Rusiyanın Ukraynaya aşkar hərbi müdaxiləsi dünyada yeni siyasi mənzərə yaradıb. “Kim kimin marağını müdafiə edir” prinsipi əsasında cəbhələşmə baş verib. 40 dövlət Ukraynanı müdafiə edir, ona açıq-aşkar yardım göstərir. Rusiyanı isə ən çox Çin müdafiə edir. Rəsmi Pekin Ukraynanın həm ərazi bütövlüyünü tanıdığını bildirir, həm də Rusiyanın təhlükəsizliklə bağlı irəli sürdüyü yarımçıq iddianı dəstəkləyir. Bundan başqa, Ukrayna məsələsində anti-Rusiya koalisiyasının sanksiyalarına qoşulmur, əksinə, bu ölkədən neft ixracını artırır, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirir.
Əslində, Çin ərazi bütövlüyünün təmin olunması iddiası ilə çıxış edir. Bu istiqamətdə Tayvanı davamlı olaraq hərbi müdaxilə ilə hədələyir. Rəsmi Pekin Rusiyanı dəstəkləməkdə davam edərsə, perspektivdə Çinin adaya müdaxiləsi də baş verə bilər. Bu halda Çinin Rusiyanın vəziyyətinə düşməsi ehtimalı az deyil. Odur ki, Çinlə Rusiyanı, Ukrayna ilə Tayvanı qısa müqayisə edək. Çinin iqtisadiyyatı Rusiyanınkından dəfələrlə böyükdür. Rəsmi Pekin Tayvanı öz ərazisi sayır, onu materikə birləşdirmək istəyir. Çinin hədəfi dünyanın bir nömrəli iqtisadiyyatına malik olmaqdır və bir çox parametrlər üzrə buna nail olub. Hətta tezliklə ABŞ-ı keçəcəyi ehtimal edilir. Çinin dünya ilə iqtisadi əlaqələri daha genişdir. Bu ölkə yüksək texnologiyaya malikdir. Rusiya isə Qərb dövlətləri, Yaponiya, Cənubi Koreya, Çin və başqalarının məhsullarını lisenziya ilə istehsal edir, yəni daha çox istehlakçı dövlətdir. Bu ölkənin iqtisadiyyatı neft, təbii qaz və silah satışından əldə edilən gəlir hesabına formalaşır. Bir sözlə, Çin bütün göstəriciləri ilə Rusiyadan güclüdür.