Cinar Reqs Ansambli - Wikipedia
"Çinar" rəqs ansamblı — 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılmış qızlardan ibarət xalq rəqs ansamblı[1].
Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi olmuşdur[2].
"Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoymuşdur. Sonralar ansamblın ifasında "Bənövşə", "Ceyran" rəqsləri yaranmışdır.
Müvəffəqiyyətləri
redaktəYarandığı müddətdən 3 ay sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. İlk qastrol səfərində müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar. Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadakı müvəffəqiyyətindən sonra "Çinar"a xalq ansamblı adı verildi. Ansamblın fəallarından dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü[3].
1970-ci illərdən başlayaraq "Çinar" həm ölkədə və həm də xaricdə tanınmağa başladı. "Çinar" xalq rəqs ansamblı bir sıra müsabiqələrdə, festivalda müvəffəqiyyətlə çıxış edərək, özünün nəyə qadir olduğunu dəfələrlə sübut etmişdir.
Ansamblın yaradıcılığı haqqında C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qızlar, rəqs edin!" sənədli filmini çəkilmişdir. "Çinar" xalq rəqs ansamblı Moskva, AFR, Polşa və Əlcəzair televiziyalarında da efirdə olmuşdur[1].
Müasir dövr
redaktəHazırda "Çinar" xalq rəqs ansamblının rəhbəri Əminə xanım və ansamblın keçmiş solisti, Azərbaycan Tibb Universitetinin məzunu Nərgiz Abdullayevadır.
Ansambl bu günə kimi Türkiyədən başlayaraq, Fransa, Əlcəzair, Seneqal, İran, Polşa, Macarıstan, Bolqarıstan, Almaniya, Yuqoslaviya, Rusiya, Ukrayna, Gürcüstan, İsraildə konsert proqramları ilə şıxış etmişdir. Azərbaycanın şəhər və rayonlarının, kənd və qəsəbələrinin böyük əksəriyyətini qarış-qarış gəzmiş, "Yallı", "Dolayı", "Ceyrani", "Vağzalı-mirzəyi", "Qavalı" və digər Azərbaycan xalq rəqslərini ifa etməklə tamaşaçıların rəğbətini qazanmışdır.
"Sarı gəlin" rəqsi
redaktə1990-cı ildə Əminə xanım "Sarı gəlin" Azərbaycan xalq mahnısı əsasında rəqsə quruluş vermişdir. Rəqsin quruluşuna görə səhnədə qızılı paltar geyinmiş üç qız oynayır. Rəqsin təqdimatı Türkiyədə olmuşdur. Rəqs tamaşaçıların rəğbətini qazanmışdır[4].
İstinadlar
redaktə- ↑ 1 2 "Tələbə həyatı / Çinar rəqs ansamblı". 2012-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.
- ↑ "Rəqs ansamblları". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.
- ↑ "Bir ömrə şahidlik edən xatirələr". 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.
- ↑ Sədaqət Yusifqızı [ölü keçid]