" ideyasını irəli sürmüşdür. İbn Sinanın ruhun ölməzliyi və axirətin mövcudluğu haqqında görüşləri nə qədər aydın və konkretdirsə,
Qiyamət günü cismən dirilib-dirilməmə məsələsinə dair fikirləri bir o qədər qarma-qarışıqdır. Onun yaradıcılığında ruhun ölməzliyi məsələsinə toxunulsa da, heç bir əsərində Qiyamət günü ruhun bədənə qayıtması haqqında danışılmır.[38] Bir iddiaya görə, İbn Sina "Risalə əl-əhaviyyə" əsərində cismən dirilməni inkar etmişdir.[39] Amma bəzi tədqiqatçılar (Əli Bulac və s.) bildirirlər ki, peyğəmbərlik və vəhyin ecazkarlığı məsələlərinin qızğın müdafiəçisi sayılan İbn Sinanın dinin etiqad prinsiplərindən birini – "bədənlə həşr" prinsipini inkar etməsi ağıla batmır.[38] İbn Sinanın peyğəmbərlik məsələsinə baxışı rasionaldır. O, peyğəmbərlik (vəhy alma) qurumunu özünəməxsus tərzdə – rasional formada izah etməyə cəhd göstərmişdir. Düzdür, İbn Sina peyğəmbəri filosofdan üstün şəxs hesab edir, amma peyğəmbərlik institutunun rasional izahına can atmaqla ənənəvi yanaşmaya qarşı çıxır, rasional şərhlərlə ilahi aləmə nüfuz etməyə çalışır.
Xülasə, İbn Sinanın fəlsəfi təlimində din və fəlsəfə problemi əhəmiyyətli yer tutur. Yaradıcılığı ilə tanışlıq bunu deməyə əsas verir ki, İbn Sina dinin Allah, peyğəmbərlik və axirət məsələlərinə səmimi qəlbdən iman gətirmiş şəxsiyyətdir. Amma fəlsəfə vurğunu İbn Sinanı ultrarasionalist hesab edən müəlliflərlə (İbrahim Agah, Nəcib Taylan və s.) yanaşı, onun rasionallığına ehtiyatla yanaşan tədqiqatçılar da (Bilal Koşpinar və s.) vardır. 131 olan İbn Sina din və fəlsəfə probleminə münasibətdə ənənədən kənara çıxmış, irrasional məsələləri rasional üsullarla izah etmiş, vəhy kimi fövqəltəbii hadisəni "fəal ağıl"la əlaqələndirmiş, ilahi kreasionizm təliminə yenidən nəzər salmış, müsəlman ilahiyyatçıları tərəfi ndən rədd edilən "feyz-südür" təlimini yaratmışdır. Bütün bunlara baxmayaraq, İbn Sina islama sadiq fi losofdur. Ən azından, onun tərəfi ndən bərahimilərin peyğəmbərliyi inkar edən iddialarını puça çıxaran "rəddiyyə"lərin yazılması faktı bunu sübut edir.
Poeziya
redaktəBu gün dostum düşmənimlə bir idi.
Gərəyim deyil zəhər qatılmış şəkər!
Bu cür dostla etməyim dostluq gərək:
Pərvanədən qaç, əgər sürünənlə olmuşsa
— İbn Sina
Şərab — bizə dostdur, amma içində namərd yaşar:
Çox içərsən — zəhər, az içərsən — dərman.
Vurma özünə izafi zərər;
Qaydasında iç ki, uzatsın həyat səltənətin...
— İbn Sina
Kəlamlar
redaktəSüfrədə nə qədər az, şərab piyaləsinə toxunarsa əl,
Döyüşdə həm sənətdə o qədər qüvətli, kəsərli olar.
— İbn Sina
Həkim şahin baxışına, qız əlinə, ilan müdrüklüyünə və aslan ürəyinə malik olmalıdır.
— İbn Sina
Təbib gərək zəngin libas geyinsin, barmağına qiymətli üzük taxsın, ən yaxşı ata malik olsun ki, gündəlik çörək haqqında fikirlər onu xəstəyə qayğıdan yayındırmasın.
— İbn Sina
Hikmət üçün deyilir: qiymətsizdir o,
Amma ona cahanda bir quruşda verməzlər.
— İbn Sina
Həmçinin bax
redaktəMənbə
redaktə- Eminağa Məmmədov, Rəna Babayeva — KLASSİK MƏNTİQDƏ MODAL TƏKLİFLƏR HAQQINDA: NƏSİRƏDDİN TUSİ VƏ İBN SİNA. Journal of “History of Science”, Cild 1, Say 1, Sıra I, 2020. Tam mətn
- Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 114–131.
- 100 böyük türk. Bakı, 1991. Səh.50–51.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Авиценна (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 82.
- ↑ 1 2 Сина, Абу-Али ибн-Хусейн ибн-Абдалла ибн- (rus.). // Еврейская энциклопедия СПб: 1913. Т. 14. С. 254.
- ↑ Ависенна // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 41.
- ↑ Ravil Bukharaev, Islam in Russia: The Four Seasons, Palave Macmillan, 16 Eyl 2000, p.95
- ↑ Theodore Craig Levin, The Hundred Thousand Fools of God: Musical Travels in Central Asia (And Queens, New York), Indiana University Press, 1996
- ↑ ELMƏ HƏZRƏTİ MƏHƏMMƏD (Ə) QAYĞISI Arxivləşdirilib 2012-11-24 at the Wayback Machine, Akademik Budaq Budaqovun şəsi web portalı.
- ↑ 100 böyük türk. Bakı, 1991. səh.51.
- ↑ Gutas Dimitri. İbn Sinanın mirası / M. Cüneyt Kayanın tərcüməsi ilə. İstanbul: Klasik yayınları, 2004, s.137.
- ↑ عبد الرحمن بن خلدون. مقدمة ابن خلدون. تحقيق: حامد أحمد الطاهر, s. 177.
- ↑ .ابن تيمية. كتاب الرد على المنطقيين. الهور: إدارة ترجمان السنة، s.144.
- ↑ حسن عاصي. التفسير القرآني و اللغة الصوفية في فلسفة ابن سينا. s. 151.
- ↑ 137 .ابن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب
- ↑ 1 2 .أبحاث ندوة "نحو فلسفة إسالمية معاصرة. من إصدارات المعهد العالمي s. 136.
- ↑ Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s.167.
- ↑ .أبحاث ندوة "نحو فلسفة إسالمية معاصرة. من إصدارات المعهد العالمي s. 136.
- ↑ Arslan Ahmet. İbn Sina ve Spinozada Felsefe-din ilişkileri / İslâm Felsefesi Üzerine. Ankara: "Vadi", 1996, s. 382
- ↑ Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 170–171.
- ↑ 1 2 .إبراهيم مصطفى إبراهيم. مفهوم العقل في الفكر الفلسفي. بيروت: دار s. 72.
- ↑ Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 178–181.
- ↑ Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, 190.
- ↑ . Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967.
- ↑ 1 2 ابن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب s. 239–241.
- ↑ ابن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب s. 239.
- ↑ Gutas Dimitri. İbn Sinanın mirası / M. Cüneyt Kayanın tərcüməsi ilə. İstanbul: Klasik yayınları, 2004, s.40.
- ↑ .أبو علي بن سينا. االشارات والتنبيهات. مع شرح نصير الدين الطوسي.
- ↑ . Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 199.
- ↑ بن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب s. 239.
- ↑ Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 202.
- ↑ بحاث ندوة "نحو فلسفة إسالمية معاصرة. من إصدارات المعهد العالمي للفكر اإلسالمي، 1994 s. 135.
- ↑ ابن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب وتبويب محمد اسماعيل حزين. بدون مكان و تاريخ االصدار، s. 157.
- ↑ بحاث ندوة "نحو فلسفة إسالمية معاصرة. من إصدارات المعهد العالمي للفكر اإلسالمي، 1994 s. 137.
- ↑ ابن سينا. كتاب الشفاء. االلهيات. موقع الفلسفة اإلسالمية. تصويب وتبويب محمد اسماعيل حزين. بدون مكان و تاريخ االصدار، s. 2–3.
- ↑ Kuşpinar Bilal. İbn-i Sinada bilgi teorisi. Ankara: MEB yayınları, 2001, s. 147–148.
- ↑ Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967, s. 105.
- ↑ Sayılı Aydın. İbn Sina – doğumunun bininci yılı armağanı. Ankara: Türk Tarih Kurumları Yayınları, 1984, s. 14–15.
- ↑ Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 121.
- ↑ . Çubukçu İbrahim Agah. İbn Sina. http://www.biltek.tubitak.gov.tr s. 12.
- ↑ 1 2 Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 136.
- ↑ Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967, s. 105.
- ↑ "Arxivlənmiş surət". 2013-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
Xarici keçidlər
redaktə- "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.